Marşrut avtobusları dayanacaqlarda niyə saxlamır? - FOTO  

19:04 06.11.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın elə qəsəbə və küçələri var ki, marşrut avtobusları təzə qoyulmuş dayanacaqlarda saxlamır. Sürücülər özləri bildikləri kimi avtobusları idarə edirlər. Belə ərazilərdən biri də Suraxanı rayonu Yeni Günəşli qəsəbəsidir. Sözügedən qəsəbənin mərkəzi yolları dövlət tərəfindən standartlara uyğun səviyyədə əsaslı təmir edilib, köhnə avtobus dayanacaqları ləğv edilərək,  əlverişli olan yerlərdə müasir tipli şəffaf dayanacaqlar quraşdırılıb.

Yeni Günəşli qəsəbəsində 104, 55, 64, 50 saylı marşurt xətləri fəaliyyət göstərir. Qəsəbə sakinlərinin sözlərinə görə, “Q” yaşayış massivi tərəfində quraşdırılmış dayanacaqda sözügedən marşrut avtobuslarının heç biri saxlamır. Günəşliyə işləyən bütün avtobuslar əvvəlki qaydada köhnə yerdə, yəni foto-füjenin qapşısında saxlayır. Bu isə yolda sıxlıq yaradır və piyadaların hərəkəti üçün də təhlükəlidir.

Bir saatdan çox təzə quraşdırılmış dayanacaqda marşrut gözlədik. Həmin ərazidən keçən avtobuslar dayanacaqdan, təxminən, 50-60 metr aralıda yerləşən köhnə dayanacaqda saxlayırdı. Həmin dayanacağa sərnişin də gəlmirdi. Səbəbini sərnişinlərdən soruşduqda, cavabları bu oldu ki, marşrut avtobusları köhnə dayanacaqda saxlayır. Sakinlərin sözlərinə görə, hər şey qanunla tənzimlənir: “Bakı Nəqliyyat Agentliyi və Yol Patrul Xidməti əməkdaşları bircə dəfə avtobus sürücülərini cərimələsə, onlar da qanuna tabe olar və təzə quraşdırılmış avtobus dayanacaqlarında saxlayar. Bu Biz sərnişinlər üçün də rahat olar”.

Avtobus sürücülərinin cavabı isə bu oldu ki, onlara köhnə dayanacaq sərf edir. “Şir” heykəlinin yanından “Qartal” abidəsinə gedən yolda da yeni dayanacaq quraşdırılıb. Burada da eyni durumdur. Marşrut avtobusları dayanacaqdan xeyli aralıda, işıqforun yanındakı köhnə beton tikilinin qarşısında saxlayır.