“Mən ağacam” tamaşası növbəti dəfə səhnədə

16:25 31.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət “Yuğ” Teatrında “Mən ağacam” tamaşası yenidən – noyabrın 2-də teatrsevərlərin ixtiyarına veriləcək.

Teatrdan verilən məlumata görə, dünya şöhrətli yazıçı Orxan Pamukun “Mənim adım qırmızı” romanının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əbdülqəni Əliyev, quruluşçu rəssamı Umay Həsənovadır.

Tamaşada Xalq artisti Məmmədsəfa Qasımov və aktrisa Təranə Ocaqverdiyeva çıxış edəcək.

Əsərdə Osmanlı hökmdarı III Muradın hakimiyyəti dövründə İstanbulda baş verən hadisələr təsvir edilir. İstanbulda bahalıq və qorxunun yaşandığı bir dövrdə xəttat və nəqqaşlar çay evlərində toplaşır, hekayələrə qulaq asır və əylənirlər. Romanın özünəməxsusluğu ondadır ki, roman qəhrəmanlarının öz dilindən danışılır, belə ki, ölülər və cansız əşyalar belə kitabın hekayəsini öz dilləri ilə danışırlar.

Rejissor Əbdülqəni Əliyev əsərin əsas mətləblərini saxlasa da, romana tamamilə fərqli baxım bucağından yanaşıb. Radio aparıcıları Orxan Pamukun “Mənim adım qırmızı” romanını təhlil edirlər. Kişi ittihamçı, Qadın müdafiəçi mövqeyindən çıxış edir. Romanın təhlili zamanı Kişi və Qadın öz aralarındakı münasibətdən tutmuş, siyasi, sosial, psixoloji, sakral məsələlərə toxunur, romandakı gizli mənaları açmağa çalışırlar.