Şüşəli və ya kövrəkləşən Bakı...

15:15 25.10.2011
Yazını böyüt
Yazını kiçilt

Cahangir Qocayev: “Şüşə konstruksiyalar quraşdırılan zaman şəhərin relyefi də nəzərə alınır“

Küləklər şəhəri olan Bakı seymsik və tektonik cəhətdən təhlükəli ərazidir. Bu amil daim ən müxtəlif dairələrdə narahatlıq yaradır. Həm də ona görə ki, sürüşmə və zəlzələyə potensial yer olan paytaxtda davamlılığı çübhə doğuran şüşəli binaların, otellərin və ictimai-işaşə obyektlərinin sayı durmadan artır.

Ekspertlər isə seysmik zonalarda şüşəli binaların tikilməsini əlverişsiz, hətta təhlükəli sayırlar. Mütəxəssislər hesab edirlər ki, Bakıda bu cür tikililərin sayının artmasına göz yummaq sonradan başağrısına, insanların həyati təhlükə ilə üz-üzə qalmasına səbəb ola bilər. Çünki Bakı daim günəşli və küləkli şəhərdir və bu, şüşəli obyektlərə ciddi təhlükə yaradır. Belə ki, Abşeron yarımadasında tez-tez müşahidə olunan xırda təkanlar digər tikililərdən fərqli olaraq, daha çox belə binaların və obyektlərin taleyini sual altına atır.
Bununla belə, Bakı şəhərində şüşəli instruksiyalı binaların tikintisinin məhdudlaşdırıldığı, yaxud da buna hazırlıqların getdiyi hələ ki, müşahidə olunmur. Əksinə, belə bunaların sayı artmaqda davam edir. Hətta yaxın vaxtlarda Bakı bulvarında bütün köhnə iaşə obyektlərinin (kafe, restoran) xarici görünüşü tamamilə yenilənəcək. Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, bulvarın simasının yaxşılaşdırılması üçün ərazidəki kafe və restoranlar söküləcək və onların yerində daha müasirləri inşa olunacaq. Onun sözlərinə görə, bu yaxınlarda “Günəş“ kafesi tamamilə sökülərək yerində şüşədən bina tikilib.
“Əvvəllər o bina müasir standartlara cavab vermirdi, kifayət qədər insanı eyni vaxtda qəbul etmək mümkün deyildi“ - deyə, Nazim Məcidov vurğulayıb. Xatırladaq ki, bu yeniləmə ilə əlaqədar paytaxtda yeni kafe və restoranlar quraşdırılacaq. Həmin obyektlərin əksəriyyəti əsasən, şüşə instruksiyalı materiallardan quraşdırılacaq. Bundan başqa, elə Dənizkənarı Bulvar təmirdən sonra istifadəyə verildiyi vaxtda bulvarda şüşəli kafelər fəaliyyətə başlamışdı. Bu kafelərin əksəriyyəti iki və daha artıq mərtəbəlidir. Mərtəbələr arasındakı arakəsmə də tamamilə şüşələrdən ibarətdir. Belə binalar əsasən, bir-birinə bərkidilmi. Dəmir konstruksiyalardan yığılır və üzərinə şüşə örtük çəkilir. Ancaq xarici görünüş baxımından kifayət qədər cəlbedici olan bu tikililərin möhkəmliyi barədə mütəxəssislər müsbət fikirdə deyil.
Dövlət Memarlıq və Şəhərsalma Komitəsinin şöbə müdiri Cahangir Qocayev deyir ki, bu tip tikililərin məhkəmliyinə görə heç də daş binalardan geri qalmır. Onun fikrincə, şüşədən ibarət tikililər ilk baxışdan kövrək görünsə də, əslində belə deyil? “Tikinti zamanı şüşə instruksiyalardan istifadə olunan binalar hündür və çoxmərtəbəli deyil. Ona görə də hansısa təhlükədən söz belə gedə bilməz. Bu tip iaşə obyektləri vətəndaşların əyləncəli və maraqlı istirahət etmələri üçün yaradılıb. Belə yerdə oturduğunuz zaman həm çay içir, həm dincəlir, həm də ətrafı seyr edə bilirsiniz. İndi şüşə konstruksiyalar həddən artıq möhkəmdir. Hətta bəziləri bir neçə ton ağırlığında yükə də davamlıdır. Dənizkənarı Bulvarda quraşdırılan bu obyektlər də təbii ki, kifayət qədər dözümlü və hər cür təbii şəraitə uyğundur“.
Belə tikililərin tektonik titrəyişlərə və Bakının şıltaq havasına davamlılığına gəlincə, Cahangir Qocayev bildirir ki, şüşə konstruksiyalar quraşdırıldığı zaman təbii ki, şəhərin relyefi də nəzərə alınır.
Nigar İxtiyarqızı