Laçın-Şuşa istiqamətindəki əməliyyatlar mürəkkəbliyi ilə seçilir - Müsahibə

11:14 29.10.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azad olunmuş hər bir yaşayış məntəqəmizdə İlham Əliyev və Ərdoğana heykəllər qoyulmalıdır... 

Qubadlı rayonunun Xanlıq kəndindən artıq keçmiş məcburi köçkün,  Qubadlı taborunun keçmiş komandir müavini, eyni zamanda həmin rayonun bir müddət hərbi komendantı olmuş ehtiyatda olan mayor Saleh Rüstəmov  “Həftə içi”nə  müsahibəsində sevinc hissləri ilə yanaşı, 1-ci Qarabağ savaşından, doğma kəndlərinin müdafiəsi zamanı qardaşının şəhid olmasından, 1992-ci ilin oktyabrında Laçın “dəhlizi” uğrundakı döyüşlərindən də danışıb.

- Saleh bəy, Ali Baş Komandanın dilindən Qubadlının azad edilməsi xəbərini eşidəndə, yəqin, həyatınızda yaşamadığınız hisslər keçirdiniz?

- Bəli. Bu sevinc, şadlıq hisslərini təsəvvür etmək mümkün deyildir. Bu 27 il 3 aydan sonra istər biz qubadlılar, istərsə də bütün qarabağlılar və bütün xalqımız üçün  indiki  dövrdən daha xoş, şad günlər olmayub.  Düzdür, hərbi və mülki itkilərimiz oldu.  Allah şəhidlərimizə rəhmət eləsin! Onların ruhu qarşısında baş əyirəm. Bütövlükdə  sentyabrın 27-dən bəri hər bir yüksəkliyimizin, hər bir kiçik kəndimizin belə, azad olunması bizdən ötrü bayrama çevrilib.  Bu gün Cəbrayıl, Füzuli, Zəngilan, nəhayət, doğma Qubadlı, dost-doğma Xanlıq kəndim azad olunub. Digər şəhidlərimizlə yanaşı, kəndimiz uğrunda şəhid olmuş qardaşım  Cavanşir Rüstəmovun da qisası alınıb. Bundan böyük bayram nə ola bilər?..

Keçmiş bir məcburi köçkün, həm də Qarabağ qazisi kimi,  müsəlman-türk dünyasının İlham Əliyev- Ərdoğan cütlüyünün qarşısında baş əyirəm. Onlara dünyalar qədər minnətdaram. Azərbaycanımızın və qardaş Türkiyəmizin bu liderlərinin  azad olunmuş və olunacaq hər bir yaşayış məntəqəmizdə heykəlləri qoyulmalıdır... 

Nadir şahın, Xalq Cümhuriyyətinin dövründən bəri Azərbaycanda belə qələbə xəbərləri eşidilməmişdi. Bu, Azərbaycan-Türkiyə cütlüyünün 300 illik bir qələbəsidir. Həmin cütlüyün siyasi iradəsi sayəsində baş verən Qarabağın azadlıq savaşı, artıq Turan Birliyinə gedən yolu tamamilə açır. Eyni zamanda  bu qələbəmizə, birliyimizə dəstək olan dost Pakistan dövləti də, onun rəhbərliyinə də minnətdarıq...

Bu qələbələrin əldə edilməsi üçün canını fəda edən şəhid polkovnikimiz  Şükür Həmidov kimi oğullarımıza Allah rəhmət eləsin! Allah bizim Mais Barxudarov, Hikmət Mirzəyev kimi Jukovdan ötkəm  general sərkərdələrimizin canını sağ eləsin!.. Bu oğullarımız torpaqlarımızı azad etməklə bərabər, 1990-cı illərdə həmin yurdlarımızın müdafiəsi və azad olunmasına cəhdlər zamanı şəhid olan və yaralanan, əsir düşən oğul-qızlarımızın, Xocalının, Ağdabanın, Qaradağlının  və s. qisasını alırlar... Eşq olsun Ali Baş Komandanımıza! Eşq olun ordumuza və xalqımıza!

- Bilirsiniz ki, Qubadlının azad edilməsindən sonra ordumuz, artıq Laçın “dəhlizi”nin azad olunması uğrunda əməliyyatlar keçirir. Siz 1992-ci ilin payızında həmin ərazinin azadlığı üçün aparılmış hərbi əməliyyatlarda iştirak etmisiz. Yəqin, çoxlarından fərqli olaraq bu gün Azərbaycan hərbçilərinin necə çətin bir relyef və iqlim şəratində döyüşməli olduğunu gözəl anlayırsız?..

- Əlbəttə, o dövrdən fərqli olaraq artıq dünyanın müasir güclü orduları sırasında olan  Azərbaycan ordusu, ümumiyyətlə, çox unikal, dünya hərb tarixinə yazılacaq zəfər əməliyyatları keçirir.  Təbii ki, relyef və  iqlim baxımından Laçın-Şuşa istiqamətindəki əməliyyatlar mürəkkəbliyi ilə seçilir.  Əyanilik üçün qeyd etdiyiniz kimi, 1992-ci ildə rəhmətlik Milli Qəhrəman Əlyar Əliyevin  başçılığı ilə ilkin mərhələsində iştirak etdiyim Laçın əməliyyatı haqqında danışmaq istərdim...

1992-ci il sentyabrın sonunda briqada komandiri Nüsrət Namazov tabor komandirlərini Qubadlı rayon mərkəzinə müşavirəyə çağırdı. Onu da deyim ki, Namazovu kişi xarakterli, təcrübəli və savadlı bir hərbçi kimi tanıyırdım. Yadımdadır ki, rəhmətlik Milli Qəhrəman Əlyar Əliyev və digər komandirlər – Dağbəyi, Camal, güləbirdli Vaqif, Muxtar və kəşfiyyat komandiri Səfər də müşavirədə iştirak edirdilər. Namazov dedi ki, sabah səhər saat 5-də Laçın dəhlizi əməliyyatına başlayırıq; Laçının Suarası kəndini, ardınca da Tikanlı zəmi yüksəkliyini alıb çatmalıyıq Turşsu-Ağanus istiqamətinə. Əlyar müəllim etiraz etdi ki, taktiki cəhətən düzgün əməliyyat deyil; Suarasında nahaq itkilər çox verəcəyik və məqsədimizə çata bilməyəcəyik. Mən də Namazova dedim ki, cənab komandir, Suarasında çox itkimiz olacaq. O cavab verdi ki, itkimiz olmalıdır da, kimsə vətəni torpaqlarını almalıdırmı, Saleh, bəs bizim kişiliyimiz? Deməyə sözüm qalmadı. Bu minvalla Əlyar Əliyev konkret olaraq imtina edib getdi. Namazov kəşfiyyat komandirindən məlumat istədi. O da cavab verdi ki, qarşı tərəfdə - Mazutlu və Xanalılar kəndləri ətrafındakı düşmən səngərləri boşdur. Xülasə, oktyabrın 1-i gecə gəldik Laçının Səfyan kəndinə. Orada elə bil, nəsə ürəyimə damdı, şübhələndim və kəşfiyyat komandirindən soruşdum ki, Səfər, erməni səngərlərinin boş olması dəqiq məlumatdı, axı hər gün o istiqamətdən bizim mövqeləri atəşə tuturlar. And içdi ki, Saleh, səngərlər bomboşdu. İndi bir daha gedirəm baxam. Doğrudan da gecə saat 12 radələrəində bir neçə nəfərlə gedib qayıtdı ki, arxayın olun, səngərlərdə erməni yoxdur. Yenə inanmadım. Dedim, bəlkə səni aldadırlar. Dedi, səhərə yaxın bir də gedəcəyəm. Rəhmətlik saat 4-də bir daha gedib gəldi ki, səngərlərdə heç kəs yoxdur. Sən demə, ermənilər “Laçın dəhlizi” əmliyyatından xəbər tutduqlarından tam hazırlıqlı vəziyyətdə bizim hücumu gözləyirmişlər. Belə ki, düşmən kəşfiyyatı gecəgörmə cihazları ilə Səfərgilin gəldiyini görür və onlar yaxınlaşınca səngərləri boşaldıb xeyli arxaya çəkilirlərmiş. Nə isə, bu minvalla səhər saat 5-də Dağbəyinin taboru kəndin yuxarısından hücuma keçdi. Bizim tabor isə birbaşa Suarasının içinə girdik. Demək olar ki, tam mühasirəyə düşdük; düşmən bizi hər tərəfdən özüyeriyən toplarla və digər silahlarla vurmağa başladı. O boş hesab etdiyimiz səngərlərə girəndə həmin kəşfiyyatçı Səfəri və üç biləsuvarlı döyüşçümüzü ermənilər qətlə yetirdi. Təxminən 6-7 nəfər həlak oldu, 7 nəfər yaralandı. Düşmən də xeyli itki verdi. Amma gücümüz az olduğundan məcbur olub geri çəkildik. Mənim də yanımda top mərmisi partladı, qəlpələri dəyməsə də, dalğası bədənimi qayaya çırpdı, ayağımın biri bərk əzilib şişdi. Mazutlu yaxınlığına toplaşanda rəhmətlik Əlyar 4 “ZİL” maşınla taborun döyüşçülərini köməyə gətirdi. Məni döyüşə girməyə qoymadılar və Xanlıq kəndinə hospitala apardılar...

- Yeri gəlmişkən, məhz Əlyar Əliyevin müəmmalı şəkildə həlak olmasından sonra artıq sona yaxınlaşan Laçın uğrunda gedən əməliyyatlar dayandırıldı... Bu haqda hansı məlumatlarınız oldu o zaman?

- Təəssüf, çox təəssüf ki, Əlyar vuruldu... Həmin vaxt Əlyar, Dağbəyi və Vaqiflə birgə hücum edib Suarasını azad edə bildilər. Hospitalda gecə yata bilmədim. Səhər tezdən xəbər çıxdı ki, Əlyarı vurublar. Sürücünü çağırdım və əlimdə çəliklə Tikanlı zəmiyə gəlib çıxdım. Əlyarın silahlanma üzrə müavini Asimdən soruşdum ki, Əlyarı harada, necə vurdular. Dedi, Laçının Fətəlipəyə kəndinin yanında hücuma keçəndə güləbirdli Vaqif Cabbarovla Əlyarın arasında bir balaca mübahisə oldu. Əlyar təklif etdi ki, düşməndən nə sliah ələ keçirsək, yarı böləcəyik. Vaqif isə razılaşmadı, dedi kim qabaqda getsə, silahın hamısını o götürəcək. Bu minvalla Əlyar Əliyev güləbirdli Vaqifdən, təxminən, 1 km irəlidə ermənilərlə atışma zamanı, necə olursa, maşından düşdü. Yerə düşən kimi, onu atəşə tutdular. Sürücüsü Əlisəadət də ona tərəf gedəndə onu da arxadan vurdular. Elə həmin an erməni tərəfdən peyda olan 5 maskalı qarageyimli döyüşçü Əlyarın meyidini götürməyə cəhd etdi. Bu məqamda arxadan gələn Vaqifin taborundakı “BMP” onları atəşə tutdu, qaçdılar.

Oktyabrın 3-ü gecə Tikanlı zəmidə qaldıq. Vaqif də orada idi. Mən ordan “TŞK” silahı ilə Gorus-Laçın yolu ilə gedən erməni maşınlarını vururdum. Erməni əhalisi qaçırdı. Səhər saat 5-də bizə əmr verdilər ki, Güləbirdə qayıdın. Yenicə təyin olunmuş briqada komandiri Balağa Rzayevdən soruşdum ki, bizi niyə geri qaytarırsız? Dedi ki, guya korpus komandiri əmr verib ki, geri çəkilin. Kəlbəcər tərəfdən gələnlər də, Xankəndinin yanındakılar da geri çəkilib. Bunu briqada komandiri dedi. Nə qədər həqiqət olduğunu deyə bilmərəm. Nüsrət Namazovun da qəflətən azad olunub həbs edilməsi də müəmmalı idi...

İnşallah, bu dəfə Azərbaycan Ordusu o günlərdə rəhmətlik Əlyarın kiçik yeniyetmə silahdaşı olmuş və onun qisasını alaraq Laçına bayraq sancacağına söz vermiş Mais Barxudarov kimi generallarımızn sayəsnidə “Laçın dəhlizi” əməliyyatını qələbə ilə başa çatdıraraq Ermənistan ordusunun onurğa sütununu sındıracaq...

- Qardaşınız Cavanşir Rüstəmov da 1993-cü ildə Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Allah rəhmət eləsin!..

- Bəli... Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Cavanşir  1959-cu ilin sentyabrında Qubadlı rayonu, Xanlıq kəndində anadan olub. Erməni qəsbkarları işğalçılıq siyasətinə başladığı gündən   mən və digər 4 qardaşımız kimi o da Qubadlı Rayon İcra Hakimiyyətinin məsul işçisi olsa da, könüllü olaraq Milli Ordu sıralarına yazılıb döyüşlərə atıldı. Cavanşir Qubadlı rayonu ərazisində gedən əksər döyüş əməliyyatlarında iştirak edib. Nəhayət, son döyüşü mən və digər qardaşlarımla bərabər Qubadlının işğalından bir gün öncə - 1993-cü ilin 30 avqust tarixində doğma Xanlığın müdafisində oldu. Həmin döyüşdə qardaşım qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucaldı...

Bir daha  son qələbələrimizin əldə edilməsi üçün canını fəda edən şəhid polkovnikimiz  Şükür Həmidov kimi oğullarımıza Allah rəhmət eləsin! Allah bizim  Mais Barxudarov, Hikmət Mirzəyev kimi Jukovdan ötkəm  general sərkərdələrimizin canını sağ eləsin!.. Bu oğullarımız torpaqlarımızı azad etməklə bərabər, 1990-cı illərdə həmin yurdlarımızın müdafiəsi və azad olunmasına cəhdlər zamanı şəhid olan və yaralanan, əsir düşən oğul-qızlarımızın, Xocalının, Ağdabanın, Qaradağlının  və s. qisasını alırlar... Eşq olsun Ali Baş Komandanımıza! Eşq olun ordumuza və xalqımıza!..

Oxunma sayı 2841