Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda Azərbaycanı təmsil edib

10:56 23.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Gömrük Hospitalının həkimi Aynur Səfiyevanın bu yaxınlarda ABŞ-ın Nyu York şəhərində beynəlxalq konfransda iştirak etməsi ilə bağlı məlumat vermişdik.

Azərbaycanlı həkimin nüfuzlu beynəlxalq konfransda iştirak etməsi xəbəri oxucularımız tərəfindən böyük maraqla qarşılanmışdır. Bu gün qonağımız – 25-29 iyul tarixlərində Qadın Həkimlərin Beynəlxalq Assosiasiyasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda “Kolorektal poliplərdə gender fərqləri” məruzəsi ilə çıxış edən Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyevadır.

- Aynur xanım, xahiş edirik, Nyu York konfransının spikerlər sırasına dəvət almağınız barədə bir qədər məlumat verəsiniz.

- Bu ilin aprel ayında Gürcüstan Respublikasında Qadın Həkimlərin Beynəlxalq Assosiasiyasının keçirdiyi konfransda iştirak edirdim. Təşkilatın Şərqi Avropa üzrə vitse-prezidenti prof. Kaladze məni şəxsən konfransa dəvət etmişdir. Qadın Həkimlərin Beynəlxalq Assosiasiyasının prezidenti prof. Bettina Pfleiderer və baş katibi xanım Shelley Ross ilə konfransda tanış oldum. Mənim çıxışım çox maraqla qarşılandığına görə onlar mənim hansı ölkədən olduğumla maraqlandılar. Mən onlara Azərbaycanı təmsil etdiyimi və kolorektal poliplərlə bağlı tədqiqat işini apardığımı dedim. Bu mövzu onlara çox maraqlı gəldiyi üçün məni 25-29 iyul tarixlərində Nyu Yorkda keçiriləcək konfransa dəvət etdilər. Konfransda iştirak etmək üçün öncədən elmi mövzumun posterini və tezislərimi konfrans təşkilatçılarına göndərdim. Tezis məruzə şəklində qəbul edildikdən sonra Mərkəzi Gömrük Hospitalının dəstəyi ilə mən spikerlərin sırasında oldum.

- Çıxış etdiyiniz mövzunun aktuallığı nədən ibarətdir?

- Qadın Həkimlərin Beynəlxalq Assosiasiyası dünyanın bütün qitələrini əhatə edən peşəkar təşkilatdır. Bu il Nyu Yorkda düzənlənən bu konfrans da məhz təşkilatın 100 illiyinə həsr olunmuşdur. Belə bir konfransda çıxış etmək mənim üçün çox qürurverici idi. Mən apardığım elmi-tədqiqat işinin müəyyən bir hissəsini orada təqdim etdim. Konfrans iştirakçılarına müasir elmi araşdırılmalarda böyük maraq doğuran “kolorektal poliplərdə CD 133 həssaslıq və onlarda gender fərqliliyi” haqqında ətraflı məlumat verdim. Qeyd edim ki, mən artıq 3 ildən çoxdur ki, kolorektal poliplərdə kanser kök hüceyrələrinin araşdırılması və onların klinik əhəmiyyəti barəsində elmi iş üzərində çalışıram. Bu işlə əlaqədar olaraq beynəlxalq və yerli konfranslarda çıxışlarım olur, eyni zamanda beynəlxalq və yerli tibb nəşriyyatlarında məqalələrim də dərc olunub. Onu da deyim ki, elmi tədqiqat işimin əsas hissələri - xəstə sayı, potomarfoloji incələnmə, endoskopik müdaxilələr Mərkəzi Gömrük Hospitalında aparılmışdır. İşimin bir hissəsi isə Türkiyənin Konya şəhərində Erbakan Universitetində aparmışam.

- Sizdən başqa konfransda Azərbaycanı təmsil edən var idimi?

Təəssüflər olsun ki, Azərbaycanı təmsil edən tək mən idim. Lakin çıxışımdan sonra artıq hər kəs məni görəndə “Azərbaycan” deyirdi və mən bununla çox böyük şərəf duyurdum. Bir vətənpərvər Azərbaycan ziyalısı olaraq düşünürəm ki, mən vətənimi layiqincə təmsil etməyi bacardım.

- Bu konfransda iştirak Sizə nə verdi? Konfransda başqa ölkələrin nümayəndələri ilə hər hansı işçi münasibətləri qura bildinizmi?

- Birincisi, bu mötəbər konfransdan nə gözləyırdimsə ona nail oldum - mən Azərbaycanı yüksək səviyyədə təmsil etməyi bacardım. İkincisi, elmi-tədqiqat işimi nüfuzlu alimlərin müzakirəsinə verdim və onların dəyərli fikirlərini aldım, digər ölkələrin mütəxəssisləri ilə bərabər elmi mübadilə apardım. Onu da deyim ki, bu yaxınlarda Qadın Həkimlərin Beynəlxalq Assosiasiyasının rəhbərliyi altında bir tədqiqat qrupunun yaradılması nəzərdə tutulub. Sevinirəm ki, mən də bu tədqiqat qrupunda iştirakım üçün təklif aldım.

- Gələcək planlarınız necədir? Başqa beynəlxalq konfranslarda iştirak etməyi planlaşdırırsınızmı?

- Qətiyyətlə deyə bilərəm ki, elmi işlərimi davam etdirəcəyəm, Azərbaycan ziyalısı və həkim olaraq bacardığım qədər öz ölkəmi, çalışdığım Mərkəzi Gömrük Hospitalını beynəlxalq konfranslarda yüksək səviyyədə təmsil edəcəyəm. Yaxın planda isə Avropa koloproktoloji dərnəyinin Azərbaycan üzrə milli təmsilçisi qismində dərnəyin Avstriyanın Vyana şəhərində sentyabr ayında keçiriləcək illik toplantısında iştirak etməyimdir.

- Aynur xanım, maraqlı müsahibəyə görə təşəkkür edirik, işinizdə yeni-yeni uğurlar diləyirik.

- Sağ olun.