“Mən səndən yaxşı qəzet buraxacam” prinsipi itdikcə media da ölür - Cahangir Məmmədli 

16:40 27.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

İnformasiya texnologiyalarının inkişafı operativlik, əlçatanlıq gətirsə də, bir sıra problemləri də qaçılmaz etdi. Belə ki, ənənəvi maarifləndirmə mənbəyi olan qəzetə, televiziyaya marağı azaltdı. Hafta.az Azərbaycanın qocaman jurnalisti, BDU-nun Jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli ilə bu barədə söhbətləşib. Həmin müsahibəni təqdim edirik. 

- Hər zaman televiziyaların rəhbərlərindən, efirə gedən verlişlərdən narazılıqlar olurdu, mətbuatda qınanınılırdı. Deyəsən, vəziyyət dəyişdi, rəhbərlik də. Siz bu dəyişikliyi necə qiymətləndirirsiniz?

Dəyişikliyi sözün əsl mənasında hiss edə bilirik. Xüsusilə də, iki televiziyada bu yeniliyi hiss etmək daha xoş oldu: Azərbaycan teleməkanında ana televiziyamız olan - “AzTV”, cəmiyyətin televiziyası olan - “İTV” öz proqram formatlarını genişləndirdilər, həmçinin  axtarışlar aparırlar. Azərbaycan televiziyasında son dərəcə maraqlı televiziya formatlarını görürük. Hər iki televiziya cəmiyyətin qarşısında öz borclarını yerinə yetirmək əzmindədirlər. Məsələn, mən tələbələrin içindəyəm. Universitet tələbələri əslində ictimai rəydir. Onların hamısında belə bir fikir fomalaşıb: “Nəhayət ki, Azərbaycan televiziyası xalqın əsl tələb etdiyi televiziya formatına gəlib çıxa bildi”. Bəlkə də ona görə ki, rəhbər Rövşən Məmmədov televiziyanın nəzəriyyəsini bilən bir jurnalistidir, alimdir. Jurnalistikanın nəzəriyyəsindən dərs deyən adamdır. Bir müəllim kimi deyə bilərəm ki, onun haqqı da yox idi ki, belə olmasın (gülür). Hazırda mənim razı qaldığım telekanallardan biridir. İTV-də də axtarışlar var və o axtarışlar öz nəticəsini verir. Qaldı digər telekanallara , onlardan biri də“Xəzər TV”dir. Çoxdandır ki, özünü intelekti ilə göstərən bir format - “Xəzər Səhər” proqramı var. Telekanallar içində ən çox xoşum gələn proqramdır. Həmid Herisçi ilə, İlhamiyyə Rza sözün həqiqi mənasında həm maarifləndirmə işi aparırlar, həm də doğru-düzgün, tərəfsiz yerli və dünyada baş verən informasiyaları çatdırırlar. Əyləncə bu proqramda azdır. Bizim efirlərdə əyləncə o qədər çoxdur ki... Hansı proqramda əyləncə azdırsa, o, mənim çox xoşuma gəlir. Azərbaycan televiziyasında da səhər proqramı çox yaxşıdır. Televiziyaların ən böyük işi maarifçilik olmalıdır. Bəzən hesab edirlər ki, insanlar səhər efirə gedən verlişlərə baxmırlar. Ancaq bir çox adamlar səhərlər yemək yeyərkən bu proqramları izləyirlər. Ona görə də o insanların tələblərini televiziyalar bu kimi proqramlarla ödəməlidirlər.         

 - Deyirsiniz ki, insanlar səhər verlişlərinə baxırlar.  Ancaq məlum olan odur ki, sanki insanlar televiziyadan uzaqlaşıblar... Cəmiyyətdə televizyaya yenidən maraq oyatmaq olarmı?                                                                                                             

Mən hesab edirəm ki, çox çətinki bu baş versin. İnformasiya texnologiyaları inkişaf etdikcə öz təsirini də göstərmiş olur. Belə deyək, internet şəbəkəsinin, sosial şəbəkələrin insanların həyatına ayaq açması marağı öldürdü. Televiziyalarda gedəcək məlumatları tez bir zamanda internet vasitəsilə əldə edə bilirlər. Bu isə alüdəçilik prinsipini yaratmış olur. Bu mənada həqiqətən də, etiraf etmək lazımdır ki, televiziya uduzur. Bu yaxınlarda ağlıma bir şey gəldi: Televiziyalarda ən böyük yenilik nədir? Ürəyimdə fikirləşdim ki, bəli, indi televiziyalarda ən böyük yenilik odur ki, “online” mediada gedən xəbərləri götürüb dırnaq içərisində vermək... (gülür). Kanallarımızın böyük əksəriyyəti xəbərləri saytlardan götürüb verirlər. Ona görə də, səy göstərmək lazımdır ki, nəyəsə nail olasan. Başqacür nəyisə dəyişmək çətin məsələdir.

- Saydıqlarınızla nəyəsə nail olmaq mümkün olarmı?

- Mən özüm bu sual qarşısında acizəm, çətinlik çəkirəm. Çünki internet sistemi hər şeyi adamların əlində alıb. Açığı deyim, universitetin jurnalistika fakültəsinin tələbələrindən maraqlananda ki, hansı kanallara baxırlar, hansı proqramlar onlar üçün maraqlıdır. Deyirlər ki, “müəllim, biz televiziyaya baxmırıq, lazım olan məlumatı “Fecebook”dan ala bilirik”. Bu, bəlkə də azadlığın bir bəşəri formasıdır. Düzdür, azadlıq bəzən başımıza oyun açır. Yəni, söyüşlər, təhqirlər baş alıb gedir. Biz onun qarşısını ala bilmirik. Cavanlar müstəqil informasiyanı internet üzərindən alırlar. İnternet dünyası isə adamları bir az aldadır. Çox insan elə bilirk ki, ali təhsil almışıq. Daha bizə maarifləndirmə lazım deyil. Ona görə televiziyalara maraq göstərmirlər. Ancaq nə qədər pisləsək də, televizyalar maarifləndirmə işində çalışırlar. İnsanın işi ölənə qədər maariflənmə olmalıdır. Televiziyalarımızın bir çoxu bu işi görə bilir. Elələri də var axşama qədər şou göstərirlər. Belə düşünmək olur ki, yalnız televizya bir nəfər üçün yaradılıb, ürəyi istəyən verlişləri verə bilər.

- Əvvəllər elə sizin kimi deyirdilər - TV-lər cəmiyyəti maarifləndirir. İndi TV-yə baxan, kitab oxuyan çox azdır, qəzet oxuyan da yoxdur. Belə bir durumda peşəkar jurnalist gözü ilə cəmiyyətə kənardan baxanda necə görünür? Axı heç kim maariflənmir...

- Azərbaycanda iki televizyadan tələb etmək hüququmuz var: “AzTV”, “İTV... Özəl telekanallara "niyə belə verilişləri verirsən" deyə bilmərik. Onlara belə sualla müraciət etsək deyəcəklər ki, biz qanunları pozmuruq ki?.. Biz də deyəcəyik ki, yox, qanunları pozmursunuz. Bəzən sadəlöv adamlar olur ki, Mili Televiziya və Radio Şurasından tələb edirlər ki, niyə filan verlişi bağlaırmırsınız? MTRŞ-nın verliş bağlamağa ixtiyarı yoxdur. MTRŞ-nın işi odur ki, qanun pozuntusuna imkan verməsin. Qanun pozunutusu olanda o qurum öz işini görür.

- Bəs efirlərdə aparıcıların bayağı nitqləri, efirə yaraşmayan hərəkətlər... Bunlar qanun pozuntusu sayılmırmı?

- Bu tam mənada pozuntudur. İctimai rəydə qınaq deyilən bir şey var. Bu, bizdə çox zəifdir. Azərbaycanda televiziya tənqidi deyilən bir şey də yoxdur. Televiziya tənqidi ilə məşğul olan adam yoxdur. Bizdə Sovet dövründə “Pioner “ qəzeti var idi. Həmin qəzetdə bir rubrika var idi: soruşun cavab verək... Mən içində olmaqla özünü teletənqidçi hesab edən adamlar otururdular. Bizdən soruşurdular və biz də cavab verirdik. Ancaq yaxşısı odur ki, teletənqidçilər özləri təhlillər aparmalıdır. Onlardan kimsə soruşmamalıdır.  Bizim ən böyük dərdimiz, televiziya tənqidinin olmamasıdır. Mən deyim ki, bu sahədə mütəxəssislər də var. Ancaq deyəsən çəkinirlər nədir bilmirəm. Bu haqda mütəxəssislər danışılmalıdırlar. Verlişlər təhlil olunmalıdır. Televiziyalar haqqında o qədər mədəni şəkildə təhlil, diskusiyalar aparıla bilər ki. Onda çox şeyə nail olunmuş olar. Belə olan təqdirdə TV-lərdən tamaşaçılar da razı qalar. Bu mənada mənim üçün ən vacib məsələ Azərbaycanın elm və ictimai mühitində televiziya tənqidinin yüksəltmək istəydir. Hələki bunun üçün səy göstərirəm. Fakultədə də tələbələrimizə bu haqda nəyisə aşılamaq istəyirəm.

- Televiziya tənqidi yoxdur və senzura tətbiq olunmur. Bir neçə müddətdir ki, bədii şuralar müzakirə olunur. Bədii şuraların yaradılması prosesi davam edir.  Sizcə bu tərkibi kim seçməlidir? 

- Bu barədə ciddi düşünməyin vaxtı gəlib çatıb. Onlara tənqid lazımdır? Bax bu sualı onlar özlərinə verməlidirlər. Yaradılan bədii şuraların tərkibləri haqqında məlumatım çox azdır. Hiss edirəm ki, o şuraya müğənni və sənət adamları cəlb olunub. Müğənnilərin seçildiyi şuraya bədii şura deyirlər də... Ona görə elə o adamları seçiblər(gülür). Bəlkə onun adını dəyişmək lazımdır. O ad televiziyanın bütün xarakterini özündə cəmləşdirsin. Bədii şuralar deyəndə şou verlişlər xatırlanır. Sözün həqiqi mənasında televizya sahəsini dəqiq bilən adamları, heç olmasa televiziya mütəxəsisslərini oraya cəlb etmək lazımdır. Açığı mənim də narazılığım var.

- Cahangir müəllim, “online” media gün ərzində yüzlərlə xəbər alıb-ötürmədə interaktiv iştirak edir. Sizcə kəmiyyət keyfiyyət göstəricilərinə təsir edirmi?

- Azərbaycanda belə bir kəlam var: “yazıya pozu yoxdur”. Qəzetdə bir məlumat yazılırdısa, səhər qəzet çıxırdı, oxunurdu. Onu silmək olmurdu. Qalırdı o məlumat arxivdə. Amma sayt sistemində yazıya pozu var. Xalqın dilində olan atalar sözünü də dəyişə bilmə dövrü gəlib meydana çıxdı. Operativlik xatirinə tələm-tələsik informasiyanı verirlər. Sonra məlum olur ki, verdikləri informasiya düzgün deyil. Bəzən məcbur qalıb o informasiyanı silirlər. Bu yaxınlarsa televiziyadan eşitdim ki, hansısa kənddə  xəstəlik insanlar arasında geniş yayılıb. Sonradan açıqlamalardan məlum oldu ki, o kənddə heç bir xəstəlik yayılmayıb. Həmin xəbəri verən ilk sayt o xəbəri çıxartdı. Ancaq çıxarmağına baxmayaraq, TV də o xəbəri sayta istinadən yayımlamışdı. Bu halları görəndə, məlum olur ki, keyfiyyət çox aşağıdır.

- Ənənəvi mediada xəbərlər silinmirdi. Deyirlər jurnalistikanın qızıl qaydalarından biri odur ki, xəbər silinməməlidir. Ancaq yaxın günlərdə bir media rəhbəri öz müsahibəsində deyirdi ki,  gündə onlarla xəbəri silməli olurlar. Bunun adı peşəkarsızlıq ola bilərmi?

- Çox sağ olun, bu sual üçün. Mən misal üçün deyə bilərəm ki, Mirşahingilin əvvəlki vaxtlarında - bir on il bundan qabaq heç zaman informasiyanı silməzdilər. O ustad bir jurnalistdir. Mənə bir dəfə çox yaxın qohumum dedi ki, bir yerdə ağacları qırmışıq, Mirşahinin çəkliş qrupu gəlib çəkib. Ola bilərmi ki, efirə getməsin? Sizin çox yaxşı münasibətiniz var ona deyə bilərsən? Mən dedim, Mirşahin xəbəri heç vaxt bağışlamır. Ona görə də o sözü deyə bilmərəm. Desəm, bəlkə məni çox istədiyinə görə keçsin. Ancaq içində mənə olan məhəbbəti sönə bilər. İnformasiya dəqiqləşdirib qoyulmalıdır. Bunun fərqi yoxdur, qəzet olsun, sayt olsun və s. Ona görə təsadüfi deyil ki, jurnalistikanın qızıl qaydalarından biri dəqiq, qərəzsiz, balanslı, vicdanlı xəbər vermədir. Əgər bu prinsiplərə əməl etmirsənsə o informasiya oxucular və tamaşaçılar tərəfindən qəbul edilməyə bilər.

- Çap mediasının sıradan çıxması jurnalistika üçün nə vəd edir?

Bir yaşlı insan kimi, qəzətə bağlı jurnalist kimi bu vəziyyət məni çox narahat edir. Qəzet qoxusu sıradan çıxandan sonra, normal maarifləndirmə, normal informasiya vermə imkanı da zəifləyə bilər.  Qəzeti hiss etmək lazımdır. Qəzetin sıradan çıxmaması üçün çox ciddi mübarizə aparmaq lazımdır. Amerikada “VAŞİNQTON POST” qəzeti  gördü ki, bütün qəzetlər “online” sisteminə keçməyə başlayıblar. Həmin qəzet dörd il bundan əvvəl elan verdi ki, biz gələn il tamamilə elektron varianata keçəcəyik. Amma keçmədilər. Çünki həmin qəzet kağız variantı olaraq ildə 11 milyard pul qazanır. Təcrübədən də keçirtdilər. Qəzet variantının hələ də yüksək səviyyədə oxunduğunu başa düşdülər. Türkiyənin səhər proqramların baxın. Səhər proqramlarının hamısı qəzet informasiyaların üzərində işləyirlər. Qəzetdən götürdükləri informasiya TV-lər gedib çəkir və canlı sujetlər verirlər. Bax qəzeti belə qorumaq lazımdır. Azərbaycanda qəzetçilik məsələsində bir ara narahatçılıq yarandı. Hansısa qəzetə dövlət yardımı olmadı. Haqlı və ya haqsız məsələsi mənə aid olmadığ üçün, bu haqda nəsə deyə bilmərəm. Bunlardan biri “Şərq” qəzeti hiss etdi ki, maliyyə problemi var. Onlar o qədər gözəl sistemə keçdilər ki... Mənim çox sevdiyim qəzetlərdən “Şərq”, “525-ci qəzet”, “Kaspi” qəzetləridir. Bunların hər birini çıxan günləri oxuyuram. Mən bəzən yarı ciddi, yarı zarafata deyirəm ki, qoyun qəzetlərdə maliyyə sıxıntısı yaransın. Görək onlar necə işləyib, necə sağ çıxacaqlar. Rəqabət olmalıdır. Rəqabət hər şeyi həll edir. Amerika, İngiltərə, Fransa bütün dünyaya meydan oxuyurlar. Ona görə ki, rəqabət var. Biz Soveti qurub, hər şeyi dövlətin ixtiyarına verəndə, o dövlətlər öz aralarında rəqabət aparırdılar. Bizi isə öz idiologiyamız qabağa getməyə qoymadı. İndi-indi dirçəlirik. Bizə “şair xalq” deyirlər. Bir dəfə bir redaktor dedi ki, bizə şair xalq deyən millətin başına dəysin o şairlik. Biz bir az da fizik olmalyıq, lirikadan uzaqlaşmalıyıq. Jurnalistikada da rəqabət olmalıdır. Bir-birlərini tənqid etməyi bacarmalıdırlar. “Mən səndən yaxşı qəzet buraxacam” prinsipi itdikcə media da ölür.

- Belə fikirlər var ki, jurnalistika fakültəsi jurnalist yetişdirə bilmir. Bu fikirdə həqiqət varmı? 

- ABŞ həmişə praktikaya üstünlük verib. Avropa da isə nəzəriyyə və praktika yanaşı öyrədilib. Bu yaxınlarda eşitdim ki, Amerika mütəxəssisləri deyirlər ki, jurnalistikada Avropa məktəblərinin təcrübəsindən istifadə etmək lazımdır. Bu mənada nəzəriyyə və praktika bir yerdə olmalıdır. Sözün əsl mənasında nəzəriyyə daha çox yer ayırıb, praktikanı azaltmaq düzgün deyil. Mən 3-4 il bundan əvvəl Almaniyada universitetlərin birində jurnalistika fakultəsində oldum. Sual verdim ki, burada vəziyyət necədir? Onlar dedilər ki, bizdə də nəzəriyyəyə bir az artıq fikir veririk. Prakikaya üstünlük vermək üçün çalışırıq. Almaniyanın “İctimai” televiziyasının direktorundan soruşdum ki, jurnalistikadan gələn kadrlar sizi təmin edirmi? Dedi ki, məzun olub gələnlər nəzəriyyəni çox yaxşı bilirlər. Amma, işə başlayanda, görürük ki, onlar hazır deyillər. Etiraf etdi ki, praktikanı mənsimək üçün 5-6 ay onları işə götürüb, aşağı maaşla işlətməli olurlar. Bütün dünyada belədir. 5-6 il öncə bizdə də hər kursun sonu uşaqları təcrübəyə göndərirdik. İndi tələbələri 4-cü kursun sonu praktikaya göndərirlər. Bütün ixtisaslarda belədir. Bu bizi çox narahat edir. Bu barədə nazirliyə də müraciət etməliyik. Buna baxmayaraq jurnalistika fakultəsi haqqında bilib-bilmədən danışmaq da ədalətsizlikdir. Çünki yetərincə savadlı jurnalistlər bu fakultədə yetişir. Azərbaycan mediasında hər hansı bir jurnalistikanı bitirən adamın cinayət əməli, təhqir, böhtan kimi xüsusiyyətlərini görməzsiniz. Çünki onlar burada peşə etikası keçirlər. İndi də jurnalistika fakultəsinə müsabiqə yolu ilə götürürlər. Bura gələn uşaqların çoxu yazmağı bacarırlar. Müsabiqə aşağı ballı tələbələrin gəlib çıxmasına səbəb oldu. Amma gələnlər məqsədli gəlirlər. Bəzən adamın əlacı kəsilir. Bu minvalla mən 10 nəfərdən ibarət qrup düzəltmişəm. Biz onlarla qəzet səhifələri düzəldirik. “AzTV”  bizim tələbələr içindən seçim etdi. Nitqi, diksiyası gözəl olan tələbələrdən 7-8 nəfərini seçdi. Həmçinin Mirşahin özü də bizim jurnalistika fakultəsi ilə memorandumun imzalanması üçün təkilflər verib. O, da bildirdi ki, buradan tələbələri aparıb yetişdirəcək. Hətta, zəif olsa belə, peşəkar jurnalistlərlə bu işi başladıb öyrədəcəyini dedi. Ona görə ki, Mirşahin bu fakultəyə hamıdan çox bələddir. Özü də bu fakultəni bitirib. “AzTV” nin sədri də bu fakultəni bitirib. Mənim heç bir qısqanclığım yoxdur. Mediadaya jurnalistikanı bitirən adamların rəhbərlik etməsi, fakultəni o qurumla yaxınlaşdırır.