Londonda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilib - FOTO

18:37 20.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Londonda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Londonda fəaliyyət göstərən Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin təşkil etdiyi tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 20 Yanvar faciəsi haqqında məlumat verib. O, törədilən hadisənin dəhşətli və qeyri-qanuni olduğunu bildirib. Səfir faciənin əks olunduğu beynəlxalq media və nəşrlərdən nümunələr gətirərək Azərbaycan xalqına qarşı 30 il öncə ovaxtkı sovet hakimiyyəti tərəfindən törədilmiş bu dəhşətli qırğının bütün beynəlxalq norma və konvensiyalara zidd olduğunu söyləyib.

Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin yaradıcısı və rəhbəri Əli Təkin Atalar, gürcü əsilli antropoloq və etnoqraf, İngiltərənin ən məşhur universitetlərində dərs demiş Tamara Draqadze də faciə haqqında danışıblar. Londonda təhsil alan azərbaycanlı gənclər öz fikirlərini bildiriblər.

Sonra Qanlı Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş olunub. Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tarzən Rafiq Rüstəmov həzin Azərbaycan musiqisi ifa edib. Daha sonra ehsan süfrəsi açılıb.