Koronaviruslu xəstələr üçün bütün şərait yaradılıb - Professor

12:55 29.03.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ötən gün Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Dövlət başçısı nitqində bildirib ki, bu gün ölkəmizin ən böyük xəstəxanalarından biri olan yeni xəstəxana fəaliyyətə başlayır:

"Bu, çox əlamətdar hadisədir. Xəstəxana bütün müasir standartlara cavab verir. Xəstəxananın binasının həm xarici görünüşü çox gözəldir, həm də memarlıq baxımından şəhərimizin simasına əlavə yaraşıq verir. Ən önəmlisi odur ki, bu xəstəxanada ən müasir standartlar tətbiq olunur, ən müasir avadanlıq alınıbdır, təchizatla bağlı bütün işlər ən yüksək səviyyədə görülübdür. Hesab edirəm ki, bu gün bu xəstəxana Azərbaycanda təchizat baxımından, avadanlıq baxımından və burada göstəriləcək xidmət baxımından aparıcı xəstəxanadır.
Bildiyiniz kimi, bu xəstəxana mənim təşəbbüsümlə inşa edilibdir. Yadımdadır, bu qərar qəbul olunanda bəziləri hesab edirdi ki, buna ehtiyac yoxdur. Çünki son illər ərzində ölkəmizdə bir çox xəstəxanalar inşa edildi və yeni böyük xəstəxananın inşası hesab olunurdu ki, lazımsızdır. Ancaq həyat onu göstərdi ki, bu, çox düzgün və vaxtında verilmiş qərar idi. Çünki sabahdan etibarən bu xəstəxanada koronavirus xəstələri müalicə olunacaqlar. Pandemiya başa çatana qədər bu xəstəxanada yalnız koronavirus xəstələri müalicə alacaqlar. Ona görə bu xəstəxananın işə düşməsi əlbəttə ki, koronavirusa qarşı mübarizədə bizə əlavə imkanlar yaradacaqdır.
Onu da bildirməliyəm ki, xəstəxananın açılışı yayın sonunda, payız aylarının əvvəlində nəzərdə tutulurdu. Ancaq pandemiyaya görə işlər sürətləndirildi, əlavə vəsait ayrıldı, qüvvələr səfərbər olundu və biz xəstəxananın mərhələli yollarla fəaliyyətə başlamasını təmin edirik. Xəstəxanada 575 çarpayı nəzərdə tutulur. Ancaq birinci mərhələdə 100, ondan sonra 300 çarpayı artıq xəstələrin sərəncamına veriləcəkdir. Xəstəxananın ümumi sahəsi 100 min kvadratmetrə yaxındır. Burada 70 reanimasiya yeri vardır. Bu da koronavirus xəstələrinə göstəriləcək xidmətin önəmli hissəsini təşkil edir. 21 əməliyyatxana mövcuddur. Hazırda bu əməliyyatxanalara ehtiyac yoxdur. Ancaq pandemiya başa çatandan sonra bu xəstəxana öz profili üzrə fəaliyyətini davam etdirəcək.
Koronavirus xəstələrinin buraya yerləşdirilməsi hesab edirəm ki, ən düzgün qərardır. Çünki hazırda bu insanlar ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir. Çünki siz həkimlər yaxşı bilirsiniz ki, hazırda hətta ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və inkişaf etmiş ölkələrdə gündə minə yaxın insan vəfat edir. Əgər tibb sahəsi çox inkişaf etmiş ölkələrdə bu xəstəliklə bağlı belə böyük problemlər varsa, təsəvvür etmək çətin deyil ki, bizim üçün nə qədər böyük problem yarana bilər. Ona görə koronavirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün ölkəmizin ən müasir, ən gözəl xəstəxanası mənim qərarımla onların ixtiyarına verilir və siz həkimlər burada onlara xidmət göstərəcəksiniz".

Bakıda fəaliyyətə başlayan "Yeni klinika" -nın və dövlət başçısının nitqinə münasibət bildirən professor Rəşid Mahmudov hafta.az- a açıqlamasında dedi ki, mən özüm də çölə çıxmıram, qoyulan qaydalara əməl etmək lazımdır:

"Biz bir olmalıyıq. Koranavirusla mübarizədə nə müxalifət, nə iqtidar olmamalıdır. Hamımız bir olmalıyıq. Bu bəladan qurtarmalıyıq. Mən televiziyadan izləyirəm ki, koronaviruslu xəstələr üçün bütün şərait yaradılıb. Bokslar, xüsusi otaqlar və bunlarda ən müasir şərait yaradılıb. Dövlətimiz vaxtında qərar verə bildi. Avropa ölkələrində vəziyyəy çox gərgindir. Bütün küçələr bu gün dezinfeksiya olunur. Xarici tələbələr var idi, onları da karantinə aldılar. Hamı bu işə dəstək olmalıdır. Azərbaycanda düzgün qərarlar verilir. "Yeni klinika" nın açılması çox gözəl bir işdir. Müasir avadınlıqlar olacaq və xəstələri qəbul edib onları müalicə ediləcək".

Tibb eksperti Rasif Bağırov da hal-hazırda koronavirusla mübarizə ilə bağlı tədbirlərə münasibətini bildirdi: "Koronaviruslu insanların yoxlanılması, saxlanma şəraitləri çox yüksəkdir. Əlimdə dəqiq informasiyalar yoxdur. Biz də televiziyadan izləyirik".

Ekspert həkimlərin maaşlarının artırılmasına da münasibət bildirdi: "Koronavirusla bağlı mübarizə aparan həkimlətin maaşı 3 dəfəyə qədər artırıldı. Bu çox yaxşı haldır. O həkimlər bu gün virusla üz-üzədir. Bu praktika bütün ölkələrdə var. Bizim ölkədə də bu tədbiri görmək sağlam mübarizə aparmaqdır".

Sosial rubrikasından digər xəbərlər