Mərkəzi Parkda qadağan nişanları quraşdırılır – FOTO-VİDEO

16:19 30.07.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün öncə Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Bakı Mərkəzi Parkı ilə bağlı yeni qaydalar açıqlanmışdı. Qeyd olunurdu ki, ərazidə yaşayan vətəndaşların çoxlu sayda rəy və təklifləri nəzərə alınaraq parka gələn insanlar üçün yeni qaydalar tətbiq olunacaq.

Həmin qaydalar arasında bütün itlərin ağızlıq taxılmış halda və ipdə saxlanılması tövsüyyə olunması, eləcə də park ərazisində siqaret çəkilməsinin qadağan edilməsi, güllərin qoparılmaması və bu kimi qadağalar yer alıb.

Hafta.az-ın əməkdaşı adıçəkilən parkda olub. Vəziyyətlə maraqlanıb. Adıçəkilən qadağalarla bağlı nişanların vurulub-vurulmadığını yerindəcə araşdırıb.

Bəri başdan onu qeyd edək ki, 2020-22-ci illərdə Mərkəzi Parkın ərazisinin daha da genişləndirilməsi ətrafdakı evlərin də bu məqsədlə satın alınaraq dövlət tərəfindən sökülməsi nəzərdə tutulub. Artıq park ərazisində qalan bir neçə evin sakinləri də təklif olunan qiymətlərlə razılaşaraq ərazini tərk ediblər.

Tağıyevin evi qalacaq...

Bircə tikili qalıb, o isə sökülməyəcək. Çünki həmin binanın yaşı 100-dən çoxdur və tarixi abidə kimi qorunması qərara alıb. Haqqında bəhs etdiyimiz bina isə vaxtilə məşhur milyonçu Hacı Zeynalabidin Tağıyevin tikdirdiyi və bir müddət yaşadığı binalardandır.

Park işçilərindən əldə etdiyimiz məlumata görə, orada Hacı Zeynalabidin Tağıyevin ev muzeyi açılacaq. Hazırda restavrasiya işləri aparılır.

Tağıyevin qüllələri də qorunub saxlanılıb...

20-ci əsrin əvvəllərində Bakıya Şollar suyu çəkilərkən mərkəzi kəhriz sistemi qurulmuşdu. Həmin su İçərişəhərin ətrafındakı məhəllələri içməli su ilə təmin edirdi. Adıçəkilən yeraltı kəhrizlərin üzərində su qüllələri də tikilmişdi. Mərkəzi park ərazisindəki həmin qüllələr də qorunub saxlanılıb. Əsaslı təmir olunub. Park işçilərindən əldə etdiyimiz məlumata görə, həmin qüllələrin və kəhrizlərin bəziləri öz funksiyalarını indi də yerinə yetirməkdədir. Belə ki, parkın müəyyən hissəsi həmin kəhriz suları vasitəsi ilə sulanır.

 Avtomobil parkı hazırdır, amma...

Mərkəzi Park ərazisindəki avtoparkda da son tamamlama işləri başa çatmaq üzrədir. Parkın təhlükəsizliyinə cavabdeh olan şəxslərdən əldə etdiyimiz məlumata görə hələlik istirahətə gələnlər avtomobillərini dayanacaqda saxlaya bilmirlər. Çünki lift sistemi bu günlərdə quraşdırılıb. Qaraj hissədə təhlükəsizlik kameraları tam quraşdırılmadığından yeraltı avtomobil parkı hələ ki, istifadəyə verilməyib.

Bəs qadağan nişanları?

Yazımızın əvvəlində parka gəlişimizin səbəbindən bəhs etmişdik. Sadəcə əldə etdiyimiz məlumatların zənginliyi birbaşa mətləbə keçməyimizə imkan vermədi. Mərkəzi Parkda yuxarıda sadaladığımız “qadağandır!” nişanları hələlik tam şəkildə quraşdırılmayıb.

İşçilərin sözlərinə görə bir neçə gün ərzində həmin nişanların quraşdırılması başa çatacaq. Hələlik isə yalnız bir nişan quraşdırılıb. O da mərkəzi hissədəki “gülləri dərməyin” nişanıdır. Digər qadağalarla bağlı nişanlar isə artıq parka gətirilib. Yaxın 10 gün ərzində vurulacaq. İşçilər belə deyir.

Güllər demişkən...

Güllərdən bəhs etmişkən, onu da qeyd edək ki, park ərazisində əkilmiş güllərin bəziləri artıq quruyub. Görünür, yayın istisinə dözməyiblər. Çox güman ki, baxımsızlıqdan quruyublar. Parkın işçiləri isə əl arabaları ilə qurumuş gülləri zibilliklərə daşıyırdılar. Ərazidə istirahət edən yaşlı sakinlər isə hesab edir ki, əksəriyyəti Avropanın soyuq iqlimli torpaqlarından gətirilmiş gül tingləri yerli şəraitə uyğunlaşmadığı üçün quruyub.

Niyə siqarət çəkirsən?

Ərazidə müşahidə apararkən qadağan nişanlarının həndəvərində aşağı əyilib siqaret çəkən park işçilərinə - fəhlələrə yaxınlaşırıq. Parkda siqaret çəkməyin qadağan olduğunu bilə-bilə niyə siqaret çəkdiklərini soruşuruq. Duruxurlar. Kim olduğumuzu soruşurlar. Jurnalistik- deyə cavab veririk. Cavabları qısa olur: - vallah xəbərimiz yoxdur. Özü də o camaata aiddir, yəqin fəhlələrə aid olmaz- deyə cavab verirlər.

Əraziyə göz gəzdirərkən zibil qutularının azlığı da nəzərə çarpır. İşçilər bildirdilər ki, yaxın vaxtlarda əlavə zibil qutuları da quraşdırılacaq.

Qeyd edək ki, ümumi ərazisi 25-26 hektar olan Mərkəzi Park bu ilin may ayının 22-də istifadəyə verilib. Parkın açılışında prezident İlham Əliyev də iştirak edib. Hazırda park ərazisinin böyüdülməsi üçün köməkçi hissədə iş aparılır. Buldozerlər, “KAMaz”lar işləyir.