Mahatma Qandinin 150-ci ildönümü Bakıda qeyd olunub  

10:42 03.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın ölkəmizdəki səfirliyi Mahatma Qandinin anadan olmasının 150 illiyi münasibətilə ötən il oktyabrın 2-də start verdiyi tədbirlər silsiləsindən  növbəti tədbirini keçirib.

Hafta.az yazır ki, millət vəkili Rüfət Quliyev, Dillər Universitetinin prorektoru Jalə Qəribova, AMEA-nın Azərbaycan-Asiya əlaqələri şöbəsinin rəhbəri Bədirxan Əhmədov Qandi ideologiyasının bu günkü dünya üçün aktuallığından söz açıb.

Hindistanın ölkəmizdəki səfiri B.Vanlalvavna Mahatma Qandinin 150-ci ildönümü tədbirinə ev sahibliyi etdiyi üçün Dillər Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib. Səfir, Qandinin qeyri-zorakılığın 5 əsas prinsipi - hörmət, anlayış, qəbul, dəyər vermə və mərhəmət, eləcə də bu prinsipləri mənimsəməyin müasir dünya üçün əhəmiyyətindən danışıb. O həmçinin, Hindistanla Azərbaycan arasında inkişaf etməkdə olan ikitərəfli əlaqələrə toxunaraq bütün fakultə üzvləri və tələbələri səfirliklə fəal əlaqə saxlamağa çağırıb. Səfir Mahatma Qandinin 150-ci ildönümü münasibətilə müxtəlif tədbirlərin təşşkilində göstərilən fəal dəstəyə görə dövlət qurumlarına, rayon icra hakimiyyətlərinə, xüsusilə də sülh Qandiyə ehtiram olaraq xatirə poçt markasını tədavülə buraxdığı üçün "Azərmarka" rəhbərliyinə minnətdarlığını bildirib.

Daha sonra “Mahatma Qandinin həyatına baxış” adlı Rəssamlar İttifaqı tərəfindən hazırlanan rəsm albomunun təqdimatı keçirilib. Rəsm əsərlərində Rəssamlar İttifaqının 46 üzvü Qandi töhfələrinə dair təəssüratlarını olduqca gözəl ifadə edib. Tədbir çərçivəsində Mahatma Qandiyə həsr olunmuş rəsm sərgisi də təşkil olunub.

Xatırladaq ki, Hindistan səfirliyi daha əvvəl Mahatma Qandinin 150-ci ildönümünün qeyd ediməsi münasibətilə rəsm sərgisi, velosiped yürüşü, ağacəkmə tədbiri də daxil olmaqla bir sıra tədbirlər təşkil eləmişdi. Həmçinin, Bakıdakı universitetlər və beynəlxalq məktəblərdə də bir sıra tədbirlər keçirilib.