Koronavirus ondan sağalanlarda hansı fəsadlara yol açır? - Araşdırma

14:07 25.03.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hazırda bütün dünya dövlətləri koronavirusun yeni növü ilə bağlı yaranmış pandemiya şəraitində 16 mindən çox can alan bu bəla ilə mübarizəyə milyardlarla dollar vəsait xərcləyir. Dünyanın əsas səhiyyə institutları koronavirusa qarşı effektli təsirə malik vasitənin tapılması üzərində aylardır baş sındırırlar. Lakin əldə olunan ən yaxşı nəticə, sadəcə insanların bu virusdan qorunmaq üçün özlərini təcrid etmələri və gigiyenik qaydalara riayət etmələridir.   

Bir çoxlarını isə başqa bir sual maraqlandırır. Artıq virusa yoluxan minlərlə insanın ona qalib gələrək sağaldığı deyilir. Bəs görəsən, koronavirus ondan sağalan insanlarda gələcəkdə hansısa fəsadlara yol aça bilərmi? 

Hafta.az bu məsələ ilə bağlı dünyada aparılan bir neçə araşdırmanın nəticələrini təqdim edir.

South China Morning Post qəzeti Honkonqda fəaliyyət göstərən səhiyyə idarələrinə istinadən bildirir ki, Kovid-19-dan sağalanan xəstələrdə gələcəkdə ağciyərlərdə ciddi fəsadlar, həmçinin tez-tez yeriyərkən boğulma halları müşahidə edilə bilər.

Həkimlər prinsessa Marqaret xəstəxanasında sağalan 12 virus daşıyıcısının sonrakı vəziyyətlərini araşdırıblar.

"Onlar sürətlə gedərkən boğulurdular. Bəzi xəstələrdə koronavirusdan sağalandan sonra ağciyərlərin funksional fəaliyyətində 20-30 faiz azalma müşahidə edilir" - deyə mərkəzin sədri Ouen Szen bildirib.

Ekspertin sözlərinə görə, bununla belə,uzunmüddətli zaman kəsiyində virusun sağalan insanların ağciyərlərinə hansı səviyyədə təsir etməsi ilə bağlı dəqiqləşdirmələr aparılmalıdır. Misal olaraq, mütəxəssislər COVID-19-un ağciyər fibrozunun inkişafına nə dərəcədə təsir edə biləcəyini araşdırmaq niyyətindədirlər. (Ağciyər fibrozu və ya idiyopatik fibrozinq alveoliti ağciyər interstitiumunun (alveolun içərisində olan yumşaq lifli toxumanın) və hava sahələrinin iltihabı və fibroziyası (birbaşa əlaqəli normal toxumanın dəyişdirilməsi) ilə xarakterizə edilən bir ağciyər xəstəliyidir. Bundan əlavə, ağciyər toxumasının struktur və funksional birləşmələrinin dağılması, qaz mübadiləsinin pozulması və tənəffüs çatışmaması nəticəsində yaranır).

Qeyd edək ki, fibroz sağalan bir xəstəlik deyil. Dəyişkənliyə məruz qalan ağciyər toxumaları bir daha bərpa olunmur. Lakin ilkin mərhələdə müəyyənləşdirilməsi onun inkişafının qarşısını almağa yardım edir. 

Ouen Szen virusdan sağalanlara ağciyərlərin fəaliyyətinin bərpasını, həmçinin ürək-damar sisteminin normal fəaliyyətinə yardım edəcək fəaliyyətlərə üstünlük vermələrini tövsiyyə edib. Buna misal olaraq o, üzgüçülüyü nümunə göstərib.  

Bundan əvvəl isə, çinli alimlər koronavirusun nəzəri cəhətdən kişilərin repraduktiv sağlamlığına da zərər yerinə yetirə biləcəyini açıqlayıb.

Covid-19-un səbəb olduğu pnevmaniya bir qayda olaraq sağaldıqdan sonra çətinliklər yaratmır. Bu fikirləri isə Çin Elmlər Akademiyasının üzvü Van Fuşen deyib.

Onun sözlərinə görə, xəstəlik çox zaman insan sağlamlığında heç bir iz qoymadan keçib gedir. Buna görə də təşvişə səbəb yoxdur. Lakin virusun ağır nəticələri özünü ondan sağalan yaşlı insanlarda sonradan büruzə verə bilər.

Bir sevindirici xəbər odur ki, koronavirusa təkrar  yoluxma riski çox azdır. Sağalanlarda ona qarşı immunitet yaransa da, insanların xəstəliyə qalib gəldikdən sonra özlərini necə hiss etmələrinə dair tam informasiyalar mövcud deyil.

Türkiyəli professor Ateş Karanın da koronavirus sonrası insanları gözləyən təhlükə ilə bağlı fikirləri maraqlıdır.  

"Bu xəstəliyi heç də ciddiyə almamaq tamamilə yalnışdır. Koronavirus ağır və ölümcül bir xəstəlikdir. Evdə qalmanız vacib şərtdir. Xəstələrin bir çoxları sağalsa da, onların ağciyərlərində zədələr qalır. Bir futbolçu bu xəstəliyə yoluxarsa, həyatının qalan qismində bir daha futbol oynaya bilməmə ehtimalı çox yüksəkdir".

Apardığımız kiçik araşdırmadan da məlum olur ki, virusa qalib gəlsək belə onun təsirlərini ömrümüzün qalan qismində də hiss edəcəyik. Bu səbəbdən ən yaxşı yol koronavirusa yoluxmamaqdır. Buna isə dövlətimizin elan etdiyi qadağalara və tövsiyyələrə ciddi riayət edərək nail ola bilərik.

Oxunma sayı 125
Gündəm rubrikasından digər xəbərlər