Məktəblilərə şad xəbər 

19:35 20.05.2019
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda orta məktəb dərsliklərinn çəkisinin yüngülləşdirilməsi gözlənilir

Təhsil Nazirliyi tərəfindən tədris-metodiki ədəbiyyatların çapı ilə məşğul olan nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı optimal yolların müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib. Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, hazırda dərsliklərin çəkisinin yüngülləşdirilməsi üçün iş aparılır.
İ.Həbibbəyli keyfiyyətli dərsliklərin olması üçün hazırda əla növ kağızlardan istifadə edildiyini söyləyib: "Adətən, dərsliklərin çapı üçün 70-80 qramlıq kağızlardan istifadə edilir. İndi isə belə təkliflər var ki, dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilsin".
İ.Həbibbəyli qeyd edib ki, hazırda dərsliklər əla növ kağızlardan istifadə edilməklə hazırlandığından, 4 il istifadə edilmək üçün nəzərdə tutulur. Amma təklif edilən yüngülçəkili kağızlardan istifadə edilsə, dərsliklərin istifadə müddəti 1 ildən də az olar. Bu isə iqtisadi baxımdan sərfəli olmaz: "Dərsliklərin çapı üçün təklif edilən kağızların dözümü azdır. Onlar dərslik çapı üçün tam yararlı deyillər. Bədii kitabların çap olunduğu kağızlar da dərslik üçün yararlı deyil. Ona görə də dərsliklərin çəkisini yüngülləşdirmək üçün variantlar axtarılır. Təhsil Nazirliyi tərəfindən tədris-metodiki ədəbiyyatların çapı ilə məşğul olan nəşriyyatlara tapşırıq verilib ki, davamlılığı qorumaq şərtilə dərsliklərin çapı üçün mümkün optimal yollar müəyyən edilsin".

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov bildirib ki, ağır çantalar uşaqlarda bir çox xəstəliklərə yol açır:

“Ona görə də məktəbli çantası mütləq yaşa uyğun seçilməlidir. Eyni zamanda çantanın materialına diqqət yetirmək lazımdır. Bunu etmədikdə yük birtərəfli qaydada bir çiyni üstə düşur və sklerozla nəticələnir. Bu isə sonda onurğa əyriliyinə gətirib çıxarır. Yəni, bu gün təkcə dərs oxumaq yox, həm də o dərsi oxumaq üçün kitabları qoyduğumuz çantaları daşımaq müşkülə çevrilib. İndi əksər hallarda aşağı sinif şagirdlərinin çantasını şagirdlərdən çox valideynlərin daşıdığını görürük. Bu isə əlbəttə ki, məktəbli çantalarının ağırlığından irəli gəlir. Ağırlığı bəzən hətta 10 kiloqramı keçən çantalar tək şagirdlər üçün yox, elə valideynlər üçün də hər gün daşımalı olduqları yükə çevrilib.Çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır. Məlumdur ki, şagird hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftərini özü ilə götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bundan başqa bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib çıxarır. 

Mütəxəssisin sözlərinə görə, beynəlxalq təcrübədə qəbul olunan prinsip odur ki, çantanın çəkisi uşağın çəkisinin 14-15 faizini keçməməlidir: “Bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kiloqram (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kiloqram ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Bununla bağlı monitorinq aparmışam. Məlum oldu ki, I sinif üçün 5 kitab var, onların çəkisi 2 kiloqram 145 qramdır, iş dəftərləri ilə birlikdə 4-5 kiloqrama yaxındır. Əlavə qələm və digər ləvazimatları da daxil etdikdə bu rəqəm 7 kiloqrama çatır. Bu da 1-ci sinif şagirdi üçün çoxdur”.

Ekspertin fikrincə, çalışma dəftərləri sinifdə qalmalı, tədris olunan fənlərin sayı azaldılmalı kitabların həcmində ixtisarlar edilməlidir: “Bu məsələdə beynəlxalq təcrübədən istifadə etmək mütləqdir. Məsələn, ABŞ-da uşaqlar çantalarında evə hər gün ağır kitabları gətirmək məcburiyyətində deyillər. Müəllim onların edəcəyi tapşırığın sürətini bir vərəqdə verir. ABŞ-da həftənin 5-ci günü şagirdlərə heç bir ev tapşırığı verilmir, onlara şənbə və bazar günləri istirahət üçün şərait yaradılır. Uşaqların dərsi qavraması isə hər həftə keçirilən test imtahanları nəticəsində məlum olur. Bizdə isə bu gün tədris proqramı kifayət qədər ağırdır. Zaman keçdikcə, bu yüngülləşmir. Biz isə tədris müddətini azaltmaqla, dərs yükünü artırırıq. Yəni tədris materiallarının sadələşdirilməsi əvəzinə, müddətin uzadılması ilə onun sadələşdirilməsi haqqında düşünülür. Amma həyata keçirilən tədbirlər nəticəsində proqram daha çox ağırlaşır. Bu da bir çox halda valideynlərin haqlı narazılığına səbəb olur. Belə ki, Azərbaycanda cəmi 32 tədris həftəsi var. Bu da çox aşağı göstəricidir. Digər ölkələrdə orta dərs müddəti 38 həftədir, bəzi ölkələrdə isə bu, 40-42-43 həftəyə çatır. Digər tərəfdən, apardığımız araşdırmalar göstərir ki, son illər ərzində Azərbaycanda dərsliklərin çəkisi, məzmunu ağırlaşdırılıb. Onlar şagirdlərin yaş xüsusiyyətlərinə və psixologiyalarına uyğun deyil. Hal-hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərsləri və kitablarda yazılanları qavramaq, dərk etmək 6-17 yaşında olan insanın beyninə görə deyil. İstifadə olunan kitabların proqramlaşdırılmasından belə məntiq çıxır ki, ilin sonunda məzun olmuş hər şagirdin elmi dərəcəsi olmalıdır. Çünki onlar demək olar ki, bakalavr, magistr pilləsində keçrilən eyni mövzuları mənimsəyiblər”.

Ekspetin sözlərinə görə, hazırda real vəziyyət budur ki, Azərbaycan məktəbində ibtidai sinifdə şagird müəllimin köməyi olmadan dərslikdən heç nə anlaya bilmir: Əgər məktəbin qarşısına qoyulan vəzifə bir qədər savadlı, kifayət qədər sözəbaxan, sosial baxımdan qeyri-aktiv şagird hazırlamaqdırsa, onda dərsliklər Sovet dövründəki kimi olmalıdır. Orada yalnız vahid düzgün ideya, fikir olmalı, artıq-əskik mətnlərə yer verilməməli, hər şey ölçülü-biçili olmalıdır.

Birmənalı suallara birmənalı cavablar və s. Ancaq əgər biz müasir məktəbdən danışırıqsa, o zaman dərslik tamam başqa funksiyaları daşımalıdır. Ən müxtəlif informasiya texnologiyaları ortaya çıxıb. İnformasiya texnologiyalarına istinad etmədən hazırlanan dərsliklər səssiz filmlər kimidir. Görüntü var, amma bir dənə səs, söz yoxdur. Tədris yönümündən baxanda isə burada peşəkar ekspertlərə ehtiyac var. Hal hazırda real vəziyyət budur ki, Azərbaycan məktəbində ibtidai sinifdə şagird müəllimin köməyi olmadan dərslikdən heç nə anlaya bilmir. Çünki dərsliklər kifayət qədər ağır yazılıb. Xüsusilə qeyd etmək istəyirəm ki, orta məktəblər üçün dərslik, tədris proqramları hazırlanarkən uşaqların psixoloji durumu, qavrama qabiliyyəti nəzərə alınmalıdır. Dərslikləri çoxyönlü ekspertlər işləməlidir. Dərslik auditoriyaya hesablanmalıdır: hansı şagirdə təqdim ediləcək, şagirdin parta arxasında əyləşmək səbri ölçülməlidir. Bunun üçün də dərslik hazırlanması prosesində uşaq psixoloqları, sosioloqlar da iştirak etməlidir”.

Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti Nadir İsrafilov isə hesab edir ki, hazırda obyektiv və subyektiv səbəblərdən məktəbli çantasına çox şeylər qoyulur:

“Kitab-dəftərdən əlavə qələmlər, qələm yonan, pozan, xətkeş, flamaster, boya, rəsm dəftəri, iş dəftəri, test kitabçası, uşaq üçün yemək, su və daha nələr var məktəbli çantasında. Təhsil Nazirliyinin isə əsasən məsələyə münasibəti belə olub ki, çantaları valideynlərin özləri ağırlaşdırır. Belə ki, valideynlər uşaqlara uyğun olmayan böyük çantalar alırlar, onlara xüsusi dəmir qablarda su və yemək qoyurlar, bəzi valideynlər uşağın bütün kitablarını onun çantasına yığır. Məsələ ondadır ki, nazirlik rəsmilərinin mövqeyi ilə hardasa razılaşsaq belə, əksər valideynlər məktəb bufetlərində normal, sağlamlığa ziyanı olmayan qida məhsullarının yoxluğunu əsas gətirərək və bir çox mənşəyi məlum olmayan "bufet məhsullarının” övladlarının sağlamlığına hər hansı bir ziyan yetiriləcəyindən ehtiyatlanaraq, çantalara qida və su qoymaqda israrlıdırlar. Digər bir mühüm məsələ isə çantaların əsas yüklərindən biri olan iş dəftərləridir. Artıq neçə müddətdir ki, iş dəftərləri Təhsil Nazirliyi tərəfindən dərslik komlektləri siyahısından çıxarılıb, bununla belə, nəşriyatlar bu dəftərləri nəşr etməkdə, bir çox müəllimlər və məktəb rəhbərləri isə həmin dəftərlərin alınmasına valideynləri məcbur etməkdə davam edirlər. Xüsusilə ibtidai siniflərdə ev tapşırıqlarının verilməsinin məhdudlaşdırılması, 1-ci siniflərdə isə ümumiyyətlə ev tapşırıqlarının verilməməsi barədə rəsmi tövsiyə və tapşırıqlara baxmayaraq bir çox müəllimlər hələ də şagirdləri həddən artıq yükləmək ənənəsindən əl çəkmirlər ki, bu da bir çox kitab və dəftərlərin məktəbə və evə daşinmasında əlavə yükə çevrilən amillərdən biridir”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Sosial rubrikasından digər xəbərlər