Laçın həsrətlilərinin qələbə sevinci - Sorğu

13:31 01.12.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 1-də laçınlılar özlərinə qayıdacaqlar, özlərini tapacaqlar. Laçının həsrəti Məhəbbət Kazımovun avazında bir başqa cür səslənəcək... “Həftə içi” laçınlıların Laçın həsrətindən danışacaq, Laçın həsrətliləri danışacaq...

Qəzənfər Hüseynov, Laçın ağsaqqalı

“Laçının işğaldan azad edilməsi mənim üçün olduqca sevincli bir duyğudur. Dekabr ayının 1-də 10 423 gün olacaq ki, Laçının işğaldan azad ediləcəyini böyük ümidlə gözləmişəm. Bugünkü sevincimiz üçün ordumuzun şəxsi heyətinə, şəhidlərimizə və qazilərimizə, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanına borcluyuq.

Hərbçilərimiz qanları ilə tarix yazdılar, kimisi şəhid oldu, kimisi də qazi. Ordumuz düşmənin belini qırmasaydı, düşmən döyüşsüz Laçını bizə verməyəcəkdi. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı hərbçilərimizə şəfa versin!

Dekabr 1-i biz laçınlılar üçün böyük tarixi əhəmiyyət kəsb edən bir tarixdir.

Laçına deməyə çox sözüm var. Sözlərimi böyük utanc hiss ilə doğulub-böyüdüyüm evimizin yanındakı "Dağdağan bulağı"na deyəcəyəm. Laçın da bilir ki, biz ona yaxşı övlad ola bilmədik. Aradan keçən illər ərzində xəyalən olsa da, onunla birgə olduğumu da deyəcəyəm...

1992-cı il may ayının 16-da gecə saat 4-də Laçından çıxanda əhd eləmişəm ki, şəhərimizə girəndə əyilib, torpağı öpəcəyəm. İlk olaraq Dağdağan bulağına gedəcəyəm, sonra yenicə tikdirdiyim, cəmisi 11 ay yaşadığım evimə gedəcəyəm. Sabahısı gün Cicimli kəndindəki Malik Əjdər günbəzlərinin yanındakı qəbiristanlıqda dəfn edilmiş atamın, sonra isə Güləbird kənd qəbiristanlığında dəfn edilmiş babamla-nənəmin məzarlarını ziyarət edəcəyəm. "Laçın" deyə qışqırmağa utanaram”.

Könül İsmayılova, Müasir Müsavat Partiyasının sədr müavini:

“Laçın deyəndə orta məktəb illərimin yay tətilləri yadıma düşür. Hər il yay tətillərini Laçına gedirdik. Laçının laləyamaclı yaylaqları indinin özündə də gözümün qabağındadır. Çox sevirəm Laçını. Məktəbin bitməsini necə səbirsizliklə gözlədiyimi xatırlayıram. Tələsirdim ki, yay fəsli tez gəlsin, gedək o gözəllikləri görək…

Laçına ailəliklə sonuncu gedişimiz zamanı 5-cı sinifdə oxuyurdum. 1990-cı ilin may ayının sonu idi, söz vaxtına çəkər. Rayona gedib çatana qədər keçdiyimiz dolama yollar gözümün önündən getmir. Gündüzləri günəşli, axşamları sərin keçən Laçınım.

Yadımdadır ki, hər axşam saat 22:00-dan sonra atəş səsləri eşidilirdi. Nənəmlə-babam  deyəndə eşidirdim ki, Dığdan, Gorusdan yenə atırlar. Heç kim dərk etmirdi nələr baş verir. Öyrəşmişdik atəş səslərinə, çox sakit qəbul edirdik. Gündüzlər hamı öz işində-gücündə olurdu, axşamlar eyni saatlarda yenə də atəş səsləri davam edirdi. Heç kəsin ağlına da gəlmirdi ki, o dığalar atəş aça-aça gəlib çıxacaqlar Laçınımıza və həyasızcasına zəbt edəcəklər torpağımızı... Mikayıl Müşfiqin dediyi kimi, "Yenə o bag olaydı"… Mən isə deyirəm, yenə torpaqlarımız azadlıqda olaydı, dolama yollarla gedib Laçına çıxardıq, nənəmin meyvə bağında o meyvələrdən dərib-yeyərdim, qonşunun nəvələri ilə “Yeddi şüşə”, “Ortada qaldı” oynayaydım; babam məni yenidən o laləli yaylaqlara aparaydı… Gözəl yuxularım çin olaydı…

O qədər gözəl uşaqlıq xatirələrim var ki, yaddaşımda.

Məncə, uşaqlığını Laçında keçirən hər kəs o yerlərə qayıdanda hansı yaşda olmasına baxmayaraq uşaqlaşacaq…

Bizim Laçının torpaqları bərəkətlidir, havası şəfalıdır, ora gedəndə cavanlaşacaq, sağlıqlarına qovuşacaq laçınlılar.

Çox ümid edirəm ki, o gözəl uşaqlıq xatirələrim çin olar və gülqoxulu torpaqların havasını sinəmə çəkmək mənə də nəsib olar. Ali Baş Komandanım bizə bu sevinci, bu qələbəni yaşatdı.

Tarixi qələbəmizə o qədər sevincliyəm, dünyanın xoşbəxt insanı hesab edirəm özümü. Ali baş Komandanımızın, ordumuzun, könüllülərimizin sayəsində 28 illik həsrətimizə son qoyuldu. Xəyal olan arzumuz gözləmədiyimiz vaxtda hasil oldu. Qürurumuz, özgüvənimiz, milli birliyimiz qayıtdı. Bütün azad edilən rayonlarımızın xəbərlərini böyük sevinclə, göz yaşı ilə qarşıladım.

Namiq Mayılov, jurnalist:

“Bir neçə il bundan əvvəl bir qrup jurnalistlə Cocuq Mərcanlıya gedirdik. Horadiz şəhərini keçəndən sonra məni qəribə hisslər bürüdü. Sanki bu yol yarıda bitməyəcək, düz Laçına kimi uzanacaqdı. Əslində, 2016-cı ilin Aprel zəfərinin rəmzi əhəmiyyəti də elə bundan ibarət idi. Bu, düşmənə də, dünyaya da bir mesaj idi ki, biz gəlirik.

Əflatun Amaşov, Umud Mirzəyev, Cahangir Məmmədli, Nəsir Əhmədli, Akif Aşırlı, Elçin Mirzəbəyli, Aqil Camal və digər həmkarlar Allah şahididir. Dedim ki, əminəm, bu yol bizi Laçına aparacaq. Jurnalistikamızın ağsaqqalı Cahangir Məmmədli sözlərimdən təsirləndi, professorun gözləri doldu. Səfərdən dönən kimi, “Bu yol bizi Laçına aparacaq” sərlövhəli məqalə yazacağını dedi.

Budur, artıq biz Laçına qayıdırıq! Yenə qarışıq hisslər keçirirəm. Sevinirəm, kövrəlirəm, beynimdə xatirələr canlanır, qayğısız uşaqlığıma qayıdıram. Bir az da nigaranam. Cavabsız suallar rahatlıq vermir. Görəsən, Hacısamlıdakı ata evimiz yerindədirmi? Qəbir daşlarımızı vandallar dağıtmayıb ki? Seyid Məmməd Ağanın türbəsi yerindədirmi? Paşa bəyin tut bağını doğramayıblar ki? Bir də özümə təsəlli verirəm: əşi, bizim kəndlər döyüş gedən yerlərdən uzaqda idi. O qədər erməni nə gəzirdi gedib oralara çıxsın? Sonra yenə yadıma düşür ki, bizim ata evimizi o vaxt öz əsgərlərimiz hospital kimi istifadə edirdi. Deməli, düşmən oralara  kimi gedib çıxmışdı. Niyə getməsin? Axı ermənilər həmişə ölkəmizin ən gözəl, ən səfalı yerlərinə göz dikib.

Doğrusu, heç Laçınla necə görüşəcəyimi, ona nə deyəcəyimi təsəvvür edə bilmirəm. Bilmirəm, “Biz qayıtdıq!” – deyə hayqıracağam, yoxsa hönkürüb o daşlara, ağaclara sarılacağam?! Hərdən mənə elə gəlir ki, sevincdən elə yoldaca ürəyim partlayacaq. Gedib çıxa bilsəm, yəqin, Laçından üzr istəyərəm. Otuz ilə yaxın düşmən tapdağı altında qoyub-gəldiyimizə görə. Bağışlasa, dinləmək istəsə, bu illər ərzində başımıza gələnləri danışaram ona. Deyərəm, əmilərim həsrətinə dözmədi, Məhəbbət Kazımov “Laçınım mənim”, “Bu il yenə gedəmmədim bizim dağlara”, – deyə-deyə getdi bu dünyadan. İndi onların ruhu şaddı, çünki sən yenə bizimsən. Deyərəm, kəndçimiz Heydər kişinin nadinc nəvəsi Ehtiram var idi ha, yadına gəlir? İndi o, Əməkdar artistdir. Muğam ifaçısı Ehtiram Hüseynov. Avazı bürüyəcək “Üst taxta”nı, “Zeynalın şamın”, Muncuqlu körpüsünə kimi gedib çıxacaq səsi. Yenə elimizdə çal-çağır olacaq, tonqallar qalanacaq. Qələbə tonqalları, bayram tonqalları. Tüstüsü düşmənin gözün tökəcək.

Laçın Qarabağın dəmir qapısı idi. Sapı özümüzdən olan baltalar o qapını açıb düşməni içəri buraxmışdılar. Çox şükür ki, biz düşməni Prezident İlham Əliyevin dediyi kimi, “iti qovan kimi” qovduq. Bu yolda canlarını fəda etmiş şəhidlərimizin ruhu qarşısında baş əyirəm, sağlamlığından keçmiş qazilərimizə sonsuz təşəkkürümü bildirirəm. Biz onlara və bütün əsgərlərimizə ömrümüzün sonuna kimi borcluyuq”.

Arzu Zeynallı, jurnalist: 

“Torpaqlar qayıdır, Laçına gedəcəyəm... Demək olar ki, beynimdə ancaq bu sözlər səslənir. Sevinirəm, amma utanıram bu sevinc üçün, ürəkdolusu sevinə bilmirəm. Şəhidlərimizin ruhu qarşısında utanıram, onların ailələrinin göz yaşları qarşısında utanıram, qazilərimizdən utanıram... Bu sevincə görə bağışlasın bizi şəhid anaları, şəhid ataları, şəhid qardaş-bacıları... Haqqınızı halal edin deyirəm ürəyimdə təkrar-təkrar...

Laçın mənimçün nədir? Azərbaycana məxsus olan torpaqdır Laçın! Düşmənə qalmadığı üçün sevinirəm. Özümüzün olan özümüzə qayıtdığı üçün sevinirəm. Laçınlı ruhlar azad olduğu üçün sevinirəm. Viran qalmış torpaqlarımız gözəlləşəcək, insanları yenidən qürurlanacaq, yerə-göyə sığmayacaq. Hə, qürurumuz yerinə qayıdacaq. Kişilər çiyinlərinə əyilmiş başlarını dikəldə biləcək. Ən çox da şəhid ailələri qürurlanacaq, axı o şəhid bütün Azərbaycanın şəhidi olacaq. Axı o şəhidin qələbəsinin qalibləri olacağıq.

Etiraf edim ki, mənim üçün bütün bu qələbələr möcüzə kimi gəldi. Hər dəfə İrəvanın necə Ermənistan olduğunu düşünəndə ürəyimin dərinliyində “Vəssalam, bu torpaqlarımız da getdi, itirdik” təəssüfü keçirdi, dərinliyinə vardıqca ürəyim sıxılırdı. Bu gün isə o düşüncələrimə gülürəm və sevinirəm ki, yaxşı ki, yanıldım.

İndi qalır Laçına getmək. Orta məktəb uşaqları ilə 1941-45 abidəsində görüş vədimiz vardı, qismət 28 illik həsrətdən sonrayaymış demək. Orada atam olmayacaq, nənəm olmayacaq, əmilərim, əmimoğlanları olmayacaq, amma əminəm ki, ruhları bizimlə bərabər gəzişəcək, bizimlə bərabər sevinəcək.

Yadımdadır ki, Laçından çıxanda gecə qapıda oturub “o tay” dediyimiz dağlardakı evlərə baxırdım. Qulaqlarımda “bəlkə bu yerlərə bir də gəlmədim, duman salamat qal, dağ salamat qal”-misrası səslənirdi. Laçından çıxanadək bu mahnı məni tərk etmədi. Əmin idim ki, neçə-neçə mənim kimilər bu mahnını eşidib qulaqlarında.

Sevinirəm... Sevinirəm ki, Laçına gedəndə yolboyu “bu yerlərə bir də gəldim, duman, salam olsun, dağ, salam olsun”,  -deyəcəyəm. 28 illik göz yaşımın nöqtəsini Laçında hönkürməklə qoyacağam. Bu hönkürtü mənim uşaqlığımı qaytaracaq, sağlamlığımı qaytaracaq, qürurumu qaytaracaq, özümü qaytaracaq!.. Əslində, dekabrın 1-də laçınlılar özlərinə qayıdacaqlar, özlərini tapacaqlar. Mən Laçında evimizə gedəcəyəm, sonra məktəbimizə, sonra kəndimizə gedəcəyəm, Qızılqayanı görmək üçün...

Laçına gedişimi hər təsəvvürümdə canlandıranda elə ağlayıram ki. Bu son iki ay, demək olar ki, gözümün yaşı qurumur. Bu qədər ağlağan olduğumu bilməzdim...”.

Şəbnəm Cəbrayıl, məktəb direktoru 

“Mən doğulduğum və böyüdüyüm, uşaqlığımın yarımçıq qaldığı yerdə - Laçın şəhərində, İnşallah, fəaliyyətimə davam edəcəyəm. Doğma torpaqda şagirdlərimizlə birlikdə yenidən o uşaqlıq illərinə qayıdacağam. Onlarla birlikdə böyüyəcəyəm. Bu şərəfli tarixə şahid olduğum üçün qürur duyuram!

Özümü çox şanslı hiss edirəm. Atamın, nənəmin, hər bir Laçın ziyalısında haqqı var. Müqəddəs missiyaya davam edəcəyəm. İndi də edirəm, amma Ağcabədidə. İnşallah Laçında davam edəcəyəm, o zaman yarımçıqlar tamlanacaq.

İllərdir Taxtakörpüdə məskunlaşan bütün laçınlılar qayıdacaqları günü səbirsizliklə gözləyir. Orada bizi əcdadlarımızın ruhu, qəbirləri gözləyir. Sayılı saatlar qaldı artıq. Ürək döyüntülərimiz eşidiləcək kimi atacaqdır...”.

Bəsirə Məmmədli, məktəb direktoru:

“8 may 1992 ci il... Laçın rayon 1 nömrəli tam orta məktəbin bütün Xl sinif şagirdləri 1941-1945-ci illərin tarixi abidəsində sabahısı keçiriləcək 9 May - Qələbə gününə hazırlıq məqsədilə iməcilik keçirirdik. İşimizi yekunlaşdırıb abidənin ətrafında dincəlmək üçün yığışmışdıq. Birdən Şuşa tərəfdən xeyli sayda avtomobil, insanlar gəldiyini gördük. Oğlanlar qaçıb maraqlandılar, bilindi ki, Şuşada vəziyyət pisdi. Laçına xeyli yaralı gətirilib. Məyus halda evimizə dağılışdıq. Söz verdik ki, vəziyyət nə qədər pis olsa da, heç kim heç yerə tərpənməsin. Xl “b”nin sinif nümayəndəsi mən idim və hamımız qəti söz qoyub ayrıldıq...

Həmin günün axşamtərəfi ermənilər qarşı tərəfdən (Gorus, Dığ tərəfdən) Laçını dəhşətli “Qrad” atəşinə tutdu. Dəhşətli gecənin sabahı 9 May günü, atam məni Laçından çıxarmaq üçün qohumların avtomobili ilə Bakıya göndərdi. Rayon rəhbərliyi tapşırmışdı ki, qızları, qadınları döyüş bölgəsindən çıxarmaq lazımdır. Xocalı faciəsinin təkrarlanmasından qorxmuşdu camaat. Mən həmin gün çox təkid etdim ki, ata, yoldaşlarımla söz vermişik Laçını tərk etməyək, atam razı olmadı və mən sinif yoldaşlarımdan xəcalətli halda maşına əyləşdim. Evimizdən Bakıyadək ağladığımdan, uzun zaman gözlərimin ağrısından əziyyət çəkmişdim.

Yolboyu gördüyüm dəhşətlər ömür boyu qəlbimdən silinməyəcək. Evlərini dəhşət içində tərk edən əhalinin əzabları. Ermənilər yüksəklikdən yolları atəşə tuturdular deyə nə qədər insanlar həlak olurdu. Çox, həddindən çox dəhşət yaşadıq o gün. Yolda bir neçə sinif yoldaşımı da gördüyüm üçün az da olsa təskinlik tapırdım ki, təkcə mən deyiləm Laçından çıxan...

...Və Bakıda 1 gecə xalamgildə qalıb tezdən Bərdəyə qayıtdım. Əslində Laçına qayıtmaq üçün Bərdəyə qayıtdım. Atam, anam, qardaşım Laçında odun-alovun içində qalmışdı.

Düşündüm ki, iki gün Bərdədə qalım, vəziyyət düzəlsin, Laçına qayıdacağam. Necə deyərlər, sən saydığını say...

Heç ağlıma da gəlməzdi ki, Laçından 28 illik zaman ayıracaq bizi...

Və beləcə 28 illik məcburi köçkün həyatımız başladı. Həsrət dolu 28 il. Bir an belə Laçını unutmadıq. 28 ildə hər an qayıdacağımız günü gözlədik. Bəzən bu qədər köçkün olar, boş yerə ümidlənmə - deyənlər də çox oldu.

24 illik müəllim fəaliyyətimdə həmişə şagirdlərə bir gün mütləq qayıdacağımızı söyləmişəm.

Laçına döndüyümdə ilk gedəcəyim məkan hara olacaq, deyə qəribə hisslər keçirirəm. "Son zəng"imizi qeyd edə bilmədiyimiz 1 nömrəli məktəbiməmi, güclə yeri bilinən, barbar ermənilərin daşını da söküb apardığı evimizəmi, yoxsa uşaqlıq illərimin keçdiyi əfsanəvi Sarıbabanın ətəyindəki viran edilmiş kəndimizəmi? Çətindir qərar vermək. Bu illər ərzində xəyalən getdiyim, yuxularımdan çıxmayan Vətənim - Laçınım, bizi bağışlayacaqmı? Məncə bağışlayacaq. Çünki özü şahiddir ki, laçınlıların günahı yoxdur bu ayrılıqda. Acı xəyanətlərin qurbanı olmuşduq.

Oxunma sayı 1904
Sosial rubrikasından digər xəbərlər