Koronavirus kosmetika bazarını da "vurdu" – Reportaj

12:29 24.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gündür Çindən gətirilən qadın kosmetika məhsullarında qiymət artımlarının kəllə-çarxa çıxdığı bildirilir. Səbəb kimi isə 2020-ci ilin “baş bəlası” olaraq ad çıxarmış “Koronovirus” (CV-19”) göstərilir.

Qiymətləri və artımları yerində araşdırmaq və hafta.az-ın obyektivindən baxmaq üçün paytaxtdakı kosmetika studiyalarına və mağazalarına üz tutduq.

Gözəllik salonlarında virus qorxusu varmı?..

Gözəllik salonlarında vəziyyət stabildir. Onlar müştərilərin “davamiyyətində” hər hansı problem olmadığını bildirdilər. Üstəlik studiyalarda Avropadan gətirilən kosmetik vasitələrlə yanaşı, müştərilərin sifarişlərində Çin məhsullarından da istifadə olunur. Əsasən də saçrəngləmə, saç rənginin dəyişdirilməsində... Yəni, gözəllik salonlarında “Koronovirus” təhlükəsi yoxdur. Müştərilər əvvəlki günlərdə olduğu kimi adıçəkilən məkanlara üz tuturlar.

Burada çalışan ustaların sözlərinə görə ucuz sifarişlərdə əsasən Çin məhsullarından istifadə olunur. Özəl müştərilər üçün Avropadan gətirilmiş xüsusi vasitələr tətbiq olunur. İşçilər Çin məhsullarından istifadəyə görə əlavə qiymət tələb etmədiklərini deyirlər. Çünki aldıqları məhsullarda cüzi qiymət artımları olduğunu vurğulayırlar.

Bəzi kosmetoloqlar isə bunun əksini deyir. Əsasən ucuz sifarişçilərlə işləyən kosmetoloqlar hazırda qiymətlərin ikiqat artdığını, səbəb kimi isə Çində istehsal olunan kosmetik vasitələrin satış mərkəzlərində “yoxa çıxması” ilə əlaqələndirirlər.

Satış mağazalarında vəziyyət necədir?

Satıcıların sözlərinə görə üz kremləri və üz maskaları kimi gözəlləşdirici vasitələrdə bahalaşma 2 qat artıb. Onlar bunu Çindən gətirilən məhsulların sərhəddən buraxılmaması və təlabatın çoxluğu ilə əlaqələndirirlər. Bəzi mağazalarda isə artım 50 faiz həcmində müşahidə olunur. Satıcılar CV-19 virusu ilə əlaqədar olaraq alıcı qıtlığı və ehtiyatlılığı da yaşadıqlarını bildirdilər.

Qiymət artımı olmayan məhsullar da var...

Paytaxtdakı bir neçə kosmetik dükan və mağazalara da baş çəkdik. Onlar Koronovirusdan əvvəl gətirdikləri məhsullarda heç bir bahalaşmanın olmadığını söylədilər. Onu da əlavə etdilər ki, gündəlik istifadə olunan məhsullarda hər hansı qiymət artımı yoxdur. Amma alıcı qıtlığı yaşayan satıcılar da az deyil. Onlardan bir qismi virus xəbərinin gündəlik qazanclarına 25-30 faiz həcmində mənfi təsir göstərdiklərini də söylədilər. Əl kremləri, üz və dırnaq boyaları kimi vasitələrdə hər hansı qiymət artımının olmadığını vurğuladılar. Hətta bəzi dırnaq boyaları indi daha ucuz qiymətə təklif olunur. Çində istehsal olunan bədən təravətləndirinci kremlərdə də qiymət artımı müşahidə olunmadığı bildirilir.

Sosial rubrikasından digər xəbərlər