Koronavirus təhlükəsi - necə qorunaq? - Əməl etməli olduğumuz tövsiyyələr

15:42 25.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Koronovirus infeksiyası bütün dünyada öz qorxunc təlaşını göstərməyə başladı. Bir çox ölkələrdə yoluxanların bir qismi həyatını itirdi, bir qism yoluxanların da sayı gündən-günə artmaqda davam edir. Bu virus öz əhatə dairəsini genişləndirərək artıq Azərbaycana qonşu ölkə olan - İranda da can aldı. 

İranda bu xəstəliyin yayılmasından sonra, İran- Azərbaycan sərhəddində bir neçə sərhəd keçid məntəqələrində  məhdudiyyətlər tətbiq edildi.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yayılmasını "beynəlxalq əhəmiyyətli fövqaladə vəziyyət" elan edib. Çindən başqa, Avstraliya, Kanada, Fransa, Honq Konq, Makao, Malayziya, Yaponiya, Sinqapur, Cənubi Koreya, Tayvan, Tayland, Vyetnam, ABŞ və İtaliyada da virusa yoluxma halı qeydə alınıb.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva mətbuata  açıqlamasında isə Azərbaycanda ölümcül virusa yoluxma faktının olmadığını təsdiqləyib, lakin belə bir ehtimalın istisna edilmədiyini də vurğulayıb:

“Bu, hava-damcı yolu ilə yayılan infeksiyadır və təmasla ötürülə bilər. Artıq heç kim, xüsusən də bir çox ölkələrdə qeydə alındıqdan sonra deyə bilməz ki, hansısa konkret ölkədə koronavirusun yayılma təhlükəsi yoxdur. Yalnız onu deyə bilərəm ki, virusun ölkəmizə daxil olmasının qarşısını almaq üçün dövlət bütün lazımi tədbirləri görür və genişmiqyaslı profilaktik iş aparılır”.

Azərbaycanda koronavirusla bağlı Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssislər İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən “Astara” və “Biləsuvar” buraxılış məntəqələrinə səfər ediblər.

Koronavirusun yayılması təhlükəsinin qarşısını almaq üçün həyata keçirilən tədbirlər Çin Xalq Respublikasında COVİD-19 koronavirus infeksiyasının yayılmağa başladıqdan sonra mümkün risklərin və onun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Nazirlər Kabineti tərəfindən müvafiq komissiyası yaradılıb, yanvarın 30-da Fəaliyyət Planı təsdiqlənib. Virusun yayılmasının təhlükəli miqyas almağa başladığı ilk gündən Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarda profilaktik tədbirlərin həyata keçirilməsinə başlanılıb. Sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır,  Hazırda Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətə götürülüb, aidiyyəti qurumlar gücləndirilmiş rejiminə keçiblər.

Bəs xəstəliyin simptomları hansılardır?

Ekspertlərin sözlərinə görə, koronavirusun simptomları soyuqdəymə və ya qrippin əlamətlərini xatırladır: halsızlıq, baş ağrısı, öskürək,  bədən hərarətinin yüksəlməsi.  Virus daha çox yaşlı və immuniteti zəif insanlara təsir göstərir.          Virusun inkubasiya dövrü 14 gün təşkil edir və bu müddət ərzində onun sağlam insana keçmə ehtimalı qalır.

Virusa yoluxanlar, həmçinin, əzələ ağrısı və tənəffüs problemindən şikayət ediblər. Diareya, ürək bulanması kimi hallar da müşahidə olunur. Koronavirus daha çox damcı yolu ilə, insan öskürəndə və asqıranda  keçir. Hətta istənilən çirkli yerə toxunduqda virusa yoluxma ehtimalı mümkün olur. Buna görə də çirkli yerlə təmasdan sonra əlin ağıza, buruna və ya gözə vurulması təhlükəlidir.

Həkimlərin məsləhitə görə, Azərbaycanda hər hansı yoluxma faktı qeydə alınmasa belə, hər ehtimala qarşı aşağıdakı qabaqlayıcı tədbirləri görməyi vacibdir:

Vətəndaşlar xəstəliyin müşahidə olunduğu ölkələrə səfər etməkdən, kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinməlidirlər. Əllər tez-tez yuyulmalıdır. Xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra bu prosedura mütləq şəkildə əməl olunmalıdır; Xəstəliyin simptomları müşahidə olunan şəxslər öskürərkən və asqırarkən məsafə saxlamlı, ağız və burnu kağız dəsmal və ya dirsək bükümü ilə bağlamalıdırlar; Xəstəliyin simptomları ilə bağlı şübhə yarandığı halda, dərhal həkimə müraciət olunmalıdır; Vətəndaşlar üzərlərində dezinfeksiya vasitələri gəzdirməsi və ondan istifadə etməlidirlər; İnsanların çox olduğu yerlərdə, məsələn hava limanlarında, metroda və s. xüsusilə ehtiyatlı olmaq lazımdır.

Maskalar qoruyurmu?

Professor Adil Qeybulla hafta.az-a bildirib ki, bu kimi məqamlarda mütləq tibbi maskalardan istifadə edilməlidir:

“Təbii ki, tibbi maskalar təhlükənin qarşısını alır. Tibbi maskalar insanı qarşısındakı birinin asqırmasından, öskürməsindən qoruyur. Əgər o maska tibbi göstərişlidirsə, o mütləq şəkildə hava-damcıdan qoruyucu xüsusiyyətə malikdir. O maskalardan cərrahlar əməliyyat masasında da istifadə edir. Bəzi xəstələr var ki, yoluxucu xəstəlikləri olur. Onların əməliyyatında da cərrahlar həmin tibbi maskalardan istifadə edirlər.

Ancaq bu maskalar gün ərzində tez-tez yenilənməlidir. Tez-tez asqıran, öskürən insanlar yaxşı olar ki, hər yarım saatdan bir maskanı yeniləsin. Hansısa xəstəliyə, virusa yoluxmamaq üçün taxılan maska isə 1-2 saatdan bir dəyişdirilməlidir. Əgər maska nəm olubsa, həmin dəqiqə əvəzlənməlidir”.

A.Qeybulla hesab edir ki, təkcə maska taxmaqla qorunmaq mümkün deyil:

“Hazırda təəssüf ki, tibbi maskaların indeksi yaradılıb. Hamı elə hesab edir ki, tibbi maska taxmaq kifayət edir ki, virusa yoluxmayasan. Ancaq belə deyil. Vətəndaşlar xüsusilə ictimai nəqliyyatda ehtiyatlı olmalıdır. Evə, iş yerinə daxil olarkən əllər mütləq şəkildə yuyulmalıdır. Asqıran, öskürən insanlardan uzaq gəzmək, əhalinin sıx toplaşdığı yerlərdə olmamaq lazımdır”.

Tanınmış həkim-psixoterapevt  Əli Nağıyev isə deyir ki, ilk növbədə hər bir qrip halında poliklinikalara getməliyik:

“Koronavirusla bağlı spesifik profilaktika, vaksinasiya hələ ortada olmadığı üçün xəstəlikdən qorunmaq üçün qeyri-spesifik profilaktika növündən istifadə edilməlidir. Yəni immuniteti gücləndirən vasitələrindən yararlanmalıyıq. Çoxlu maye qəbul etməli, sarımsaq və soğandan daha çox istifadə etməliyik. Tibbi profilaktika növlərindən biri də fiziki aktivlikdir. İdmandan vaz keçilməməlidir. Açıq havada daha çox gəzmək lazımdır. İş mühitində öskürən, asqıran, burnu axan varsa, o adamlardan uzaq durmalıyıq. Xəstələrdən tibbi maskalardan istifadə etmək, işə çıxmamaq tələb olunmalıdır. Televiziyalarda çıxışlarım zamanı hər dəfə bu məqama diqqət çəkirəm. Qorxu bizi daha çox öldürür, nəinki xəstəliyin özü. Təşviş halı immunitetimizi zəiflədir. Təşvişə o mənada əsas yoxdur ki, il ərzində qripdən ölənlərin sayı 200 nəfər olsa da, avtomobil qəzasında həyatını itirənlərin sayı bundan dəfələrlə çoxdur. Vaxtı ilə “Hepatit C” virusundan qorxanlara da deyirdim ki, alkoqolun məhv etdiyi insanların sayı bu virusun öldürdüyü insanların sayından 10 dəfə artıqdır. Qorxu o vaxt olar ki, səndə xəstəlik əlamətləri müşahidə olunsun. Əslində o halda da qorxmaq yox, gecikmədən evə təcili tibbi yardım çağırmaq lazımdır. Ağır hallara düşməmək üçün xəstəliyin ilk günlərində həkim nəzarəti vacibdir. Fərdi səviyyədə edə biləcəyimiz bunlardır. Dövlət və səhiyyə sistemi öz işini görür”.  

Ölkədə virusun geniş yayıla biləcəyi yerlər – məktəblər

Nazirlikdən hafta.az-ın sorğusuna cavab olaraq bildirdilər ki, Təhsil Nazirliyi respublikanın rayon və şəhər təhsil şöbələrinə (idarələrinə) koronavirusla bağlı müvafiq tapşırıqların icrasına dair təlimati məktub ünvanlayıb.

Təlimat məktubda məktəb direktorları qarşısında aşağıdakı tələblər qoyulub:

Ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi;

Ümumi təhsil müəssisələrində şagirdlər arasında respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlərin ambulator müalicəyə yerləşdirilməsi;

Ümumi təhsil müəssisələrinin tibb otaqlarının (olduğu təqdirdə) zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılması;

Ümumi təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması;

Ümumi təhsil müəssisələrində aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması;

Ümumi təhsil müəssisələri tərəfindən təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması.

Əldə etdiyimiz məlumata görə, artıq orta məktəblərdə nazirliyin təlimatına uyğun olaraq tədbirlər görülür. Sinif otaqlarında dezinfeksiya işləri aparılır. Səhhətlərində problem olan uşaqların ambulator qaydada müalicəsinə şərait yaradılır. 

 

Oxunma sayı 257