Marketlər polietilen torbadan nə vaxt imtina edəcəklər?

20:07 26.02.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hazırda bəzi suprermarketlərdə müştərilərə ekoçantalar təklif olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyində plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin aradan qaldırılmasında marketlərin rolu mövzusunda görüş olub. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri və iri marketlər şəbəkələrinin nümayəndələri iştirak ediblər. Görüşdə nazirliyin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova plastik və polietilen məhsulların ətraf mühiti çirkləndirmək, şəhərin gözəlliyini korlamaqla yanaşı, bioloji müxtəlifliyə zərər verdiyini də deyib: “Heyvanlar plastik məhsulları qida ilə səhv salır və nəticədə hər il 100 min heyvan bu səbəbdən ölür. Heyvanların ölümündən sonra parçalanmamış qalan plastikləri digər heyvanlar yeyir və nəticədə “ölüm zənciri” yaranır. Polietilen torbalar və plastik butulkalar parçalanmır, əvəzində torpaq və su yollarını çirkləndirən zəhərli hissəciklərə - mikroplastlara ayrılır”.

Nazirliyin nümayəndəsi plastik və polietilen məhsulların istifadəsinin azaldılması istiqamətində görülən tədbirlər haqqında məlumat verib: “Bir sıra marketlərdə plastik və polietilen məhsulların əvəzləyicilərinin təbliği məqsədilə maarifləndirici aksiyalar keçirilib. “Yaşıl fikirlə sağlam gələcəyə doğru”, “Təbiəti qoru, özünü qoru” şüarı ilə təşkil olunan aksiyalar zamanı polietilen torbalar əvəzinə ekoçantalardan istifadəyə üstünlük vermək məqsədilə bir neçə marketdə alıcılara ekoçantalar paylanılıb. Bəzi supermarketlər şəbəkəsində qarğıdalı və kartofdan hazırlanan biopaketlərin təqdimat mərasiminin keçirilməsi sellofan paketlərdən imtinanın əhəmiyyətini bir daha gündəmə gətirib”.

Tədbir zamanı iri marketlər şəbəkələrinin nümayəndələrinə plastik və polietilen məhsulların istifadəsinin azaldılmasına istiqamətlənmiş təkliflər də irəli sürülüb. Təkliflər arasında satıcılara polietilen torbalardan və plastik qablaşdırma məhsullarından istifadənin məhdudlaşdırılması istiqamətində təlimlər keçirilməsi, ekoloji təmiz çantaların satışına daha çox şərait yaradılması, onların satışı üçün daha çox rəfin ayrılması, ekoçantaların və biopaketlərin kassalara daha yaxın və müştərilərin diqqətini dərhal cəlb edəcək yerlərdə satışlarının təmin edilməsi, bir dəfə istifadəyə yararlı olan plastik qabların satışının məhdudlaşdırılması, ekoçantaların alınması üçün müəyyən güzəştlərin və endirim aksiyalarının tətbiqi, satıcıların müştəriləri ekoçantaların və biopaketlərin satışına sövq etməsi yer alıb.

Nazirliyin əməkdaşı Adil Zeynalov bildirib ki, Prezident İlham Əliyev ötən il fevralın 7-də “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu məsələ ilə bağlı dövlət səviyyəsində məsələ qaldırılıb. Nazirlik istehsalçı və təkrar emalçılarla görüşlər keçirib.

Görüşdə iştirak edən marketlər şəbəkələrinin əməkdaşları ətraf mühitin mühafizəsinə maraqlı olduqlarını, təmsil etdikləri marketlərdə maarifləndirmə aksiyalarının alıcılar tərəfindən maraqla qarşılandığını deyiblər. Onlar alıcıların diqqətinin ekoçantalara cəlb edilməsi üçün müxtəlif addımlar atılacağını qeyd ediblər.

Marketlər şəbəkələrindən birinin nümayəndəsi Billurə Əmirova polietilen və plastik məhsulların ətraf mühitə vurduğu zərərlərdən və onun qarşısının alınması istiqamətində təmsil etdiyi marketlər şəbəkəsində görülən maarifləndirici işlərdən danışıb: “Ötən il alıcılarımıza polietilen paketlərlə yanaşı, eko və biopaketlər də təqdim etdik. Həmin ekoloji təmiz çantalar müəyyən ödəniş məbləğində təklif olundu. Lakin ola bilər ki, gələcəkdə onlar alıcılara ödənişsiz olaraq təqdim edilsin. Bu da polietilen torbalar ödənişli olsa və ölkədəki bütün marketlər şəbəkəsi polietilendən imtina etsə mümkündür. Bu il də ekoloji layihələrimizin davamı olacaq. Müxtəlif ölçü və dizaynda eko və bioçantaların müştərilərə təqdim edilməsi nəzərdə tutulub”.

Digər marketlər şəbəkəsinin nümayəndəsi Pərviz Əzimov polietilen torbalardan istifadənin məhdudlaşdırılması üçün dövlət qanunvericiliyinin qəbul edilməsinin vacibliyini qeyd edib: “Lakin qanunvericiliyin qəbuluna qədər marketlər şəbəkəsi də bu işə töhfə versə, çox yaxşı olar. Polietilen paketlərin istifadəsinin azaldılması üçün alıcılara çoxistifadəli ekopaketlər təqdim olunmalıdır. Bunun üçün stimullaşdırıcı işlər görülə, dövlət tərəfindən ekoloji cəhətdən təmiz torbalara olan əlavə dəyər vergisi aradan qaldırıla bilər. Supermarketlər özləri də eko və biopaketlərin təbliği məqsədilə aksiyalar keçirə bilərlər. Plastik paketlərin ödənişli olması və alıcıların ondan istifadə etməməsi birbaşa supermarketlərin öz marağındadır. Ay ərzində onlara yüz minlərlə manat məbləğində xərc çəkilir. Supermarketlər bir növ bu vəsaitdən xilas olmuş olur. Bu zənciri tamamlamaq məqsədilə evdəki tullantıların yığılması üçün də tez əriyən və qısa müddətdə sıradan çıxan tullantı paketləri də istehsal edilməlidir”.

Başqa bir marketlər şəbəkəsinin əməkdaşı Kənan Şirinov da maarifləndirici aksiyaların davamlı olacağını, ekoçantaların faydaları haqqında müştərilərə məlumat veriləcəyini diqqətə çatdırıb: “Marketlər şəbəkəsi olaraq ortaq tədbirlər görməyə hazırıq. Görülən işlərin müsbət nəticə verəcəyinə inanıram”.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2017-ci ildə Azərbaycanda istehsal olunan plastik qablaşdırma məhsullarının həcmi 2010-cu illə müqayisədə təqribən 2,5 dəfə artıb, eyni zamanda, 2009-cu illə müqayisədə 5 dəfə çox plastik qablaşdırıcı idxal edilib. Ölkədə hər il orta hesabla adambaşına 24 kiloqram plastik tullantı yaranır. Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından onların səmərəli idarə olunması ilə bağlı tədbirlər görülməsi zəruri sayılır.

Son illərdə Azərbaycanda da bu istiqamətdə bir çox məqsədyönlü işlər görülüb. Belə ki, ölkəmizdə emal və xidmət müəssisələrinin qurulmasına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb. Eyni zamanda, Prezident İlham Əliyev 2019-cu il fevralın 7-də “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Tədbirlər Planı plastik qablaşdırma məhsullarının kütləvi istifadəsinin bitkilərə, heyvanlara, torpaq və su resurslarına mənfi təsirinin qiymətləndirilməsi əsasında bu sahədə çirklənmənin azaldılması ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası məqsədilə hazırlanıb. Tədbirlər Planının hazırlanması məqsədilə ölkəmizdə bu sahə üzrə mövcud vəziyyət araşdırılıb, habelə beynəlxalq təcrübəyə əsaslanaraq plastik qablaşdırma tullantılarının toplanması, daşınması, utilizasiyası və təkrar emalı zənciri boyu yüksək səmərəlilik və keyfiyyət səviyyələri, tənzimləyici mexanizmlər, istifadə olunan idarəetmə prinsipləri və digər istiqamətlər üzrə təhlillər aparılıb. Həmçinin ölkədə bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün dünyanın qabaqcıl ölkələrinin analoji təcrübələrindən istifadə edilərək strateji məqsədlər müəyyənləşdirilib.Tədbirlər Planı 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışını əhatə edir. Burada sahə üzrə idarəetmənin səmərəliliyinə və yüksək xidmət səviyyəsinə nail olmaq üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Məsələyə münasibət bildirən ekoloq Telman Zeynalov da hesab edir ki, bu məhsullardan ən böyük ziyan təbiətə və ordan da dolayısı ilə insana dəyir: “Digər tərəfdən, sellofan torbalar başqa məişət tullantılarından çox yüngül olduğundan küləkli Bakıda qısa müddətdə uzun yol qət etmələri mümkündür. Ağacların başına ilişib qalan torbaları isə təmizləmək kimsənin ağlına gəlmir. Bu mövzunu dəfələrlə qaldırsam da nəticəsi olmayıb. Biz tələb edirdik ki, həmin sellofan torbaları istehsal edib ondan külli miqdarda pul qazananlar ekologiyaya vurduqları ziyanı da qarşılasınlar. Ən azından həmin torbaların təbiətdən təmizlənməsində iştirak etsinlər. Belə olan təqdirdə görülən işlərin effekti daha böyük olar”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 147
Sosial rubrikasından digər xəbərlər