“Mehriban xanım Əliyeva qadın hərəkatının yeni səhifəsini yazır” – Pərvin Kərimzadə

11:41 26.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan xalqının tarixində milli dəyərlərin formalaşmasında qadınların müstəsna rolu, əhəmiyyətli yeri var. Zamanın bütün dövrlərində zəriflik, incəlik, müqəddəslik rəmzi olan Azərbaycan qadını iradəsi, mərdliyi, saflığı, ən əsası isə sədaqəti ilə dünyaya nümunə olub. Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva özünəxas nəcib, humanist və insanpərvər xarakteri ilə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini açıb. O, UNESCO və İSESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xətti ilə Azərbaycan mədəniyyətini bütün dünyada tanınmasına nail olub. Mehriban Əliyevanın elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı Azərbaycan qadınının modern tələblərə uyğun obrazı bu nəcib xanımın timsalında dünyaya nümayiş etdirilib. Mehriban xanım Əliyevanın beynəlxalq görüş və tədbirlərdə Azərbaycan qadınlarını ləyaqətlə təmsil etməsi, səsini ən yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırması, təltif olunduğu beynəlxalq mükafatlar Azərbaycan qadınının dünyadakı böyük nüfuzunun daha bir təsdiqidir”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Pərvin Kərimzadə deyib. Millət vəkili bildirib ki, xalqımız tarix boyu mərdlik, şücaət, qəhrəmanlıq mücəssəməsi Nigar, Həcər, Tomris, Nüşabə, Heyran Nisə Bəyim kimi qəhrəman qadınlarımızla daim qürur duyub. Azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, qoca Şərqin ilk diplomat qadını Sara xatun, Şuşada ilk ədəbi məclis yaratmış Xurşudbanu Natəvan və neçə-neçə fəallıqları, mərdlikləri ilə tariximizi zənginləşdirən qadınlarımız əfsanəyə çevrilərək Azərbaycan qadınının rəngarəng palitrasını yaradıblar: “Azərbaycan qadınlarının bütün dövrlərdə nümayiş etdirdiyi iradə, fədakarlıq, dərin düşüncə, müdriklik, vətənpərvərlik gələcək nəsillər üçün əsl örnək olub. Qadınlarımızın missiyası bu gün də davam edir. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından və gender bərabərliyinin təmini ilə bağlı bir sıra addımların atılmasından sonra qadınlar öz hüquqlarının tam sahibinə çevriliblər. Bu gün respublikamızda dövlət qadın siyasəti, ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə Başçısı qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır. Cəmiyyətimizdə ictimai-siyasi və sosial-mədəni yaşam tərzinin formalaşmasında, dövlət quruculuğunda yorulmadan çalışan qadınların fəaliyyəti göz qabağındadır. Müasir Azərbaycan tarixində zəngin təcrübəsi, böyük humanizmi, xeyirxahlığı, nəcibliyi ilə XXI əsrın ən görkəmli Azərbaycan xanımı, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva qadın hərəkatının yeni səhifəsini yazır. Məsuliyyətli missiyasını böyük əzmkarlıqla öz üzərinə götürmüş Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik və zərif humanizm dayanır”.

Millət vəkili qeyd edib ki, həyatının mənasını Vətəninə və xalqına xidmətdə görən ölkənin birinci xanımının təşəbbüsü ilə həyata keçirilən layihələr təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir: “Hər bir azərbaycanlı qadınına nümunə olan ölkəmizin birinci xanımı sadəliyi və səmimiliyi ilə insanların sevgisini qazanıb. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun “Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsi” adlı məqaləsində deyildiyi kimi “O, yalnız ölkənin birinci xanımı deyil, hamının əzizi, doğma Mehribanıdır. Mehriban xanım Əliyevanın ölkə Prezidenti cənab İlham Əliyevlə regionlara səfər edərkən vətəndaşlara göstərdiyi diqqət, qayğı, onlara müraciət edən hər kəslə çox mehriban davranmağı, xüsusən yaşlılara, körpələrə olan münasibəti bunun əyani sübutudur. Valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan uşaqlarla görüşlərində bu nəcib xanımın səmimiyyəti, içdən gələn rəftarı insanı heyran etməyə bilməz. Ölkədə Birinci vitse prezidentinin diqqət və qayğısı nəticəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sözün əsl mənasında ailə mühiti, onların maddi-rifah halının yaxşılaşdırılması üçün dövlət tərəfindən hər bir şərait yaradılıb. Onu köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların yanında tez-tez görmək olar. Talassemiyalı uşaqlar, erməni işğalı nəticəsində yurd yerindən didərgin salınmış məcburi köçkünlər Mehriban Əliyevaya pənah yeri kimi baxır və öz ümidlərində yanılmırlar.Bu da bir daha Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsasının Mehriban xanım Əliyeva tərəfindən qoyulduğunun təsdiqidir”.

Millət vəkili bildirib ki, birinci vitse-prezident təyin olunmasından keçən müddət ərzində Mehriban xanım Əliyevanın Vətən və xalqı qarşısında xidmətləri birə beş artıb, təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafı, həqiqətlərimizin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması, dünya xalqlarının mədəniyyətinə inteqrasiyası istiqamətində gördüyü işlər, atdığı addımlar xalq tərəfindən daim böyük razılıqla, rəğbətlə qarşılanıb.

Siyasət rubrikasından digər xəbərlər