Mənsum İbrahimov Ağdamda “Qarabağ şikəstəsi”ni oxudu

11:50 29.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov rəhbərlik etdiyi “Qarabağ” muğam qrupunun üzvləri – Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovla işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Hafta.az xəbər verir ki, Xalq artisti Mənsum İbrahimov Ağdam Dram Teatrının binasının qalıqları önündə “Qarabağ şikəstəsi”ni oxuyub. Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ifanı böyük maraqla dinləyiblər.

Mənsum İbrahimov azertac-a müsahibəsində deyib:

“Həm həyəcanlıyam, həm də böyük sevinc içindəyəm. 27 ildən sonra Ağdamımıza qovuşmuşuq. İşğaldan sonra ilk dəfə Ağdam şəhərində “Qarabağ şikəstəsi” oxudum. Ağdam şəhəri də 27 ildən sonra ilk dəfə “Qarabağ şikəstəsi” eşitdi. İndiyə qədər oxuduğum “Qarabağ şikəstəsi”ndə bir niskil, həsrət var idi. Bu gün isə sevincdən oxuyuram. Ürəyimiz sevinir. Ağdamın havasını udaraq oxuyuram “Qarabağ şikəstəsi”ni. Bundan böyük xoşbəxtlik yoxdur. Bu xoşbəxtliyi bizə nəsib etdiyi üçün Müzəffər Ali Baş Komandana təşəkkür edirəm”.

Oxunma sayı 1160