“Ankara İsrailin sizə verdiyinin onda birini belə verə bilməz“

15:15 18.10.2011
Yazını böyüt
Yazını kiçilt
Son günlərdə Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq meyilləri güclənib. Mətbuatda İsrailin də Azərbaycanla bu sahədə əməkdaşlığı yeni mərhələyə çıxartmaq planlarının olduğuna dair informasiyalar dolaşır. Bütün bu hadisələr isə Azərbaycanın ən yaxın iki strateji tərəfdaşı arasında diplomatik əlaqələrin kəsilməsi fonunda baş verir. Ekspertlər bu durumda Azərbaycanın çətin sınaq və ciddi seçim qarşısında qaldığını iddia edirlər. Bütün bu məsələlərlə bağlı suallarımızı “Həftə içi“nə eksklüziv müsahibəsində tanınmış yəhudi ekspert Aviqdor Eskin cavablandırır:

- Azərbaycanla İsrail arasındakı münasibətlərin hazırkı vəziyyəti barədə nə düşünürsünüz?
- Azərbaycan və İsrail arasındakı münasibətlərin dərin tarixi kökləri var. Bizim xalqlarımız qədim zamanlardan dostluq edirlər. Bizi ümumi tarix birləşdirir. Bundan əlavə, bizi bu gün real geosiyasi maraqlar birləşdirir. Onlar qarşılıqlı mahiyyət daşıyır. Münasibətlər qarşılıqlı maraq və mənfəət əsasında qurulur.
- Azərbaycanın Türkiyə ilə İsrail arasındakı problemlərin çözülməsində vasitəçi kimi çıxış etməsi nə qədər inandırıcıdır?
- Azərbaycan Ankara və Təl-Əviv arasında vasitəçi kimi çıxış edə bilər, lakin indi yox. İndiki yaranmış şərtlər daxilində bu çətindir.
- Bir müddət əvvəl Türkiyənin Bakıdakı səfirinə istinadən Ankaranın Bakının da İsraillə münasibətlərinə yenidən baxılmasını istədiyinə dair informasiyalar yayıldı. Necə fikirləşirsiz, Bakı bu addımları ata bilər?
- Təəssüflər olsun ki, Türkiyə hazırda riskli və ağılsız siyasət yürüdür. Bu siyasət tək İsrailə qarşı münasibətdə deyil. Azərbaycanda vəziyyəti qarışdırmaq təhdidləri də Türkiyənin regional lider olmuş Atatürkün qoyduğu ənənəvi xətdən kənara çıxdığını sübut edir. Türkiyənin bu səhv addımları sırasına Ankaranın Suriyanın daxili işlərinə qarışmasını da aid etmək olar. Bu cür vaxtda ortalıq mövqe tutmaq çox çətindir. Əgər Azərbaycan Ankaranın istədiyini etsə, onda bölgəmizdə ikinci dərəcəli respublika rolunu üzərinə götürmüş olacaq. Əgər Azərbaycan öz iradəsini ortaya qoymasa, sadəcə İran və Türkiyə tərəfindən udulması riski ilə üz-üzə qalacaq. Hələ hadisələrin bu cür inkişafının fonunda Dağlıq Qarabağın birdəfəlik ermənilərin nəzarətində qalacağı barədə danışmıram. İsraillə əməkdaşlıq isə Azərbaycanın regional liderə çevrilməsi və mövqelərini gücləndirməsi imkanı yaradır. Bu gün Azərbaycanın yürütdüyü siyasətin qarşısında dayanan başlıca vəzifə də məhz budur.
- Bu gün İsrail tərəfindən qondarma erməni soyqırımının tanınması və Ermənistanla isti münasibətlərin qurulması ehtimalları nə dərəcədədir?
- Bir müddət əvvəl mən Ermənistan prezidenti və aparıcı erməni siyasətçilərinin saxta və yalan antisemitzm kampaniyası aparmasını göstərdiyim araşdırmaları dərc etdim. Bu səbəbdən İrəvanla yaxınlaşmaq üçün heç bir əsas yoxdur. 1915-ci ilin qanlı olaylarına gəldikdə isə biz heç zaman türklər tərəfindən cinayətlərin törədilməsini inkar etməmişik. Lakin biz tam əsaslandırmada çatışmazlıqları ilə fərqlənən ermənilərin iddialarını qəbul edə bilmərik. Bununla belə həmin vaxtın hadisələrini müzakirə edən zaman minlərlə azərbaycanlının öldürülməsini də yada salmaq gərəkdir. Bu olaylar da 1917-1918-ci illərdə baş verib.
- Türkiyə ekspertləri hesab edirlər ki, Ankara Azərbaycanın başlıca hərbi strateji tərəfdaşı olan İsraili əvəz edə bilər. Ankaranın bu cür potensialı varmı?
- Azərbaycanın Türkiyə və İranla konstruktiv münasibətlər qurması onun üçün vacibdir. Lakin Azərbaycan bölgədə mövqelərini daha da gücləndirmək istəyirsə onda İsraillə əməkdaşlıq onun üçün daha sərfəlidir. Ankara heç zaman İsrailin Azərbaycana verdiyinin hətta onda birini Bakıya verə bilməz və bunu istəməz.
- Dağlıq Qarabağ münaqişəsinin həllinə dair fikirlərinizi bilmək maraqlıdırg
- Azərbaycan İsrailin 1915-ci il türk cinayətlərinin tanınması məsələsinə mövqeyinə bu qədər maraq göstərməklə səhvə yol verir. Bundan da vacib 1917-1918-ci illərdə minlərlə günahsız azərbaycanlının öldürülməsi barədə həqiqətlərin üzə çıxarılması və yayılmasıdır. Vaxt Azərbaycanın əleyhinə işləyir. Lakin Bakı itirilmiş torpaqları geri qaytarmaq qərarını versə, bunun üçün yollar var. Mən informasiya və diplomatiya müharibəsini nəzərdə tuturam. Lakin siz anlamalısınız ki, dünyada Azərbaycanın Qarabağı itirməsi ilə barışdığına dair bir təsəvvür formalaşıb. Başqa sözlə, hər şey sizin özünüzdən asılıdır.
? Azad Əliyev
Oxunma sayı 155