Mədəniyyət naziri Çinin UNESKO üzrə Milli komissiyasının rəhbəri ilə görüşüb

14:09 07.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev sessiyada iştirak edən Çin Xalq Respublikası Təhsil nazirinin müavini, bu ölkənin UNESKO üzrə Milli komissiyasının rəhbəri Tian Xuejun ilə görüşüb.

Hafta.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Əbülfəs Qarayev qonağı salamlayaraq Çinin təqdim etdiyi nominasiyaların Dünya İrsi Siyahısına salınması münasibətilə təbriklərini çatdırıb. Çinin Ümumdünya İrs Komitəsinin 44-cü sessiyasına ev sahibliyi etmək istəyi bu ölkənin dünyada mədəni irsin qorunmasına verdiyi önəmin göstəricisi kimi qiymətləndirib.

Nazir ölkəmizdə keçirilən komitənin Bakı sessiyasında maraqlı müzakirələrin aparıldığını və bu müzakirələrdə Çin nümayəndə heyətinin də fəal iştirak etdiyini vurğulayıb.

Tian Xuejun Azərbaycanın Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə hazırlaşdığını bildirib. Qeyd edib ki, növbəti sessiyanın Çində keçiriləcəyini nəzərə alaraq bu sahədə Azərbaycanla əməkdaşlığa xüsusi önəm veriləcək.

Görüşdə Azərbaycan və Çin arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.