“Koronavirusla mübarizədə həkimlərin, polislərin əməyi xüsusi qiymətləndirilir” – Cavid Osmanov

15:22 29.03.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt
Koronavirusla mübarizə tədbirləri çərçivəsində ən çox məsuliyyət heç şübhəsiz ki, tibb işçilərinin və polis əməkdaşlarının üzərinə düşür. Onlar artıq üç həftəyə yaxındır ki, öz həyatlarını təhlükə qarşısında qoyaraq insanların sağlamlıqlarının keşiyində dayanıblar. Xüsusi karantin rejimində ölkə başçısı İlham Əliyev də polislərin və həkimlərin fəaliyyətini yüksək qiymətləndirdi. Fədakarlıqlarını təqdir etdi.
 
Millət vəkili Cavid Osmanov hafta.az-a açıqlamasında bildirib ki, koronavirusla mübarizədə həkimlərin, polislərin əməyi xüsusi qiymətləndirilir:
 
“Onların fəaliyyətinə ilk növbədə ölkə başçısı qiymət verdi. Martın 28-də ölkənin ən böyük xəstəxanasının açılışında tibb işçilərinin fədakarlığını xüsusi qiymətləndirdi. Tibb işçiləri fədakarcasına öz gündəlik həyatlarını bir kənara qoyublar. Yalnız Azərbaycan vətəndaşının sağlamlığını düşünürlər. Öz həyatlarına təhlükə altında qoyaraq evlərindən-eşiklərindən olmaq şərti ilə neçə günlərdir evlərinə də gedə bilmirlər. Öz ailələrinin yanında ola bilmirlər. Onlar içdikləri Hippokrat andına sadiq qalaraq dövlətimizin qoyduğu qaydalar çərçivəsində çalışırlar ki, Azərbaycan vətəndaşlarının sağlamlığını qorusunlar”.
 
Millət vəkilinin sözlərinə görə, Daxili İşlər Nazirliyinin əməkdaşları, polislər, yol-patrul xidmətinin əməkdaşları insanlarla səbrlə, təmkinlə davranırlar:
 
“Bu günlərdə bir neçə dəfə Bakıya getməli oldum. Mən bunu öz gözlərimlə gördüm. İnsanlarla çox yaxşı daranırlar. Çalışırlar ki, xüsusi karantin rejimindən xəbəri olmayanları xəbərdar etsinlər. Ağdaş rayonunda da, ölkəmizin digər bölgələrində də polislərimiz çalışır ki, insanları karantin rejiminə riayət etməyə çağırsınlar. Bununla yanaşı əczaçılarımızın da üzərinə böyük məsuliyyət düşür. Onlar da çox səbrlə bu işdə işləyirlər. Eyni zamanda jurnalistlərin də işləri ağırdır. Onlar məlumatları toplamaq üçün insanlar arasında olurlar. Həyatlarını təhlükəyə atırlar. Öz işlərini fədakarlıqla həyata keçirirlər. Amma az bir qüvvə var ki, onlar hər zaman dövlətimizin uğuruna peşman olurlar. Bunlar Azərbaycanı sevməyən qüvvələrdir. Bunlar radikal müxalifət və onların ətrafında cəmləşən üç-beş nəfərlik koronavirus kimi viruslardır. Onlar da çalışırlar ki, dövlətin gördüyü işlərə ləkə gətirsinlər. Hətta virus Azərbaycanda təzə aşkarlanan zaman bu adamlar arasında insanları kütləvi tədbirlərə dəvət edənlər də var idi. Bir daha sizin sayt vasitəsi ilə Azərbaycan xalqına müraciət edirəm ki, yalnız rəsmi məlumatlara inansınlar və qoyulan qaydalara riayət etsinlər. Digər qüvvələr – radikal müxalifət isə ümummilli məsələdə də xalqın yanında olmadıqlarını ortaya qoyurlar. Görülən işlərə də kölgə salırlar”.
 
Cavid Osmanov onu da əlavə edib ki, koronavirus pandemiyası bütün dünya ölkələrinin gündəlik həyatını iflic vəziyyətinə salıb:
 
“Bu günə kimi heç bir dərman və vaksin tapılmayıb. Nəticə etibarı ilə yüz minlərlə insan bu virusa yoluxub. Minlərlə insan öz həyatını itirib. Bu onun göstəricisidir ki, adıçəkilən virus doğrudan da təhlükəlidir. Heç bir sərhəd tanımır. İstənilən ölkədə istənilən insana yoluxmaq ehtimalı çox böyükdür. Azərbaycanda bu virusla mübarizə tədbirləri çərçivəsində hələ ilin əvvəlindən çox böyük işlər görülüb. Yanvar ayının 24-də Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı. Bütün növ təhsil müəssisələrinin fəaliyyəti dayandırıldı. Ticarət mərkəzlərinin fəaliyyəti müvəqqəti müddətə qadağan edildi. Artıq ciddi karantin rejimi tətbiq olunub. 65 yaşdan yuxarı insanların bayıra çıxmasına konkret olaraq qadağa qoyulub. Həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən insanların evlərindən bayıra çıxmaması tövsiyyə olunur. Kafe və restoranlar bağlanıb. Bu ona görə edildi ki, insanlar toplu şəkildə kafelərdə, parklarda, restoranlarda, bulvarda yığışmasınlar. Atılan addımlar Azərbaycan vətəndaşının sağlamlığının qorunması məqsədi ilə gerçəkləşdirilir”.
 
Millət vəkili onu da əlavə edib ki, elə bu məqsədlə martın 19-da cənab prezidentin tapşırığı ilə 1 milyard manat vəsait ayrıldı:
 
“Bununla bağlı 4 işçi qrupu yaradıldı. Bu işçi qrupları dünyada baş vermiş koronavirus pandemiyasına görə enerji və səhm bazarlarında kəskin dalğalanmanın Azərbaycan iqtisadiyyatına təsirini azaltmaq məqsədi daşıyır. Artıq işçi qrupları fəaliyyətə başlayıb. Öz təkliflərini veriblər. Eyni zamanda, fiziki və hüquqi şəxslərə - sahibkarlığa dəymiş və dəyə biləcək zərərin aradan qaldırılması, məşğulluğun artırılması, aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılması, manatın məzənnəsinin qorunması məqsədi daşıyır. Yəni virusdan zərər dəyə biləcək sahələrə həmin zərərin aradan qaldırılması məqsədi ilə dövlətimiz tərəfindən bu kimi addımlar atılmaqdadır. Cənab prezidentin sərəncamı ilə bu sahədə çalışan tibb işçilərinin əmək haqqları 3-5 dəfə artırılıb. Xaricdən gələn soydaşlarımız 14 günlük karantin rejimindən sonra evlərinə buraxılırlar. Karantin rejimi əsasən beş ulduzlu otellərdə, turizm mərkəzlərində həyata keçirilir. Elə martın 28-də ölkə prezidenti İlham Əliyev və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva ölkədəki ən böyük xəstəxananın açılışında iştirak etdilər. Cənab prezident vurğuladı ki, dünəndən etibarən koronavirusa yoluxan insanların müalicəsinə həmin xəstəxanada davam etdiriləcək”.
 
Millət vəkilinin fikrincə bütün bunlar ölkə prezidentinin Azərbaycan vətəndaşına olan diqqət və qayğısından irəli gəlir:
 
“Ölkə başçımızın sərəncamı ilə Koronavirusla Mübarizə Fondu yaradıldı. Cənab prezidentimiz və birinci vitse-prezidentimiz öz bir illik əmək haqlarını həmin fonda bağışladılar. Bundan sonra ölkədə fəaliyyət göstərən iş adamları, sahibkarlar, vəzifəli şəxslər də həmin fonda ianələr köçürdülər. Dünənki məlumata görə KMF-yə 90 milyon manatdan çox vəsait toplanıb. Proses davam edir. İnsanlar ölkə başçısının çağırışından sonra könüllü şəkildə bu fonda ianə köçürür. Təbii ki, bu vəsait koronavirusla mübarizəyə, onun fəsadlarının aradan qaldırılmasına yönəlir. Cənab prezident dəfələrlə xalqa müraciət edərək bildirdi ki, biz Ümumdünya Səhiyyə Təşkilatının və dövlətin qoyduğu qaydalara riayət etsək, birlikdə bu işin, bu problemin də öhdəsindən gələcəyik. İnsanlar sosial şəbəkələr vasitəsi ilə doğmalarına, dostlarına, tanışlarına çağırışlar etsinlər. Biz insanları evdə oturmağa və dövlətin qoyduğu qaydalara maksimum şəkildə riayət etməyə çağırmalıyıq. Koronavirusl Mübarizə Fonduna az və çox miqdarda ianələr edənlər var. Kimin gücü nəyə çatırsa onu edir. Bu, bizim birliyimizin göstəricisidir. Azərbaycan Respublikasının prezidentinin və birinci vitse-prezidentin çağırışlarına Azərbaycan xalqı dəstək verdi. Onlar həmin fonda yardımlar etməklə bir növ dövlətin apardığı siyasəti dəstəklədiyini ifadə etdilər. Ona görə də həmrəylik nümayiş etdirərək cənab prezidentin çağırışına səs verdilər. Günbəgün Koronavirusla Mübarizə Fonduna ianə köçürən insanların sayı artır. Bir vətəndaş, bir millət vəkili kimi hafta.az vasitəsi ilə Azərbaycan xalqından xahişimiz, minnətimiz odur ki, bu karantin rejiminə hamımız əməl edək. Biz bu karantin rejiminə əməl etməklə ilk növbədə özümüzü qoruyuruq. İlk növbədə, biz özümüzü qorumaqla ailə üzvlərimizi qorumuş oluruq. Ailə üzvlərimizi qorumaqla Azərbaycan cəmiyyətini, xalqımızı qorumuş oluruq. Həmrəy olmalıyıq. Biz birlikdə güclüyük – devizi altında bu addımları atmalıyıq”.
Siyasət rubrikasından digər xəbərlər