“Məhsul” stadionu təmirə bağlanır - FOTOLAR

13:52 10.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Yasamal rayonuda “Məhsul” stadionu və ətraf ərazidə əsaslı təmir və tikinti işləri başlanılıb. Biz də həmin əraziyə baş çəkdik.  

Stadion hələ tam bağlanmasa da, əraziyə texnikalar cəlb edilib. Burada istirahət edən, yürüşə çıxan sakinlərə də rast gəldik. Sabir adlı sakin bildirdi ki, uzun illərdir stadion ərazisi baxımsız qalıb. Bura daha çox mitinqlərin keçirildiyi ərazi kimi məşhurlaşıb:

"Lakin biz sakinləri tamamilə başqa məqamlar narahat edir. Stadion ərazisi gecə saatlarında işıqlandırılmır. Buraya gecə saatlarında tanımadığımız bilmədiyimiz insanlar toplaşır. Uşaqlarımız üçün narahatlıq keçiririk".

Sevil xanım isə deyir ki, şəhərdə bu cür məkanlar çox azdır:

"Biz xüsusilə yay aylarında burada sərin hava almaq üçün gəzirik. Uşaqlarımız burada oynayırlar. Laki gecə saatlarında tüfeyli həyat tərzi sürənlərin stadiona ayaq açmaları yerli sakinlərdə ciddi narahatlıq yaradır. Təbii ki, təmir işlərini alqışlayırıq. Lakin təmir başa çatdıqdan sonra stadion ərazisi sakinlər üçün yenidən açıq məkan kimi istifadəyə verilmisin və nəzarət tədbirləri gücləndirilsin". 

Hafta.az Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra Hakimiyyətindən bildirdilər ki, Yasamal rayonunun mərkəzində yerləşən və son illər ərzində təmirsiz qalan azsaylı idman məkanlarından biri olan bu stadion artıq uzun illərdir ki, baxımsız qalması səbəbindən pis vəziyyətə düşüb. Buna görə burada hər hansı idman tədbirlərin keçirilməsi mümkünsüz olub, stadion gecə saatlarında tüfeyli həyat tərzi keçirən şəxslərin yığılma yerinə çevrilib və bu da ətraf binalarda yaşayan sakinlərin narazılığına səbəb olub.