“Mən hər çəkildiyim filmdə lazımlı adam olmuşam” - Müsahibə

16:49 15.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bəzi dünya mütəfəkkirləri kino-teatrları məbəd yeri adlandırırlar. O yerlərdə isə bizi həm kədərləndirən, həm güldürən aktyorlar çalışır. Elə film də olur ki, illər keçsə də yaddaşımızdan silinmir. Azərbaycan kinosunun tarixinə nəzər saldıqda peşəkar aktyorların çəkildiyi filmlər bu gün də gənclər üçün məktəb rolunu oynayır. Elə bu dəfə də klassik kinolarımızdan – “Qaynana”, “Evləri köndələn yar”, “Bəyin oğurlanması” və s. kimi filmlərdə rol alan xalq artisti İlham Namiq Kamal ilə söhbətləşmişik. Hafta.az müsahibəni təqdim edir.

- İlham müəllim, necəsiniz və necə olmaq ürəyinizdən keçir? Bir insan taleyini 70 ilə sığışdıra bilmisiniz?

- Bu sual üçün mən sizə çox təşəkkür edirəm. Özümü elə gördüyüm kimi görürəm. Bir anlıq düşünürəm ki, nə tez keçdi bu 70 il. Bəlkə mənə elə gəlir iş-güc başımı qatdı, ona görə hiss edə bilməmişəm, bu illər nə tez gəlib keçib. Bu illərdə ömür maraqlı olub. Keçmişimi çox yaxşı xatırlayıram. Məktəbi bitirən kimi İncəsənət Universitetinə qəbul oldum. Onda 16 yaşım var idi. İş insanın özündən asılı olmayaraq başını qatır. Mən 30 il Akademik Milli Dram Teatrında çalışmışam. Hal-hazırda Akademik Musiqili Teatrın aparıcı aktyoru, eyni zamanda rejissoruyam. Bununla paralel rollar da ifa edirəm. Artıq 27 ildir ki, Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiriyəm. Bax görürsünüz bu qədər iş içində 70 il heç gözə görünmür. Ev, ailə bunlar da işdən sonrakı taleyimizdir (gülür).

- Geriyə baxanda həm şəxsi, həm yaradıcı həyatınızda edə bilməyəcəyiniz nəsə qalıbmı ki, onun üçün darıxırsınız?

- Mən o barədə düşünməmişəm, heç düşünmürəm də. Çünki bu müddətdə rejissorlar məni işlə təmin ediblər. Çox nadir rejissor olar ki, onun yaradıcılığında rol ifa etməmişəm. O mənada ki, insan işlə məşğul olanda başqa arzular haqqında düşünmür. Düşünməyə vaxtım olmayıb.

- Dünya şöhrətli aktyor Al Paçinonun belə bir deyimi var: "Səhnədə oynamaqla kinoda oynamaq arasındakı fərq bilirsiniz, nədir? Oynamaq kanat üzərində gəzmək deməkdir. Teatr səhnəsində ip getdikcə yüksəyə uzanır. Titrəsən, həqiqətən də tappıltı ilə yerə düşəcəksən, filmdə isə ip yerdə uzanır".  Siz bəs səhnə ilə, həyatın oxşarlıqlarını görə bilmisiniz, yoxsa səhnə baş qatmaq, insanları güldürmək, kədərləndirmək deməkdir?

- Səmimi deyim ki, hər bir fərd yaşından asılı olmayaraq hər bir mərhələdə dövrünün müasiri olmalıdır. Dövrünün müasiri ola bilirsənsə, səhnədə də müasir olmalısan. Islahat edə biləsən, özünü yeniləşdirə biləsən. Bu ən vacib amillərdən biridir. İnsan həyatı maraqlıdır. O həyatda ki, ailən olur. Ancaq səhnə, kinoteatr başqa bir dünyadır. Bu dünyada isə mən uzun illərdir yaşayıram. Bəlkə də bu dünyaya öyrəşmişəm. Çalışmışam boş zamanım olmasın. Nəyə nə qədər nail olmuşamsa, onu mən deyə bilmərəm. Mən elə düşünürəm ki, istədiklərimin 39 faizini həyata keçirmişəm. Bu özü böyük rəqəmdir. Aktyorluq həm də kimdənsə asılı bir sənətdir. Orada rejissordan, dramaturqun əsərindən, libirettadan asılı olur.

- Çəkildiyiniz hansı film sizə doğmadır, rejissor və aktyor gözü ilə təkrar baxanda bəyənirsiniz?

- Film olsun, ya televiziya tamaşası. O çəkildiyi il üçün maraqlı olub. Onu yenidən çəkmək o qədər də maraq, diqqət çəkə bilməz. Çəkilən hər bir film keçmiş həyatın bir mərhələsidir. Lazımlı olmaq ən çətin məqamlardan biridir. Mən hər çəkildiyim filmdə lazımlı adam olmuşam. Çalışmışam ki, öz rolumu peşəkar ifa edim. Bu gün də eyni təəssüratla yanaşıram. məsuliyyət hər zaman olmalıdır. 

- İlham müəllim, bu gün çəkilən yeni kinomuz insanları qane etmir. Elə bil o vaxt çəkilən filmlərdəki mübhəm hissləri ala bilmirlər. Bax bunun səbəbi dövrdür, yoxsa aktyorların yaradıcı qabilliyətləri çatmır, peşəkar rejissor yoxdur, əsərlər yazılmır?

- Film çəkilişi böyük vəsait tələb edir. Bizim çəkildiyimiz o zamanki filmlər Sovet dövrünə təsadüf etmişdi. Onda müəyyən vəsaitlər var idi. Əgər yemək bişirmək istəyirsənsə bazardan sağlam məhsul almağa üstünlük verirsən. Film çəkiləndə də onun üçün normal vəsaitin olmalıdır. O dövrlə bu dövrün çəkilən filmlərini müqayisə etmək çətindir. Düzdür, son illər Prezidentimiz müəyyən filmlərin çəkilişi üçün vəsait ayırıb. Amma hələ tam düzəlib demək deyil. O zaman biz bir filmə çəkiləndə bir “jiquli” ala bilirdik. İndisə dəvət edən efir və seriallar elə vəsait təklif edir ki, çəkilməsən ondan yaxşıdır.

 - Tanınmış rejissor Rasim Ocaqovun filmlərini bəyənməyən insan demək olar ki, yoxdur. Bu gün elə rejissor varmı?

- Rejissorlar peşəkar olmalıdır. Adını çəkdiyiniz rejissor da işinin peşəkarı idi. Bu gün Vaqif Mustafayev var. Bu, günümüzün problemidir. Nə aktyorları, nə rejissorları qınamaq olmaz. Ola bilsin zamanla aradan qalxacaq. Kino hər dövr üçün lazımdır. Sadəcə maddi problemlər, texnologiya inkişafı bir az marağı azalda bilər. Belə problemlər hər dövrdə yaşanıb.

- Bizim klassik filmlərimiz efirlərə ən çox bayram və tarixi günlərdə gedir. Hətta tamaşacılar elə filmlərimiz var ki onlardan xəbərsizdirlər. Efirlərdə klassik filmlərin tez-tez yayımlanmaması sizi incitmirmi?

- Bayram günü televiziyalar istəyir ki, insanları sevindirsin. Əslində adi günlər getməsini uyğun bilmirəm. Əgər kimi isə bizim klassik filmlərimiz maraqlandırırsa açıb internetdən baxa bilər, əvvəlki vaxtlarda bu problem idi. İndi isə telefonu ilə rahat axtarıb baxa bilir. Belə rahatlıq varsa, o kimi şeyləri problem etməməliyik. Efirlərdə getməsi də daha yaxşı. Yaddan çıxmır klassik filmlərimiz. Televiziyaya da baxan yetərincə kütlə var.

- Prezident bir sıra mədəniyyət və incəsənət işçiləri ilə görüşdü. Problemlər dinlənildi. Aktyorlara evlər verildi. Kinoteatrların təmiri üçün göstərişlər oldu. Həmçinin sizin də yaşınız dövlət səviyyəsində qeyd olundu. Necə qiymətləndirirsiz, göstərilən diqqət və qayğıdan razısınız?

- Bu gün mədəniyyət və incəsənətə dövlət qayğısı çox yüksəkdir. Adi kinoteatrlarımız məbəd şəklində tikildi. Təmir olmadı ha, yenidən bərpa olundu. İstər Akademik Milli Dram Teatrı, Rus Dram Teatrı, Kukla Teatrı hər biri yenidən bərpa olundu. Əcnəbi qonaqlar olanda deyirlər ki, bizdə bu səviyyədə teatrlar yoxdu. Təkcə binanın bərpasından söbət getmir. İşıq effektləri, dekorasiyalar və s. yüksək səviyyədədir. Aktyorların maddi imkanı yaxşılaşdırılır. Aktyorun maddi durumu yaxşı olanda daha yaxşı çalışır. Çünki aktyor yaxşı geyinməldir, cəmiyyət arasında olmalıdır. Son vaxtlar illik mükafatlar verilir. Sənət adamlarına fəxri adların verilməsi müsbət haldır. O adların içində vəsaitlər də var. Azərbaycanda teatr və kinoya böyük qayğı var. Aktyorlarımıza mükafatlar, təqaüdlər təqdim olunur. Aktyorlar da çalışmalıdır. Yəni teatrda elə mövzular qoyulmalıdır ki, baxan insan da deməldir ki, bax mən bunu demək istəyirdim, ancaq tapıb deyə bilmirdim. Mən optimist adamam. Ona görə deyə bilərəm ki, Azərbaycan teatrı yaşayır, həmişə də yaşayacaq.

- Yaradıcıllığınızda yenilik varmı, planınızda hansı işlər  var?

 - Bu yaxında nazirimiz Əbülfəs Qarayevin sərəncamı ilə mənim 70 illik yubileyim keçirildi. Bu yubiley keçiriləndən sonra gözəl rejissor Cavid İmamverdiyev təyin olundu. Heç bir yubileyə bənzəməyən bir yubiley hazırlanmışdı. Artıq iki dəfə təqdim edilib. Hal-hazırda Akademik Milli Musiqili Dram Teatrında çox maraqlı rollar ifa edirəm. “Amerikalı kürəkən”, “Fərzəli kef.com”, “ər arvad”,kimi əsərlərdə rollar ifa edirəm. Bunların bəzisində həm aktyor, həm rejissoram. Bu yaxınlarda “Əliqulu evlənir” musiqili kamediyasının həm rejissoru, həm aktyoru kimi çıxış edəcəm. Hələ ki, işlərimiz və planlarımız var.