Layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi aparılacaq

19:46 26.02.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bunula bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində ictimai dinləmə keçiriləcək

Əhalinin ümumi rifah halının yaxşılaşdırılmasına yönəldilmiş sosial və infrastruktur əhəmiyyətli layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi və əhalinin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə fevralın 28-də saat 11:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçiriləcək.

Sözügedən qurumun mətbuat katibi İradə İbrahimova qeyd edib ki, layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislərin iştirakı ilə keçiriləcək ictimai dinləmədə Nazirliyin müvafiq qurumlarına təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetiriləcək, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinləniləcək.

Qeyd edək ki, 2016-cı ildə Nazirlər Kabineti tərəfindən "Yaşıllıqların götürülməsi Qaydası" təsdiq edilib. Bu qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir.

Yaşıllıqların götürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Yaşıllıqların götürülməsinə dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda və ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda hallarda yol verilir. Bu hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Fiziki və hüquqi şəxslər qeyd olunan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər.

Yaşıllıqların götürülməsinə dair müraciətə hüquqi şəxslər üçün hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı barədə məlumat, dövlət qeydiyyatı barədə şəhadətnamənin surəti, fiziki şəxslər üçün soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı),  hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə həmçinin vergi uçotu haqqında şəhadətnamənin surəti, götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd və yaşıllığın götürülməsinin əsaslandırılması əlavə edilməlidir. Yaşıllıqların götürülməsinə dair  ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında,  yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və rəyin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizəni qəbul edən müvafiq mərkəzi icra hakimiyyəti orqanı,  yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən bu barədə ərizəçiyə bütün çatışmazlıqlar göstərilməklə məlumat verilir  və ərizəyə baxılma müddətinin axını dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin yazılı məlumatı daxil olduqdan sonra müddətin axını bərpa edilir. İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair  rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 təqvim günündən gec olmayaraq qəbul edilir və  bu qaydanın  əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir.

Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin (kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtiləkəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqların götürülməsinə dair rəy istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə 2  gün müddətində təqdim edilir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllıqların götürülməsi qadağandır. Yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının işçilərinin və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə ərizəçi tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir. Yaşıllığın götürülməsi müvafiq texniki imkanlara və mütəxəssis heyətinə malik ixtisaslaşdırılmış qurumlar  tərəfindən yerinə yetirilməlidir.

Xatırladaq ki, son günlər Bakı-Sumqayıt avtomobil yolunun Xırdalan dairəsi istiqamətində genişləndirilmə işləri aparılır. Bu infrastruktur layihəsi çərçivəsində 500 metrlik ərazidə olan 307 ağac və 203 kol müvafiq aqrotexniki qaydada digər ərazilərə köçürülməkdədir. Köçürülməsi mümkün olmayan ağacların əvəzinə isə yeniləri əkiləcək. Köçürülmə prosesi nazirliyin əməkdaşlarının iştirakı ilə həyata keçirilir.

Qeyd edək ki, bəzən paytaxt ərazisində heç bir infrastruktur layihəsinə daxil olmayan hansısa tikinti işləri çərçivəsində ağacların məhv edilməsi və aidiyyəti qurumlar tərəfindən müvafiq icazə alınmadan köçürülməsi hallarına rast gəlmək mümkündür. Məsələn, paytaxtın Nizami rayonu, K.Balakişiyev küçəsi, 32 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar.

Sözügedən qurumun Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin jürnalistlərə deyib ki, həmin ünvanda aparılan araşdırma zamanı 3 şam ağacının “Karayev City” MTK tərəfindən tikinti işləri aparılan zaman ağır texnika ilə məhv edildiyi müəyyən edilib. Faktla bağlı akt və protokol tərtib olunub. “Karayev City” MTK-nın hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami Rayon Məhkəməsinə göndərilib.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 232
Sosial rubrikasından digər xəbərlər