“Könüllülük pasportu“ və “Bilirsənmi?!“ kitabının təqdimat mərasimi keçirildi

15:15 06.10.2011
Yazını böyüt
Yazını kiçilt

“Artıq könüllü sektorda çalışan gənclərin də fəaliyyəti rəsmiləşdiriləcək“

Bu barədə jurnalistlərə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov bildirib.
Təqdimat mərasimində Ş. İsmayılov qeyd edib ki, ATGTİ tərəfindən təqdim olunan bu pasport Avropa könüllülük prinsiplərinə əsaslanaraq hazırlanıb. Könüllülük pasportu tələbələr və digər gənclər üçün əmək kitabçası mahiyyəti daşıyacaq.
“Könüllülük pasportu vasitəsilə bu sektorda çalışan gənclərin fəaliyyətləri dövründə iştirak etdikləri proqram və layihələrdən əldə edikləri bilik və bacarıqların qiymətləndirilməsi və sənədləşdirilməsi həyata keçiriləcək. Qeyd edim ki, bu sənədləşdirmə işləri təşkilat rəhbərlərinin imzası və rəyi ilə təsdiqlənəcək“.
ATGTİ sədri onu da qeyd edib ki, pasportun verildiyi şəxslərin uçotu aparılacaq və bunun vasitəsilə Azərbaycanda könüllü fəaliyyətlə məşğul olan şəxslərin sayı barədə də məlumat əldə etmək mümkün olacaq.
İttifaqın təşəbbüsü ilə təqdim olunan digər bir nəşr “Bilirsənmi?!“ kitabı olub.
Belə ki, bu kitabda dünya, müsəlman aləmi və bütün Qafqaz regionunda ilk dəfə Azərbaycanda baş vermiş maraqlı və tarixi əhəmiyyətə malik olan hadisələrin qısa icmalı öz əksini tapıb.
50 faktı özündə birləşdirən bu kitabda oxucular dünyada ilk dəfə ən böyük ticari müqavilənin Azərbaycanda bağlandığı, ilk dəfə dəniz estakadaları üzərində şəhərciyin Azərbaycanda salındığı, brusselyoz xəstəliyinin ilk dəfə Azərbaycanda müalicə olunduğu və s. bu kimi maraqlı faktlarla tanış olacaqdır.
Nərgiz Çingizqızı