“Kosta Rika ilə Azərbaycan arasında gündən-günə genişlənən dostluq əlaqələri var” - Jairo Fransisko Lopez Bolanos

10:00 18.06.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası Çində ortaya çıxsa da, qısa vaxt ərzində yayılma mərkəzini Avropaya, sonra isə Amerika qitəsinə dəyişdi. Nəticədə bu gün ABŞ yoluxma (2,2 milyon nəfər) və ölüm faktına (120 min nəfərə yaxın) görə dünyada ilk sırada qərarlaşıb. Birləşmiş Ştatları bu kədərləndirici prosesdə Latın Amerikasının ən iri ölkəsi olan Braziliya təqib edir (935 min yoluxma və 46 min ölüm faktı qeydə alınıb). Meksika, Çili, Kanada və sair ölkələrdə də koronavirus pandemiyası sürətlə yayılaraq can almağa davam edir. Amma Amerika qitəsinin tam mərkəzində balaca bir dövlət var – Kosta Rika, orada pandemiya şəraiti qonşu ölkələrlə müqayisədə deyəsən bir az daha yaxşıdır. Hər halda 5,2 milyon nəfər əhalisi olan bu kiçik dövlət yoluxma sayına görə ÜST-ün siyahısında 105-ci pillədə yer tutmaqla vəziyyətin yaxşı olduğunu isbatlayır. Maraqlıdır, qitənin hər yerində virus tüğyan etdiyi bir vaxtda Kosta Rika necə nail olub sabitlik yaratmağa? İnternet üzərindən, Kosta Rikanın Azərbaycanda keçmiş Müvəqqəti işlər vəkili olmuş, əziz dostumuz Jairo Francisco Lopez Bolanosla söhbətləşərək bu ecazkar ölkədəki vəziyyətlə tanış olmağa cəhd göstərdim. Gəlin söhbətimizin mətni ilə müsahibəni oxuyaraq tanış olaq:

- Kosta Rika hazırda sərt karantin şəraitindən çıxış mərhələsini yaşayır. Artıq neçə ay idi ki, ölkədə fərqli məhdudiyyətlər tətbiq edilmişdi. Bu arada qeyd edim ki, Kosta Rikada ilk yoluxma faktı mart ayında qeydə alınıb və o gündən indiyədək cəmi 12 insanımız həyatını itirib. Statistika göstərir ki, Kosta Rika, məhdud büdcəsi olan, dünyada COVID 19 problemini ən yaxşı şəkildə həll edən ölkələrdən biridir. Bizim ölkədə yoluxmuş insanlar üçün müalicə pulsuz aparılır. Ümumiyyətlə, Latın Amerikasında tibbi sahədə ən yüksək qiymətləndirilən ölkələrin siyahısında Kosta Rika ikinci sıradadır. Ölkəmizin sərhədləri əcnəbilərin üzünə bağlansa da, Kosta Rikada mövcud olan yüksək daxili miqrasiya kimi mühüm problemlər mövcuddur. Bu da təbii ki, yoluxma risqini artırır. Ancaq çətinlikləri yaşamış bir xalq olaraq hesab edirik ki, bütün problemlərin öhdəsindən gələrək, dünyaya örnək olaraq qala biləcəyik.

- Qonşu ölkələr olan ABŞ və Meksika, başqa Latın Amerikası ölkələrində virus sürətlə yayılır. İndi baxıram, Kosta Rika 105-ci yerdədir ÜST-ün siyahısında. Ölkənizi necə qoruyursunuz virusa yoluxmadan, hökumətiniz bunun üçün hansı addımları atıb?

- Latın Amerikası dünyada COVID 19-un ən çox vurduğu bölgələrdən biridir və bu, geriyə dönə bilməyəcəyimiz bir reallıqdır. Lakin Latın Amerikası həm də dünyanın ən həmrəy bölgələrindən biridir. Bizlər vətəndaşlarımızın və sakinlərimizin təməl hüquqlarına hörmətlə yanaşırıq, bu ideologiyaya əsaslanaraq bölgədəki yoluxma səviyyəsini azaltmaq üçün həmrəylik yolunu seçmişik. Qaldı ki, niyə Kosta Rikada digər latın ölkələrindən fərqli olaraq yoluxma sayı beelə kəskin azdır, ölkəmiz mart ayında sərhədlərini xarici vətəndaşların girişinə bağladı və paralel şəkildə turizm, ticarət, otellər, təhsil və digər bir çox sektorlara karantin tətbiq etdi. Bu da ilk başdan yoluxma risqini azaltdı. Ölkədə yoluxma nisbətinin aşağı olmasına imkan verən digər amil isə keyfiyyətli təhsil sistemimizdir. Kosta Rika yüksək savadlılıq dərəcəsinə malik ölkədir. Xalqımız əlləri yuma, şəxsi gigiyena qaydalarına əməl etmə kimi qaydalara ciddi əməl edir. Kosta Rika dünyanın nadir dövlətlərindən biridir ki, ölkə ərazisinin 98 faizi içməli su ilə təchiz edilib. Su isə təmizlikdir.

- Necə bilirsiniz, virusla mübarizə məqsədilə Kosta Rikaya xaricdən dəstək verilib, yoxsa ölkəniz təkbaşına bu uğuru qazanıb? Ümumiyyətlə, Kosta Rikaya hansı xarici ölkələr yardım edib və ya əksinə sizin ölkəniz  hansı xarici ölkəyə dəstək verib?

- Xoşbəxtlikdən, Kosta Rika dövləti pandemiyanın ilk günlərindən dost ölkələr tərəfindən qoruyucu tibbi maskalar, virus aşkarlama testləri, bəzi süni tənəffüs havalandırıcıları və COVID 19-un müalicəsi üçün lazım olan digər tibbi materiallarla dəstəklənib. Konkret ölkələrin adlarını da çəkə bilərəm: Kanada, Çin, Kolumbiya, Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları və sair ölkələrdən Kosta Rikaya yardımlar edilib.

- Bir çox ölkələr vaksin hazırlamağa çalışır. Maraqlıdır, Kosta Rikada vaksin hazırlamaq üçün alimlər iş aparır?

- Kosta Rikanın bu sahədə bəzi üstünlükləri var. Nəzərdən qaçırmayın ki, ucuz qiymətə antifidik serum istehsalında dünya lideri olan Clodomiro Picado İnstitutu kimi dünyalarca məşhur təhsil mərkəzimiz mövcuddur. Alimlərimiz yoluxmuş, amma müalicə alaraq sağalmış insanlardan qan plazması götürərək analizlər aparıb, həmin plazmalar daha ağır xəstələrə uğurla nəql edilib. Bundan əlavə, dövlət universitetləri və sağlamlıq mərkəzləri səviyyəsində virusa qarşı peyvənd hazırlamaq üçün birgə tədqiqatlar aparılıb. Bu müstəvidə, Kosta Rika Ümumdünya Səhiyyə Təşkilatına, gələcəkdə bütün ölkələrin əlinin çatması üçün, hazırlanacaq vaksinin liberallaşdırılması təklifi ilə çıxış edib. Çünki ölkə var ki, həmin vaksini ala biləcək, amma bir çox dövlətlər də var ki, maddi imkanları aşağıdır.

- Bu gün Kosta Rikada karantin qaydaları tətbiq edilirmi? İnsanların sərbəst hərəkətinə qadağa varmı?

- İnsanların təməl hüquqlarına və fərdi azadlıqlarına hörmət məsələsində qabaqcıl ölkə olaraq, sərbəst hərəkət qadağaları məsələsi məhdudlaşdırılması ölkəmizdə milli səviyyədə ən çox müzakirə olunan mövzudur. Lakin qəbul edilən qərarlar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulması, onların hərəkəti üçün vaxt boşluqlarının yaradılması, habelə son vaxtlar hərəkətin məhdudlaşdırılması ilə əlaqədardır. Yəni həftənin müəyyən bir günü, səhər saat 5:00 – 19:00 arasında hərəkət azadlığı verilib. Digər tərəfdən, bütün əyləncə mərkəzləri, muzeylər, kinoteatrlar, restoranlar, teatrlar, eləcə də, ölkənin bütün milli parkları, ictimai parkları və çimərlikləri bağlandı. Hazırda bu məhdudiyyətlər tədricən aradan qaldırılır və virusun yayılmasının necə inkişaf etməsindən asılı olaraq digər məhdudiyyətlər də tezliklələğv ediləcək.

- Kosta Rika ilə Azərbaycan arasında pandemiyanın qarşısını almaq üçün əməkdaşlıq edilirmi?

- Kosta Rika ilə Azərbaycan arasında gündən-günə genişlənən və uzun müddətdir davam edən dostluq əlaqələri var. Biz artıq bir-birimizi daha yaxşı tanıyan və bir-birimizi dəstəkləməli olduğumuzu bilən ölkələrik. Kosta Rika daxili iqtisadiyyatın inkişafı üçün turizmin vacib olduğu ölkədir və sərhədlərimizi bağlayarkən çox sayda vətəndaşımızın gəlirləri azaldı və ya tamamilə kəsildi. Azərbaycan neft ölkəsidir və pandemiya şəraitində qlobal müstəvidə tələbatın azalması səbəbindən neft qiymətləri aşağı düşdüyü üçün zərər görüb. Biz fərqli reallıqlara malik, lakin iqtisadiyyatı pandemiyanın zərbəsinə məruz qalmış ölkələrik. Bu səbəbdən də yalnız ortaq və orijinal həll yolları axtarmaq üçün birləşərsək, irəli gedə bilərik. Xəstəliyin yayılmasının qarşısını almaq üçün ölkələrimiz arasında birliyin olması lazımdır və həm də elə etməliyik ki, əhaliyə xərclənən müalicə xərcləri dövlət büdcəsinə çox ağır yük olmasın. İqtisadiyyatımızı inkişaf etdirməyin yeni yollarını tapmalıyıq və bunu ancaq dünyanın bütün ölkələri ilə əməkdaşlıq şəraitində edə bilərik.

Oxunma sayı 7919