Məmuru hamının gözü qarşısında benzinləyib yandırdı –GÜNÜN TƏZADLARI  

19:58 24.07.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Özbəkistanın Kaşkadərya vilayətinin Yakkabag rayon administrasiyasının məmuru sahibkarlardan birinin əmlakını məhv etməyə çalışdığına görə öülmlə üzləşdi. Hafta.az-ın  “Azadlıq” radiosunun özbək redaksiyasına istinadla verdiyi xəbərdə belə deyilir. Rayon icra hakimiyyəti başçısının tikinti məsələləri üzrə müavini  20-yə yaxın polisin müşayiəti ilə sökülməyi nəzərdə tutulmuş özəl iki mərtəbəli əmlakın yanına gəlib. Lakin buldozerçi dükan və sexin yerləşdiyi binanın sökülməsi əmrinə əməl etməkdən çəkinib. O halda  məmurun özü sürücünün oturacağına əyləşərək buldozeri işləyən, içərisində adamlar olan dükana tərəf yönəldib. Hələ də pul təzminatı ödənilmədiyini söyləyən sahibkar başçı müavinindən dükanını hələlik sökməməyi xahiş edib. Lakin  məmur ona qulaq asmayıb və ağır texnikanı dükana tərəf sürməkdə davam edib. Bunu görən iş adamı hiddətlənərək məmurun üzərinə benzin töküb və çox sayda şahidin gözü qarşısında ona od vurub.  Başçı müavininin paltarı dərhal alovlanıb. Amma ətrafdakalar alovu, çətinliklə də olsa,  söndürməyə nail olublar. Yanmış məmur xəstəxanaya aparılıb. İş adamı isə  həbs olunub. Onun mağazasının taleyi barədə məlumat verilmir. 

 

Qadın jurnalist yanğınsöndürən oldu

“BBC” kanalının aparıcılarından biri Beksi Barr kanaldakı işini atıb və atasının yolunu davam etdirərək Lankaster yanğınsöndürmə idarəsində çalışmağa qərar verdi. Hafta.az Musavat.com-a istinadla verdiyi xəbərdə deyilir ki, Lankaster şəhərində yaşayan 41 yaşlı qəzetçi 20 illik jurnalistika karyerasının ardınca sentyabrda yanğınsöndürənlik etməyə başlayacaq.  Beksi Barrın atası Roy Barr da 20 il boyunca eyni yerdə yanğınsöndürənlik etmişdi. Xanım Barr yeni karyerasının onu həm həyəcanlandırdığını, həm də qorxutduğunu bildirib. Sabiq jurnalist deyib ki, jurnalistikanı hələ də sevir: “Amma təxminən 20 ildir ki, bu peşəni həyata keçirirəm və bir dəyişiklik etməyə hazıram”. 21 yaşından qəzetçilik etməyə başlayan Barr daha öncə “Bloomberg” və “CNBC”-də çalışıb. Barr deyib ki, insanların sizə hekayələrini danışması üçün etibar etməsi böyük bir üstünlükdür: “Ən çox da bundan ötrü darıxacağam”. Amma Barr vurğulayıb ki, artıq fərqli bir karyera əldə etmək, sıfırdan yeni bir peşə öyrənmək zamanı gəlib.

 

Azərbaycanda tarla ilk dəfə dronla dərmanlandı

Ucar rayonunda Çin texnologiyası ilə əkilmiş pambıq sahəsində dron vasitəsilə qırmızı tor gənəsinə qarşı yeni innovativ kimyəvi mübarizə aparıldı. Hafta.az yazır ki, bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Dron vasitəsilə kimyəvi mübarizə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası”nın aparıcı elmi işçisi İbrahimov Etibar və Bitki seleksiyası şöbəsinin elmi işçisi Qəribov Zöhrab tərəfindən həyata keçirilib. Dronlar vasitəsi ilə kimyəvi mübarizə fermerlərin marağına səbəb olub. Qeyd edək ki, Çin texnologiyası ilə əkilmiş pambıq sahəsinin torpaq səthi polietilen örtüklə örtülür və bitkilərin suvarılması damcı üsulu ilə həyata keçirilir. Bunu əsas gətirən mütəxəssislər bildirib ki, pambıq sahəsində qırmızı tor gənəsinə qarşı kimyəvi mübarizədə ağır texnikanın əvəzinə drondan istifadə edilməsi məqsədəuyğundur.

 

“Tofaş” şirkəti fəaliyyətini dayandırdı

Türkiyənin "Tofaş" avtomobil şirkəti fəaliyyətini dayandırdı. Hafta.az xəbər verir ki, Trend-in məlumatına görə, şirkətin işi müvəqqəti dayandırılıb. Belə ki, "Tofaş" avqustun 5-dən 25-dək 20 gün fəaliyyət göstərməyəcək. Şirkətdən bildiriblər ki, qərar işçilərin illik məzuniyyəti ilə əlaqədar qəbul olunub.

 

“Neftçi”ni aparan təyyarə 5 saatdan çox ləngidi

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Neftçi" klubu "Arsenal" ilə II təsnifat mərhələsinin ilk oyunu üçün Rusiyaya təyin olunan vaxtda yollana bilmədi. Hafta.az xəbər verir ki, "Report"un məlumatına görə, buna səbəb Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı - Moskva reysi ilə saat 06:50-də uçmalı olan təyyarədə texniki problemin aşkarlanmasıdır. Öncə Təyyarə dəyişdiriləcəyi üçün uçuşun saat 11:00-dək yubanacağı bildirilib. Komandanın Rusiya paytaxtından "Arsenal"ın təmsil etdiyi Tula şəhərinə avtobusla getməsi barədə qərar verilib. Amma “Neftçi"nin prezidenti Kamran Quliyev uçuşun tezləşdirilməsi üçün hava limanındakı məsul şəxslərlə danışıq aparıb. Nəhayət, göyərtəsində "Neftçi" komandasının da yer aldığı Bakı-Moskva təyyarəsi 5,5 saatlıq ləngimədən sonra uçuşa başlayıb.  Qeyd edək ki, iyulun 25-də "Arsenal" mərkəzi stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qarşılaşma "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.