Manat bu il də sabit qalacaq - TƏHLİL

11:26 28.01.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

S&P Global Ratings" beynəlxalq reytinq agentliyi növbəti dörd ildə Azərbaycan manatının məzənnəsinin ABŞ dollarına nisbətdə stabil qalaraq 1,7 səviyyəsində olacağını proqnozlaşdırır. "S&P" hazırda manatın məzənnəsinin dövri fiksasiya ilə çevik məzənnə rejimi kimi təsvir edir. Agentliyin gözləntilərinə görə, neftə olan qiymətlər gözləniləndən aşağı ensə, Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini operativ şəkildə tənzimləyəcək.

Qeyd edək ki, Azərbaycanın maliyyə sektorunda bir sıra həssaslıqların qalmasına baxmayaraq hazırda bu sahədə müsbət meyllər müşahidə olunmaqdadır. Demək olar ki, son 3 ildə aşağı inflyasiya, möhkəm və sabit məzənnə, çox aşağı və konservativ azalan xarici borc, möhkəm xarici mövqelərimiz ölkəmiz üçün əlverişli şərait yaradır. Hesablamalara görə, ölkəmizin valyuta ehtiyatları xarici borcu 5 dəfədən çox üstələyir. Məsələn, ötən il Mərkəzi Bank, Dövlət Neft Fondu və Maliyyə Nazirliyi öz ehtiyatlarını xeyli artırıb. Təxminən toplam olaraq hər iki qurum birlikdə ehtiyatların idarə olunmasından 700 milyon dollardan yuxarı gəlir əldə edib.

Yeri gəlmişkən, 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın valyuta ehtiyatları 6,4 milyard dollar artıb və rekord həddə - 51 milyard dollara çatıb: “Bildirməliyəm ki, adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir. Xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 6 milyard dollar təşkil edir və bu, çox gözəl göstəricidir. Deyə bilərəm ki, dünya ölkələrinin mütləq əksəriyyətində xarici ticarət dövriyyəsində mənfi saldo müşahidə olunur, bizdə isə müsbət saldodur. Bu, sözsüz, həm manatın məzənnəsinin sabit vəziyyətdə saxlanmasına, həm də bütövlükdə makroiqtisadi vəziyyətin sabit olmasına xidmət göstərəcək. Beləliklə, iqtisadi sahədə əldə edilmiş nəticələr və rəqəmlər artıq bir daha təsdiqləyir ki, bizim siyasətimiz düşünülmüş və nəticəyə hesablanmış siyasətdir”.

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov isə sözügedən müşavirədə deyib ki, cari ildə həm təmsil etdiyi qurumun, həm də Azərbaycan hökumətinin qarşısında olduqca mühüm vəzifələr durur: “Cari ilin əsas vəzifəsi təbii ki, yenə də inflyasiyadır. Bu, həm əhalinin gəlirlərinin formalaşmasında, həm manatın alıcılıq qabiliyyətinin qorunmasında, həm əhalinin aktivlərinin, yığımlarının dəyərsizləşməsinin qarşısının alınmasında olduqca prinsipialdır. Cari ildə də hökumətin rəsmi baza proqnozu məlumdur. Düşünürük ki, Mərkəzi Bankın proqnozu dəyişmir, inflyasiyanın 4 faiz ətrafında sabitləşdirilməsi planlaşdırılır. Bu istiqamətdə hökumətlə birlikdə sıx koordinasiyada bütün işləri görəcəyik ki, bu inflyasiya səviyyəsinə nail olaq. Təbii ki, burada bir sıra amillər də var. Bu amillərdən ən başlıcası manatın sabitliyidir. Düşünürük ki, hökumətin rəsmi baza proqnozunda 55 dollarda belə tədiyə balansımız bu il də müsbət olacaq və valyuta ehtiyatlarını yığmağa imkan verəcək. Ancaq biz ümid edirik ki, bütövlükdə bir tərəfdən neftin faktiki qiymətinin daha da yüksək olması və valyuta vəsaitlərinin, valyuta gəlirlərinin şaxələnməsi istiqamətində görülən tədbirlər imkan verəcək ki, daha tarazlı valyuta bazarına malik olaq. Düşünürük ki, bu il də manatın məzənnəsinin sabitliyi qorunacaq”.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov da deyib ki, hökumətin 2020-ci il üçün hazırladığı proqnozlara baxmış olsaq, manatın məzənnəsinin sabit saxlanacağı ehtimalları daha yüksəkdir: “Hazırki həm daxili, həm xarici konyuktur imkan yaradır ki, bu ildə manatın məzənnəsində hər hansı ciddi bir dəyişikliyə gedilməsin. Çünki bir sıra hesablamalar zamanı neftin 1 barrelinin qiyməti 55 dollardan götürülübdür. Və indiki halda dünya bazarlarında neftin qiyməti 60 dollar civarındadır. Əgər biz beynəlxalq təşkilatların, OPEK, ABŞ Enerji Administrasiyasının Beynəlxalq Enerji Agentliyinin proqnozlarına baxmış olsaq, neftin qiymətinin 2020-ci ildə 60 dolların üzərində olacağı ehtimalı daha yüksəkdir. Lakin burada bir məsələni də yaddan çıxarmaq olmaz ki, neft bazarında proqnazlaşdırma aparmaq o qədər asan deyil. Müxtəlif siyasi və iqtisadi faktorlar prosesə birbaşa təsir göstərir. Ümumi yanaşma ondan ibarətdir ki, ticarət savaşları fonunda 2020-ci ildə dünya iqtisadiyyatında enerji resurslarına olan tələbdə azalma müşahidə oluna bilər. Bu azalma son nəticədə neftin qiymətinə neqativ təsir edə bilər. Amma buna baxmayaraq proqnozlar 60 dolların üzərindədir. Yəni Azərbaycanın hesablamaları ilə müqayisədə təxminən 12,13 faiz daha yuxarıdır. Və bu şərtlər daxilində Azərbaycanda manatın məzənnəsinin sabit saxlanılması ehtimalı yüksəkdir. Yəni mövcud konyuktur əslində manatın məzənnəsinin möhkəmlənməsinə şərait yaradır”.

İqtisadiyyat rubrikasından digər xəbərlər