Lənbəran kəndinin tarixdən silinmək üzrə olan tarixi abidələri – FOTO+REPORTAJ

13:08 23.08.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın tarixini, mədəniyyətini əks etdirən bir sıra dağılmış və dağılmaqda olan tarixi abidələri görəndə gözlərimin önündən bir anlıq Ağdam, Şuşa, Cəbrayıl, kimi işğal altında olan rayon və şəhərlərimiz gəlir. Erməni faşistləri işğal altında olan ərazilərimizdə Qarabağın qədimliyini, tarixini və milli mədəniyyətimizi əks etdirən tarixi abidələrimizi dağıdıblar.

Min cür hoqqalardan çıxaraq onu saxtalaşdırmağa, özününküləşdirməyə çalışırlar. Biz də dünyaya səs salırıq ki, işğal altında olan  torpaqlarımızda tarixi abidələrimizi ermənilər yelə yeksan ediblər.  Amma biz bölgələrimizdə olan tarixi abidələrimizi də bəzən hələ də qoruya bilmirik. Belə bölgələrdən biri də özü kimi qədim olan Bərdə rayonunun Lənbəran kəndində olan tarixi abidələrimizdir.

 Sözügedən kənddəki abidələri baxımsızlıqdan  gözlərimiz qarşısında uçaraq yer üzündən silinib gedir, amma səsimizi hələ də içimizə salmışıq. Hələ də bu dildsiz abidələrin tükürpədici fəryadını eşidə bilmirik.

Əvvəlcə yolumuzu Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, görkəmli həkim Cəmil Məşədi Nəsir oğlu  Lənbəranski və onun oğlu Əliş Lənbəranskinin vaxtilə yaşadıqları evdən saldıq. Ötən əsrdə həmin ev dövlətin balansına keçirilərək, müxtəlif təyinatlar üzrə fəaliyyət göstərsə də, hazırda demək olar ki, tamamilə yararsız vəziyyətdədir. Bina milli üslubda qırmızı bişmiş dördkünc kərpicdən hörülüb. Bina öz gözəlliyi ilə seçilir, bir neçə yerdən uçub dağılsa da hələ də öz əzəmətini qoruyub saxlayır. Artıq binanın bünövrə tərəfdən bir neçə yerdən kərpicləri uçub töküldüyündən divarlarda dərin çala əmələ gəlib. Eləcə də binanın dam örtüyündən əsər əlamət qalmayıb. Binanın həyətini və ətrafını kol-kos cənginə aldığından görünməz olub.

Əliş Lənbəranskinin  doğulduğu ev uçur

Qəhrəman Nəsirov adlı sakin ürək ağrısı ilə bildirdi ki, bu cür yaraşıqlı bina gözlərimiz önündə uçub dağılır: ”Son illərə qədər bu bina xəstəxana kimi fəaliyyət göstərib. 1914-cü il may ayının 10-da  uçulan bu evdə Əliş Lənbəranski dünyaya göz açıb. Onun xalqımız üçün böyük xidmətləri olub. Bakıdakı bir çox mühüm tikinti obyektlərinin ucaldılmasında böyük əməyi olub. Hazırkı Heydər Əliyev Sarayı, Dövlət sirki, Bağırov körpüsü, Qaqarin körpüsü, Məişət Kondisionerləri Zavodu, Yeni Bakı Neftayırma zavodu, Musiqili Komediya Teatrı və digər sənaye və mədəniyyət ocaqları onun rəhbərliyi ilə tikilib”.

Sakinlər söylədilər ki, Əliş Lənbəranskinin arzusu bu olub ki, onun ata-baba evindən həmişə uşaq səsi gəlsin: ”Yəni həmin evdə uşaq bağçası fəaliyyət göstərəydi. Təəssüflər olsun ki, böyük bir memarın arzusu çin olmadı. Bu gün də onun ruhu narahatdır. Yaxşı olardı ki, iki əsrdən çox yaşı olan bu evi təmir və bərpa edib muzey kimi fəaliyyət göstərəydi. Həyətində isə istirahət mərkəzi, park salınaydı. Bərdə şəhərində küçələrin birinə Əliş Lənbəranskinin adı veriləydi”.

Məscidin tarixini göstərən dəmir lövhəni qoparıb atıblar

Lənbəran məscidində də oldiq. Məscid yan və arxa tərəfdən uçub. Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qeydə alınmış bu məscid binasında əgər qısa bir vaxtda bərpa işləri aparılmasa bina tamamilə uçacaq.

Emin adlı sakin dedi ki, Lənbəran məscidinin qabaq tərəfində divarın küncündə onun tarixini əks eydirən kiçik bir dəmir lövhə var idi. Üç-dörd gün bundan qabaq Mədəniyyət Nazirliyinin Abidələrin Bərpası və Qorunması İdarəsindən 3 nəfər qadın gəlib məscidin qabağına vurulmuş həmin dəmir lövhəni söküb, onun yerinə salafana salınmış kağız lövhə asdılar. Guya bu abidə yeni tapılıb. Onlar üçün yeni abidədir. Amma paslı dəmir lövhədə belə deyildi. Həmin lövhədə abidənin tarixi var idi. Mədəniyyət Nazirliyindən hər il gəlib məscidin şəkilini çəkib gedirlər. Bu məscidi isə Hacı İsmayıl tikdirib.”

Hacı Nuru məscidini də ziyarət etdik. Həmin məscidin içində Hacı Nurunun və Mehralı Əfəndinin qəbri uyuyur. Hacı Nurunun yaxınları tərəfindən həmin məsciddə təmir işləri aparılsa da, başa çatdırılmayıb. Sakinlərin sözlərinə görə, sözügedən Nazirliyin səlahiyyətli nümayəndələri gəlib təmir işlərinin aparılmasını dayandırıblar. Səbəb məscid binasında bərpa işlərinin düzgün aparılmaması olub. Onların dediklərinə görə məscidin forması və görkəmi dəyişdirilib.

Sakinlər dedilər ki, kənddə daha qədim bir məscid də var idi. Baxımsızlıqdan həmin məscid uçub, ancaq məscidin torpaq izləri qalıb.

Sakinlər tarixi abidələrin dövlət tərəfindən bərpasını istəyirlər.