Ləğv edilmiş dairələrdə təkrar seçkilər nə zaman keçiriləcək? 

13:05 14.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilmiş dörd seçki dairəsində yenidən seçkilər keçiriləcək. Seçki Məcəlləsinin 172-ci maddəsində bildirilir ki, seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası (MSK) təkrar seçkilər keçirir.

Onu da əlavə edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında parlament seçkiləri ilə əlaqədar dörd seçki dairəsinin nəticələri etibarsız sayılıb.

Belə ki, 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edilib.

MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairələrdə müvafiq olaraq Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadi Rəcəbli və Çingiz Qənizadə lider namizəd idilər.

Ekspert Akif Qurbanov hafta.az-a açıqlamasında deyib ki, Konstitusiya Məhkəməsi nəticələrə yekun vurduqdan sonra həmin dairələrdə nəticələr rəsmi olaraq yekunlaşmış sayılır:

“Bundan sonrakı prosedur odur ki, Prezident yenidən seçkilərin keçirilməsi ilə bağlı sərəncam verməlidir. Yəni nəticələri ləğv edilmiş dairələr üzrə təkrar seçki təyin edilməlidir. Təkrar seçkilərin keçirilməsi ilə bağlı sərəncamla təyin olunan seçkilər arasındakı müddət qanunla iki aydan artıq olmalıdır. Bunun üzərinə Mərkəzi Seçki Komissiyası həmin dairələrlə bağlı seçki təqvim planı hazırlayıb təqdim etməlidir. Bunun ardınca da seçki prosedurlarına start verilməlidir. Həmin seçki dairəsində namizədliyini irəli sürmək istəyənlər yeni seçki formatında dairə seçki komissiyasına müraciət edirlər. İmza toplayırlar. Qeydə alınırlar. Təşviqat aparırlar. Həmin prosedurları yenidən təkrarlayırlar. Həmçinin müşahidəçilər də yenidən aidiyyatı üzrə müraciət ünvanlayırlar”.