Mehriban Əliyevanın 55 illik həyatı - Yubiley yazısı

18:13 24.08.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın 55 illik yubileyidir. Mehriban Əliyeva son struktur islahatları idarəetmənin çevikliyini, səmərəliliyini artırmaqla yanaşı, dövlətin öz vətəndaşlarına diqqət və qayğını da ön planda hər zaman saxlayıb. Bundan əlavə, qaçqın və məcburi köçkünlərlə görüşüb, onların problemlərinin həll etməsi və bir sıra xidmətləri ilə hər bir Azərbaycan vətəndaşının rəğbətini qazanıb.

Politoloq Nəzakət Məmmədovanın sözü ilə desək Mehriban Əliyevanın daxili siyasətdəki fəaliyyəti  humanizm və insanpərvərlik prinsiplərinə əsaslanır. Çoxsaylı amnistiya təşəbbüsləri, qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısı, maddi və qeyri-maddi mədəni irsimizin dünya miqyasında təbliği, nüfuzlu təşkilatların irs siyahısına daxil edilməsi, mədəniyyətin və təhsilin inkişafının dövlətin və Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən birinə çevrilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlara, gənclərə qayğı bilavasitə Mehriban xanımın fəaliyyətinin əsas istiqamətlərindən biridir:

"Birinci vitse-prezident ona ünvanlanmış bütün müraciətlərə dərhal münasibət bildirir. Köməyə ehtiyacı olan vətəndaşların hüquqlarının bərpasında onlara yardım etməklə bürokratik əngəl mexanizmlərini bir andaca dəf edir və insanların hakimiyyətə, dövlət başçısına inamının daha da artmasına bilavasitə yardımçı olur. Avropada, dünyanın başqa yerlərində müəssisələrin əməkdaşlarının ixtisarı zamanı bəzən minlərlə insanın işsiz qaldığının, tətillər keçirdiyinin şahidi oluruq. Ötən ilin sonunda işğalçı Ermənistanda bir neçə müəssisənin ləğvi nəticəsində əməkdaşlar ixtisar edildi, minlərlə erməni yeni ili işsiz statusunda qarşıladı. Lakin Azərbaycanda belə hal baş vermədi, əksinə, insanlar dövlət qurumlarında fəaliyyətlərini davam etdirmək imkanı qazandılar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın son addımı da bunu bir daha sübut etdi. Bu gün struktur islahatları nəticəsində fəaliyyəti dayandırılmış qurumların əməkdaşlarının işlə təmin olunması ilə bağlı müvafiq tədbirlər görülür və gələcəkdə də görüləcək". 

Mehriban xanımın göstərdiyi xidmətlər haqqında araşdırma yazılar, məqalələr çoxdur. Və onlardan biri də “Ekonomiks” Beynəlxalq Araşdırmalar Birliyinin (Azərbaycan) Rusiyadakı nümayəndəsi politoloq Aleksandr Karavayevin bu fikirləri yubiley günündə xatırlatmaq istədik:

 "Son əlli ildə qadınların siyasətdə rolunun artması müşahidə olunur. Ölkəsinin sosial-humanitar və mədəni modernləşməsinin ilhamvericisi olan Azərbaycanın birinci xanımı da müasir dünyanın görkəmli lider qadınları sırasındadır.

Heç şübhəsiz, sonrakı dövrlərin tarixçiləri Mehriban Əliyeva fenomenini maraqla öyrənəcəklər. Bizim üçün isə bir sıra aspektlərin harmonik vəhdətindən yaranan bu fenomenin genezisini başa düşmək əhəmiyyətlidir.

Bir tərəfdən Azərbaycanda Mehriban Əliyeva kimi liderin formalaşmasını taleyin qisməti hesab etmək olar. Obyektiv desək, onun təşəbbüs və təklifləri müxtəlif sivilizasiya platformalarının qovuşuğunda yerləşən Azərbaycanın sosial-humanitar və mədəni modernləşməsinin hərəkətverici amilinə çevrilib.

Digər tərəfdən, bu fenomenin milli siyasi məkanda formalaşması faktı dünya trendinə tam uyğundur. Axı, Avrasiyanın şərqinin siyasi tarixi baxımından “Əliyeva amili” qadınların inqilabi şəkildə siyasətə qoşulmasının və onların dünya ölkələrinin çoxunun idarəçilik strukturlarına yol tapması imkanlarının genişlənməsinin qanunauyğun nümunəsidir. Bu mənada Azərbaycan Avrasiyanın tarixən təşəkkül tapmış “qadın siyasəti” dairəsində özünün mövcudluğunu bir daha diqqətə çatdırır.

Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə əslində, Azərbaycanın qeyri-institusional inkişaf vasitəsinə çevrilib. Fond öz layihələri ilə səhiyyə, elm və təhsil sahələrində dövlət siyasətini tamamlayır, informasiya kommunikasiyaları və ətraf mühitin mühafizəsi sahələrində ölkə üçün pilot layihələr işləyib hazırlayır.

Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri və Bakıda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi misilsiz fəallığı və nüfuzu dünya səviyyəli, genişmiqyaslı bu idman hadisəsinin təşkilində böyük rol oynayıb, bu Avropa ideyasına güclü təkan və yeni Avrasiya meyarı verdi.

Birinci xanımın Azərbaycan paytaxtının memarlıq simasının dəyişməsində rolunu da diqqətdən kənarda qoymaq olmaz. Dünyanın ən yaxşı arxitektorları tərəfindən həyata keçirilən, Bakını həqiqətən dəbdə olan müasir şəhərə çevirən bir sıra layihələr Mehriban Əliyevanın şəxsi iştirakı sayəsində mümkün olub.

Beləliklə o, öz işində iki istiqaməti – Azərbaycanın kompleks humanitar “brend” kimi dünyada irəliləməsini və ölkənin sistemli sosial-mədəni inkişafını uğurla sintezləşdirə bilib. Onun rəhbərliyi ilə bu iki proses, necə deyərlər, çiyin-çiyinə irəliləyir.

Sevindirici haldır ki, bu işlə sadəcə təyin edilmiş məmur deyil, fəal həyat mövqeyi, bitib-tükənməyən enerjisi və güclü xarizması olan mütərəqqi əqidəli bir insan məşğul olur. Ən başlıcası isə unutmayaq ki, indiki halda söhbət üç övlad tərbiyə etmiş cazibədar xanımdan gedir. Gözəllik və xeyirxahlığın vəhdəti onun hər addımını sosial reallığı dəyişən yaradıcılığa çevirir. Görünür, Mehriban Əliyeva fenomeninin sirri də elə bundadır...

 Nə üçün sadə azərbaycanlılar ölkənin birinci xanımını sevirlər? Onlar Mehriban Əliyevanın timsalında “yaxasını kənara çəkən” funksioner deyil, onların istəkləri ilə maraqlanan, protokol çərçivəsindən kənara çıxmağı, hər bir ciddi problemə münasibət bildirməyi bacaran insan görürlər. Maraqlı fakt: nisbətən kiçik ölkədə o, hər gün “yerlərdən” təqribən 300 məktub alır. Ona yazırlar, çünki bilirlər ki, müraciət edib yardım, dəstək, yaxud məsləhət ala bilərlər. Azərbaycan Prezidentinin xanımı ölkə daxilindəki səfərlərdə daim onu müşayiət edir. Yəni o, necə deyərlər, göz qabağındadır və bununla da iqtidarla cəmiyyətin qarşılıqlı əlaqələrinə öz töhfəsini verir. Həm də bu, necə deyərlər, canlı töhfədir və buna görə də xalqın gözündə inzibati kommunikasiyaların standart “mexaniki” strukturlarından daha qiymətlidir, çünki xeyirxahlıq və şəfqət insanın daxilindən gəlməlidir, yoxsa ictimaiyyət onu qəbul etməyəcək. İnsanlar hiss edirlər ki, birinci xanım onların qayğıları ilə yaşayır.

Özü də bu, elə bir haldır ki, xarizmatik və cazibədar şəxsiyyət yüksək dərəcədə ziyalılıq ilə vəhdət təşkil edir. Mehriban Əliyeva istər aldığı tərbiyəyə, istər əsil-nəcabətinə, istərsə də təhsilinə görə (o, İ.M.Seçenov adına Moskva Tibb İnstitutunu bitirib) Azərbaycanın sovet dövrü ziyalıları mühitindən çıxıb. İndi dünyada bu səviyyəli başqa birinci xanım çətin tapılar. Bu məziyyətlərə malik olan elita nümayəndələri adətən soyuqqanlı olur, xalqın problem və qayğılarını ürəklərinə yaxın buraxmamağa çalışırlar. Həqiqətən, çətindir, amma Mehriban Əliyeva başqasının dərdinə ürəkdən şərik olmağı bacarır. Bunu rola girməklə imitasiya etmək mümkün deyil. Onun təbiəti belədir.

Mehriban xanımın formalaşdığı mühit Azərbaycanın tarixi ilə ayrılmaz şəkildə bağlıdır. Mehriban Əliyeva fenomeni başqa amillərlə yanaşı, həm də iki konkret ailənin – Paşayevlərlə Əliyevlərin qohum olmasının nəticəsidir. Mehriban xanımın babası, görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayev əslən İrandan idi. Anası Aida İmanquliyeva tanınmış ərəbşünas olub, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq edib. Mehriban Əliyevanın həyat yoldaşının, indiki Prezident İlham Əliyevin atasının təqdimata ehtiyacı yoxdur: Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusudur. Bu fakt çox şeyə dəlalət edir...".

 Birinci vitse-prezident Mehriban Əliyeva öz çıxışlarında da ölkənin sosial rifah halının yüksəldilməsinin ön planda olduğunu vurğulayır:

"Mən öz fəaliyyətimdə sosial problemlərin, xüsusilə də qaçqın və məcburi köçkün ailələrinin problemlərinin, çətinliklərinin həllinə xüsusi diqqətlə yanaşıram. Birinci vitse-prezident vəzifəmdə ilk müşavirəm məhz bu problemlərin həllinə yönəlmişdir. Bizim qarşımızda duran məqsəd ilkin mərhələdə Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı, yarımçıq tikilmiş binalarda məskunlaşmış dörd min məcburi köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir. Bunun üçün bütün lazımi göstərişlər verilib, artıq tədbirlər görülür və əminəm ki, biz bu məqsədimizə nail olacağıq.

Bir daha qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan qüdrətli, güclü dövlətdir və qarşıda duran məsələlərin həlli üçün bütün lazımi addımlar atılır, bütün lazımi tədbirlər həyata keçirilir. Çox xoşdur ki, dövlətlə yanaşı, biznes strukturları da, iş adamları da bütün cəmiyyətimiz üçün vacib olan bu problemə biganə qalmayıb və onlar da bu ağır problemin həllinə öz töhfələrini verməkdədirlər.

Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusən də sizlərə - böyük çətinliklərlə üzləşən qaçqın və məcburi köçkün ailələrinə hər zaman diqqətlə yanaşır, öz qayğısını göstərir. Hər bir azərbaycanlının ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Hamımızın arzusu budur ki, hər bir qaçqın və məcburi köçkün doğma yurduna, doğma torpağına qayıtsın. Arzumuz budur ki, işğaldan azad olunan kəndlərimiz, şəhərlərimiz bərpa edilsin, yeni qəsəbələr salınsın və insanlar normal həyat tərzinə qayıtsınlar. Dövlətimiz bunun üçün əlindən gələni edir. Biz isə bu yolda birlik nümayiş etdirməliyik və inanmalıyıq ki, qarşımızda duran bütün məqsədlərə mütləq çatacağıq".

 

Siyasət rubrikasından digər xəbərlər