Meşələr niyə yanır?

18:25 14.08.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Mütəxəssislərin fikrincə, meşə yanğınlarının törənməsində insan faktoru əsas rol oynayır

Meşələrdə ağacların kəsilməsinin qarşısının alınması, eləcə də bölgələrdə kömürbasma ilə məşğul olanların müəyyənləşdirilməsi üçün mütəmadi reydlər keçirilir. Keçirilən reydlər və tətbiq edilən cərimələr son zamanlar bu sahədə işlərin müsbətə doğru irəliləməsinə səbəb olub". "Report" xəbər verir ki, bu barədə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Ziya Cəbrayılov jurnalistlərə açıqlamasında bildirib.

Idarə rəisi deyib ki, keçirilən növbəti reyd zamanı Oğuz ərazisindəki meşələrdə ağacların kəsilməsi halları müəyyən edilib və kömür quyuları aşkarlanıb: “Muxas və Calut kəndləri ərazisində 15-dən artıq kömür quyusu doldurularaq yenidən istifadəsi məhdudlaşdırılıb və ərazi nəzarətə götürülüb. Yerli sakinlərə müraciət edərək bildiririk ki, bu məsələyə biganə qalmasınlar, meşələrdəki ağacların kəsilməsinin qarşısını almaq məqsədilə belə hallarla üzləşdikdə birbaşa aidiyyəti orqanlara məlumat versinlər. Əsasən bu bölgələrdə çubuq kömürünün hazırlanması ilə məşğul olunduğundan bu, meşələrdə cavan pöhrələrin və ağacların kəsilməsi ilə nəticələnir. Həm də, kömür hazırlanması zamanı ondan ayrılan tüstü insanların vərəm xəstəliyinə yoluxmasına səbəb olur".

Ziya Cəbrayılov bir neçə gün bundan qabaq Oğuzda baş vermiş yanğının da ehtiyatsızlıq ucbatından və ya kömür basılmasından qaynaqlandığının ehtimal olunduğunu bildirib: “Bütün bunları nəzərə alaraq həm yerli sakinlər, həm də aidiyyəti qurumlar bu problemlərin aradan qaldırılması üçün bütün səylərini bir araya gətirməlidirlər. Tərəfimizdən meşə təsərrüfatı, eləcə də yerli bələdiyyələrə məxsus torpaqlarda kömürbasma halları ilə əlaqədar lazımi tədbirlər görülür, münbit torpaqlarda kömür basdırılması nəticəsində torpaqların qeyri-münbit hala gətirilməsi barədə bələdiyyələrə, aidiyyəti qurumlara məlumat verilir. Ümid edirik ki, birgə mübarizə tədbirləri daha səmərəli olacaq".

Yeri gəlmişkən, bu gün dünyada meşələrin məhv olmasının əsas səbəblərindən biri məhz onun yanğınlara məruz qalması sayılır. Təsadüfi deyildir ki, hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir. İnsanların məsuliyyətsizliyi ucbatından uzun illər ərzində qorunub saxlanmış meşələr, nadir ağaclar bir anda məhv olur. Bu da son nəticədə planetdə təbii balansın pozulması, həmçinin fauna və floranın məhvi, müxtəlif xəstəliklərin yaranması kimi fəsadlara yol açır. Məsələn, bir neçə gün öncə qonşu Türkiyənin Balıkesir şəhərinin Marmara adasında günorta saatlarından etibarən başlayan meşə yanğınları 11 saat davam edən yanğınsöndürmə əməliyyatından sonra söndürülüb. Hadisə nəticəsində 80 hektarlıq meşə sahəsi kül olub. Çox sayda heyvan tələf olub. Ümumdünya Vəhşi Təbiət Fondunun son illər artmaqda olan meşə yanğınları ilə bağlı apardığı elmi tədqiqatlar barədə hesabatında bildirilir ki, dünyada baş verən meşə yanğınlarının cəmi 4 faizi ildırım vurması və s. təbii səbəblərdən baş verir. Digər hallarda isə yanğınlar qəsdən və ya yanlış aparılan meşə təsərrüfatı siyasəti nəticəsində insanlar tərəfindən törədilir.

Qeyd edilir ki, meşə yanğınlarının tüğyan etdiyi ən acınacaqlı region Aralıq dənizi hövzəsidir. Araşdırmalara görə, 1960-cı ildən indiyədək regionda il ərzində baş verən meşə yanğınları 4 dəfə artıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, hər il Aralıq dənizi hövzəsində 50 min meşə yanğını hadisəsi qeydə alınır və bunun nəticəsində 800 min hektar meşə sahəsi məhv olur. Bu yanğınlardan xüsusilə İtaliya, İspaniya, Fransa, Portuqaliya və Yunanıstan daha çox ziyan çəkir. Son onilliklərdə Avropa ölkələrində meşəsalmada yanğınadavamlı palıd ağaclarının efir yağları ilə zəngin evkaliptlərlə əvəzlənməsi dəbdədir. Hesabat müəllifləri, həmçinin bu cür ağac növlərinin kütləvi halda əkilməsinə son qoyulmasını da tələb edib. Həmçinin gələcəkdə baş verəcək daha böyük fəlakətləri önləmək üçün Avropa ölkələri ciddi addımlar atmağa çağırılır.

Təbii ki, Azərbaycan da digər dövlətlər kimi meşə yanğınlarından sığortalanmayıb. Baş verən yanğınların qarşısının vaxtında alınmasına baxmayaraq, hər il belə hadisələrə ölkənin müxtəlif bölgələrində təsadüf olunur. Yanğınların bir hissəsi ildırım çaxması zamanı baş versə də ölkəmizdəki meşə yanğınlarının törənməsində insan əməyi böyük rol oynayır. Baş vermiş meşə yanğınları əsasən yaxınlıqdakı kənd təsərrüfatı sahələrində otların yandırılması nəticəsində meydana gəlir. Bu zaman əkin sahələrinin meşə və digər bitki örtüyünə yaxın olması ciddi fəsadlara səbəb olur. İnsanların səhvi ucbatından hər bir kvadratmetr sahəyə yayılan yanğın qiymətli ağac və kolların yanıb məhv olması ilə nəticələnir. Halbuki, torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur. Ekspertlər bildirirlər ki, torpağın üst münbit qatının yuyulub getməsinin qarşısının alınmasında, sel daşqınlarının minimuma endirilməsində, tarlaların küləkdən və quraqlıqdan qorunmasında meşələrin müstəsna əhəmiyyəti var. Meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur. Bu səbəbdən də meşələrin məhvinə səbəb olan yanğınların qarşısını vaxtında almaq və meşələrimizin yanğın təhlükəsizliyini təmin etmək üçün bir sıra zəruri tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Araşdırmalar onu göstərir ki, bu sahədə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, isinmək, xörək bişirmək üçün qalanmış tonqallar və meşəni tərk edərkən bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması meşə yanğınlarına səbəb olur. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən  çıxan qığılcımlar da yanğın törədir.

Mütəxəssislər bildirirlər ki, meşədə yanğınlara yol verilməməsi üçün yanğın təhlükəsizliyi istiqamətində bir sıra qaydalara əməl olunması zəruridir. Belə ki, meşələrə sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərə bulaşmış əski və digər materialları, o cümlədən yanar tütün məmulatları atmaq olmaz. Meşələrdə avtomobillərin yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması yolverilməzdir. Meşələrdə yanacaq və sürtgü yağlarının açıq şəkildə saxlanılması da yanğın təhlükəsi törədir. Yanğın təhlükəsindən uzaq olmaq üçün meşədə emal edilmiş hazır meşə materialları açıq sahədə müəyyən olunmuş qaydada yığılıb saxlanılmalıdır.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 244-cü maddəsində meşə yanğınları ilə bağlı xüsusi cərimələr nəzərdə tutulub. Məcəlləyə görə, fiziki şəxslər 400-600 manat, hüquqi şəxslər isə 1500-2000 manat cərimə edilir. Cinayət Prosesual Məcəlləsinə görə isə belə şəxslərin 1-7 il müddətinə azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı fikirləri bildirən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov da hesab edir ki, regionlarda baş verən meşə yanğınlarının səbəbi daha çox əhalidir: “Meşə yanğınına səbəb işbazlardır, meşəni yandırırlar, çünki onlara orada ərazi götürmək lazımdır. Bunun başqa səbəbi yoxdur. Cünki, həmin ərazilərdə hava isti keçirsə, quraqlıqdırsa, ildırım olmadığı üçün meşə yanmayacaq. Deməli, meşəni yandırırlar. Kimsə siqaret kötüyünü yanıq halda atır, kimsə öz sahəsinin alaqlarını qəsdən yandırır və yanğın meşəyə keçir və yaxud kimsə meşənin müəyyən ərazilərini zəbt etmək istəyir. Meşə elə-belə, özbaşına yanmır, meşədə olan nəmişlik buna imkan vermir. Hərçənd ki, bir dənə kibriti alışdırsan, o dəqiqə hamısı alışıb yanacaq. Çünki ağaclar barıt kimi yanmağa hazırdır. Sadaladıqlarım onu deməyə əsas verir ki, meşəni yandırırlar. Meşəni yandıranlara, təbiəti qazanc mənbəyi kimi görənlərə qarşı mütəmadi mübarizə aparılmalıdır”.

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Sosial rubrikasından digər xəbərlər