Məhkumluğu olanlar kirayə mənzil layihəsindən yararlana bilməyəcək? -Hüquq müdafiəçiləri danışır

15:25 09.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bu il Prezident İlham Əliyev yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə kirayə mənzillərin daimi olaraq uzun müddətə verilməsi haqqında sərəncam imzaladı. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bununla bağlı bununla bağlı şərtləri açıqlayıb. Şərtlər arasısında məhkumluq həyatı keçirənlərin kirayə mənzillərə sahib ola bilməməsi məsələsi müzakirə mövzusuna çevrilib. Bu isə cəmiyyətdə diskirminasiya və ayrıseçkilik məsələsini qabartmış olur.

Məsələni hafta.az-a şərh edən hüquq müdafiəçisi Səadət Bənəniyarlı dedi ki, əslində insan cəzaya məhkum olubsa və müddəti bitib, öz cəzasını çəkib çıxıbsa o da cəmiyyətin tam hüquqlu bir üzvüdür:

“Bu cür yanaşmani düzgün hesab etmirəm. O insana qarşı niyə ayrıseçkilik olsun ki...? Belə olan halda o insanlar cəmiyyətdən təcrid olunur və yenidən kriminal həyata üz tuta bilər. Əslində onların yaşayış şəraitini yaxşılaşdırmaqla cəmiyyətin bir üzvünə çevirmək olar”.

Hüquq müdafiəçisi bu proseslərdə çıxış yolu kimi dedi ki, cəmiyyətdən daha çox dövlət addımlar atmalıdır:

“Ola bilsin cəmiyyət bu mövzuda hazır olmasın. Maarifçilik olmadığı üçün cəmiyyət burada nəsə proseduuı, yanaşmanı dəyişə bilməz. Dövlət isə bu məsələdə olduğu kimi digər məsələlərdə də belə şərtləri aradan götürməlidir. Elə olan halda cəmiyyət də normal yanaşacaq”

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev isə öz növbəsində dedi ki, burada heç bir ayrıseçkilik olmamalıdır:

“Məhkum öz əməlinə görə cəza alıb çıxıbsa, o, da digər vətəndaşlar kimi cəmiyyətin bir üzvü sayılır. Ona yenidən bu şərti tətbiq etmək olmaz. Bu, layihə ən çox sosial vəziyyəti aşağı olanlar üçün nəzərdə tutulub. Araşdırsaq görərik ki, məhkumluq həyatı yaşayıb, çıxan insanların da çoxunun belə sosial şəraiti yaxşı deyil. Ona bu şərait yaradılmırsa, yenə ağır şəraitdə yaşayacaq. Hesab edirəm, şəxsin məhkumluq həyatı yaşaması onun bu kimi hüquqlardan yararlanmasına mane olmamalıdır. Yolverilmızdir və diskirminasiya problemidir. Hamının qanun qarşısında bərabər hüququ var. Bu imkanlar ona da açıq olmalıdır. Hər bir insan həyatda səhv edə bilər. Qanunvericiliyimizə görə qanuna zidd hərəkət edirsə, ona cəza kəsilir. Bu norma aradan qaldırılmalıdır”.

İnsan Hüquqları üzrə Birgə Qrupun katibi Sahib Məmmədov isə bildirdi ki, burada əslində yanlış anlaşılma var:

"Söhbət məhkumluq həyatı yaşayıb, hazırda cəmiyyətin bir üzvü olan vətəndaşlardan getmir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu orada göstərir ki, hazırda məhkumluq həyatı olan şəxslər müraciət edə bilməzlər. Ağır cəzalara görə, məhkum olan şəxslərin hələ də məhkumluq prosesi davam edirsə, riskli sayılırlar. Və onlar bu vasitədən yararlana bilməzlər. Lakin məhkumluq həyatını yaşayıb bitirən şəxslər bu qaydadan yararlana bilərlər".