Soydaşımız Virciniyada İnsan Hüquqları Şurasının üzvü seçilib

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Virciniya ştatının qubernatoru Bob Makdonnel Amerikada yaşayan azərbaycanlı Con Nəimi Əmiralı İnsan Hüquqları Şurasının üzvü təyin edib. Qubernator Makdonnel oktyabrın 7-də ştatın administrasiyasına yeni təyinatların edildiyinə dair imzalayıb. 4 il müddətinə seçilən doqquz üzvdən ibarət şura Virciniya ştatı hökumətinin irqi, dini, milli mənsubiyyəti, cinsi, tibbi vəziyyəti və başqa səbəblərə görə vətəndaşların ayrı-seçkiliyə məruz qalmadığını təmin etməsinə nəzarət edir. İcma üzvlərinə göndərdiyi məktubda C.Əmiral Virciniya ştatının qubernatoruna belə mühüm bir quruma üzv seçməklə ona göstərdiyi etimaddan məmnunluq duyduğunu bildirib. Norfolk şəhərində yaşayan C.Əmiral ABŞ-da ən fəal diaspor üzvlərindən biridir. O, 2009-cu ildə Virciniya ştatının parlamentinə seçilmək üçün seçkilərə qatılıb. Kiçik fərqlə rəqibinə məğlub olan Əmiral ABŞ-da siyasi seçki prosesində namizəd kimi iştirak edən ilk azərbaycanlı olub. C.Əmiral ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyat zabitidir. Hazırda Virciniya ştatının Norfolk şəhərində kiçik bizneslə də məşğuldur. ABŞ-da Azərbaycan icmasının üzvləri C.Əmiralın Virciniya ştatının İnsan Hüquqları Şurasına təyinatını böyük məmnunluq hissi ilə qarşılayıb.