Maska taxmamağa görə cərimələr artırıldı - Paytaxt sakinləri nə düşünür? - Sorğu

14:15 29.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında İnzibati Xətalar Məcəlləsinə  dəyişiklik edilməsi  məsələsi I oxunuşda müzakirəyə çıxarılıb. Məcəlləyə təklif edilir ki, epidemiya əleyhinə rejimin sanitar gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək cərimə edilsin.

 İşin hallarına görə, xətanın törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər 4000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.

Hafta.az olaraq şəhər sakinlərinin fikrini soruşduq. Cərimə maska taxmayanlara qarşı cərimə məbləğinin artırılmasına münasibətiniz necədir?. Bu qərardan razı qalanlar da var, narazı olanlar da...

Samirə xanım deyir ki, yaxşı qərardı:

"İnsanların yoluxma sayı artır. Bəlkə cərimələrə görə evlərində otursunlar. Bəzi şəxslər gəzmək adı ilə çıxırdı. Yalandan icazə alırdı. Maska da taxmırdı".

Onun sözlərinə görə, karantin rejimi sərtləşdirilməmişdən əvvəl xüsusilə də bəzi valideynlərin uşaqları ilə birlikdə insanların sıx toplaşdıqları ərazidə gəzdiklərinin şahidi olurdu:

"Bankda, marketlərdə hamımızın işi olur. Maska taxmayanlara irad bildirdikdə heç veclərinə almırdılar. İndi bu cür şəxslər maska taxmadıqlarına yüksək cərimə ödəyəndə bəlkə ağıllanalar".

Daha bir həmsöhbətimiz taksi şoferi Nəsib bəy də qərarı xoş qəbul edənlərdəndi:

"Əvvəl inanmırdım. Elə bilirdim boş söhbətlərdir. İndi isə bacım və yoldaşı xəstəxanada yatır. Vəziyyətləri ağırdır".

Onun sözlərinə görə, bəzən taksiyə minənlər maska taxmırlar. İrad tutduqda isə başqa taksi ilə gedəcəklərini bildirərək maşından düşürlər:

"Sanki bu yolla onların dedikləri kimi davranacağıq. Əsas can sağlığıdır. Əgər 5 manata görə maska taxmayanları istədikləri ünvana aparsaq, sonradan sağlamlığımız üçün ciddi təhlükə yaranar. Eybi yox, bir gündə 5 manat az qazanaq, amma sağlam qalaq".

 Rövşən bəy deyir ki, birmənalı olaraq qərar düzgün deyil:

"Elə adam var ki, imkansızdı, evdə otura bilməz, iş adamıdı. Hardansa qazancı var, o şəhərə çıxıb işə gedəndə cərimələnəcəksə, 400 manatı necə ödəyəcək?".

"Bəs yoluxma riski də daha çoxdur, onda necə?" sualına isə həmsöbətimiz "bunun üçün başqa adımlar atılmalıdı" deyə cavab verdi. Lakin başqa addımların nə olduğuna dair heç bir fikrinin olmadığını söylədi.

Beləliklə, görünən mənzərə odur ki, artıq insanlarda koronavirus təhlükəsindən qorunmaq üçün məsuliyyət hissi artmaqdadır. Qaydalara əməl edənlər isə etməyənlərin sərt cəzalandırılmasının tərəfdarıdır. Cəmiyyətdə koronavirusun varlığına dair şübhə ilə yanaşanların isə sayı xeyli dərəcədə azalıb. Gəlin cərimələnməmək üçün qaydalara riayət edək, özümüzü və çevrəmizi koronavirus bəlasından qoruyaq...

Oxunma sayı 2347
Sosial rubrikasından digər xəbərlər