“Azərbaycan həqiqətlərinin Rusiyada yayılması istiqamətində çox iş görmüşük“

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt

Gülnarə Hüseynova: “Rossiyskaya qazeta“ ilə əməkdaşlıqdan razıyıq“

Azərbaycanda söz, mətbuat azadlığı özünü ölkəmizdə müxtəlif dillərdə nəşr olunan mətbuat orqanlarının mövcudluğunda da göstərir. Bu gün Azərbaycanda istənilən dildə qəzet, kitab, jurnal nəşr etdirmək üçün zərüri hüquqi-normativ baza yaradılıb. Onlar arasında daha çox diqqəti cəlb edənlər isə rusdilli mətbuatımızdır. Məlumdur ki, Rusiya və Azərbaycan humanitar sahədə çox geniş əməkdaşlıq edir və ölkəmizdə rus dilinin təbliği, inkişafına xüsusi qayğı var. Bunun məntiqi nəticəsi kimi Azərbaycanda nəşr olunan rusdilli qəzetlərin də sabit oxucu kütləsi formalaşıb.

Bu qəzetlər arasında ən çox sayılıb seçilənlərdən biri də “Azerbaydjanskie izvestiya“ qəzetidir. Qəzetin hazırkı durumu, inkişaf yolu və s. məsələlərlə bağlı suallarımızı “Azerbaydjan skie izvestiya“ın baş redaktoru Gülnarə Hüseynova cavablandırır:
- Biz 2004-cü ilin yanvarın 3-dən nəşr olunuruq. Əvvəlcə bu sadəcə “İzvestiya- Azerbaydjan“ layihəsi idi. İlkin vaxtlarda bizim mövzularımız ayda bir dəfə Rusiyanın “İzvestiya“ qəzetinin federal buraxılışının səhifələrində dərc edilirdi. Onunla bərabər hər həftə biz “İzvestiya“nın səhifələrində Azərbaycan haqqında 2 səhifəlik tematik əlavələr də dərc edirdik. Bu üç il belə davam etdi. 2004-cü ilin yanvarından başlayaraq isə “Azərbaycanskie izvestiya“ müstəqil qəzet kimi dərc olunmağa başladı. Qeyd etmək lazımdır ki, həm “İzvestiə - Azerbaydjan“, həm də “Azerbaydjanskie izvestiə“ qəzetləri iki müstəqil layihə idi. Bizim qəzet gündəlikdir. “Azerbaydjanskie izvestiya“ ictimai-siyasi qəzet olmaqla yanaşı, onun səhifələrində sosial, iqtisadi və mədəni məqalələrə də geniş yer ayrılır. Bizim işimizdə başlıcası on il davam edən “İzvestia- Azerbaydjan“ layihəsi oldu. Bu layihə çərçivəsində ayda bir dəfə Rusiyanın “İzvestiya“ qəzetinin federal buraxılışının səhifələri üçün hazırladığımız materillar əsasən Azərbaycanın ictimai-siyasi həyatını əks etdirirdi. Təəssüflər olsun ki, bir müddət əvvəl biz bu layihəni dayandırmaq məcburiyyətində qaldıq. Bu ilin sentyabrda biz “Rossiyiskaya qazeta“ ilə yeni müqavilə imzaladıq. Bu günə kimi bizim iki buraxılışımız olub. Federal buraxılışın səhifələrində yerləşdirilmiş və Azərbaycana həsr edilmiş bu materialları da bizim kollektivimiz hazırlayıb.
- Rusiyanın “İzvestiya“ qəzeti ilə əməkdaşlığın dayandırılmasının səbəbi nə idi?
- “İzvestiya“nın özündə ciddi dəyişikliklər baş verdi. Hətta oranın rəhbərliyi də dəyişdi. 100-dən çox əməkdaş redaksiyadan uzaqlaşdırıldı və qəzetin özünün yeni sahibi meydana çıxdı. Bu səbəbdən onlar öz qəzetlərini yeni formatda dərc etməyə başladılar. Bu format isə həm materiallarına, həm də formasına görə bizi razı salmadı. Belə demək mümkündüsə, bizim tələblərimizə cavab vermədi. Bu səbəblərdən layihənin dayandırılması barədə qərar verildi. Bu ikitərəfli - həm bizim, həm də “İzvestiya“ rəhbərliyinin qarşılıqlı qərarı idi. Həmçinin fikirləşdik ki, on il artıq yetərli bir müddətdir. Biz demək istədiklərimizin hamısını bu müddətdə söyləmişdik.
- “Rossiskaya qazeta“ ilə birgə layihənin əsas təşəbbüskarı hansı tərəf oldu?
- Biz Moskvada yeni tərəfdaşlar axtarırdıq. Onlar özləri bizimlə əlaqə saxladılar. “Rossiskaya qazeta“nın baş direktoru Pavel Neqoitsadır. O, bizi hələ “İzvestiya“ ilə əməkdaşlıqdan tanıyır və əməkdaşlığımıza razılıq verdi. Bu səbəbdən danışıqlar aparandan sonra belə bir layihəyə start verilməsi hər iki tərəfdən müsbət qarşılandı.
- Qəzetinizin maliyyələşdirilməsi işini Rusiya tərəfi həll edir, yoxsa özünüz?
- Təbii ki, bu məsələni biz özümüz həll edirik.
- “Azerbaydjanskie izvestiya“ın oxucuları əsasən kimlərdir?
- Bizim qəzetin oxucuları müxtəlif insanlardır. Onların arasında sadə vətəndaşlarla yanaşı, dövlət məmurları da var.
- Qəzetiniz abunə, yoxsa satış yoluyla yayılır?
- Biz Azərbaycandakı müxtəlif yayım şirkətləri ilə əməkdaşlıq edirik. Həm abunə, həm də satış yoluyla yayımlanırıq.
- Artıq 10 ildir ki, dərc olunduğunuzu söylədiniz. Ancaq nədənsə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi layihə müsabiqələrində iştirak etmirsiniz...
- Fond maddi cəhətdən bizə kömək edib. Azərbaycan mətbuatının yaranması ilə bağlı maliyyə yardımı ayrılan gündəlik ictimai-siyasi qəzetlər arasında “Azerbaydjanskie izvestiya“ın da adı var. Ancaq belə bir əməkdaşlığın qurulmasını çox istəyirik.
- Azərbaycanda rusdilli mətbuatın indiki durumu barədə nə fikirləşirsiniz?
- “Azerbaydjanskie izvestiya“ ölkəmizdəki rusdilli oxucuların tələblərinə tam olaraq cavab verir. Belə fikir tək mənim yox, bir çox insanların rəyidir. Bu həm dil, həm də materialların məzmunu baxımından belədir. Qəzetimizdə əməkdaşlarımıza qarşı çox yüsək tələblər var. Qəzetimizin dili rus dilinin yüksək ədəbi qaydalarına uyğundur. Adlarını çəkmək istəməzdim. Lakin təəssüflər olsun ki, heç də bütün rusdilli qəzetlər yüksək standartlara cavab vermir. Çox istərdim ki, bu istiqamətdə ciddi iş aparılsın. Baş redaktorlar bu cür məsələlərə diqqət yetirməlidilər.
- Rusiya mətbuatında Azərbaycan həqiqətlərinin təbliği barədə nə düşünürsünüz?
- Bu illər ərzində biz Rusiya ictimaiyyətində Azərbaycan barədə ətraflı məlumatın formalaşdırılmasına səy göstərmişik. Öz işimizdən razıyıq. Federal səviyyədə buraxılışlarda Azərbaycan barədə məlumatlar, hörmətli prezidentimizin fəaliyyəti, dövlət strukturları səviyyəsində həyata keçirilən layihələr, ölkəmizin mədəni, iqtisadi, incəsənət həyatında baş verən mühüm olaylar əksini tapıb. Bu illər ərzində elə bir sahə qalmayıb ki, biz toxunmayaq. “İzvestiya“ üçün materiallar tanınmış jurnalist Oleq Tsıqanovun rəhbərliyi altında hazırlanırdı. O, Azərbaycanı çox sevirdi. Təəssüflər olsun ki, bu yaxınlarda dünyasını dəyişdi. Bir dəfə “RİA Novosti“də təşkil olunan forumda iştirak etdim. Orada da ünvanımıza təriflər söylənildi. Mixail Şvıdkoy vurğuladı ki, bu MDB məkanında ən uzunmüddətli və maraqlı layihədir. Barəmizdəki müsbət fikirlərin hamısı məhz təqdim etdiyimiz, hazırladığımız materiallarla bağlıdır. “İzvestiya“ tək Rusiyada yox, dünyada tanınmış bir qəzet idi. Onu hətta Avropada da oxuyurdular. Bu baxımdan Rusiyanın informasiya məkanına daxil olmaqla hazırladığımız materialların dünyada yayımlanması baxımından Azərbaycan dövləti üçün böyük işlər gördüyümüzü düşünürəm. Deyə bilirəm ki, Azərbaycan həqiqətlərinin Rusiya mətbuatında yayımlanması istiqamətində çox iş görmüşük.
- Yeni əməkdaşınız olan “Rossiyskaya qazeta“nın Rusiyanın informasiya məkanında yeri və rolu barədə nə deyə bilərsiniz?
- “Rossiyskaya qazeta“ ilə əməkdaşlıqdan əvvəl biz bu mətbuat orqanını araşdırdıq. Rusiyanın mətbuat sahəsində tutduğu yeri öyrəndik. Deyə bilərəm ki, “Rossiyskaya qazeta“ bu gün Rusiyada ən çox oxunan, sayılıb seçilən və geniş oxucu kütləsinə malik olan bir mətbu orqandır. Bu qəzetin təsisçisi Rusiya Federal Hökumətidir.
- Bəs təqdim etdiyiniz materiallar barədə qarşı tərəf nə fikirdədir?
- İş ondadır ki, “Rossiyskaya qazeta“ özü hazırda ağ-qara formada çıxır. Bizim səhifələrimiz isə rənglidir. Hətta Moskvadan zəng edib bildirdilər ki, səhifələrimiz çox cəlbedicidir. Əgər qəzet səhifələri göz oxşayırsa, onda oxucular təqdim olunan materialların mətni ilə də maraqlanırlar. Digər tərəfdən, hazırladığımız materiallar da mövzu baxımından çox maraqlıdır. Bu layihə “Rossiyskaya qazeta“nın özü üçün də əlverişlidir.
- Ermənilərin də bu cür layihələri varmı?
- Xeyr olmayıb.
- Gələcək planlarınız barədə də danışardınız...
- Biz çox şadıq ki, bu cür qəzetin timsalında əməkdaş tapdıq. Bizim əməkdaşlığımızın çox gözəl perspektivlərinin olduğunu düşünürəm. Gələcək planlarımızda bu istiqamətdə işlərimizi daha da təkmilləşdirmək, təqdim edəcəyimiz materialları daha da dolğunlaşdırmaq var. Bundan əlavə, tirajımızın artırılmasına da çalışacağıq.
Azad Əliyev
Oxunma sayı 136