Məşhurlardan koronavirus ÇAĞIRIŞI

17:59 29.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Artıq bir aydan çoxdur ki, cəbhədə qızğın döyüşlər gedir. Bu günlərdə şanlı Azərbaycan Ordusu bizi davamlı qələbələri ilə sevindirir. Uzun illərdir işğal edilmiş torpaqlarının azad ediləcəyi günün həsrəti ilə yanıb tutuşan xalqımız indi xəyalını qurduğu həmin günləri yaşayır.

Hər nə qədər qələbələrimizi böyük sevinc və coşqu ilə qeyd etmək istəsək də, bu hər birimizin sağlamlığı üçün təhlükəlidir. Səbəb isə 2020 ci ildə dünyanı cənginə alan COVİD-19 virusudur. Son vaxtlar virusa yoluxma hallarında kəskin artma müşahidə edilir. Elə buna görə də dövlətimiz bir sıra əlavə tədbirlər həyata keçirir, mütəxəssislər xalqa müraciətlər edir. Ölkənin bir sıra tanınmış sənət adamları da, hafta.az vasitəsi ilə xalqa çağırışlar edib, özümüzü və ətrafımızı, ən əsası isə ordumuzu qorumağa səslədi.

İlk olaraq Əməkdar Artist, Xanəndə Nuriyyə Hüseynova söylədi ki, onsuzda ölkəmizdə müharibə gedir və bunun da, bir sıra çətinlikləri var:

“Düzdür, biz hər birimiz sevinliyik ki, torpaqlarımız işğaldan azad edilir, ancaq, bu da, məlumdur ki, yaralı əsgərlərimiz, şəhidlərimiz var. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, bizə kənardan əlavə problem lazım deyil. Ona görə də hər kəs bunu şüurlu şəkildə dərk etməlidir və özünü qorumalıdır”.

Xanəndə təəssüf hissi ilə qeyd edir ki, hələ də virusun olduğuna inanmayanlar var:

“Belə adamlar özləri xəstədir. 2020-ci il başlayandan insanlar kütləvi şəkildə virusdan həyatını itirir, xüsusən də Avropada. Onlarda yaşlı nəsil daha çox olduğu üçün, xətəliyə tab gətirə bilmədilər. Mənim tanışlarımın arasında da virusdan əziyyət çəkənlər olub, buna görə də insanlara, məsafə saxlamağı, masqa, spirt və digər qoruyucu vasitələrdən istifadə etməyi tövsiyyə edirəm. Baxırsan ki, küçədə antisanitar şəraitdə nələrsə satılır. Bu çox təhlükəlidir. Yaşamaq istəyən adam diqqətli olmalıdır”.

Əməkdar artist hazırki dövrdə xətəliklərin bolluğunda olduğumuzu, buna görə də təkcə koronavirusdan deyil bütün xəstəliklərdən qorunmaq üçün diqqətli davranmağımızı tövsiyyə etdi:

“Mən xatırlamıram ki, nə vaxtsa əlimi liftə yaxud marketdə qapının dəstəyinə, ümumiyyətlə yad cismə toxundurtduqdan sonra spirtləməyim. Lap pandemiyanı bir kənara qoysaq görərik ki, payız-qış aylarında qrip virusu kəskin şəkildə yayılır. Bir evdən 1 nəfər yoluxursa digərlərinə də keçir. Qripdən qorunmaq üçün də, hər kəs ehtiyyatlı olmalıdır. Tanış, qohum fərq etməz görüşməkdən çəkinmək lazımdır, uzaqdan da salamlaşmaq olur. Əvvəl viruslar bu qədər aktiv deyildi, indi hər şey daha təhlükəlidir. Keçmişdə 1 dəfə C vitmini iynəsi vurdurduqda, 3 il xətələnmirdik, indi isə dərmanlar da xəstəliklərə qarşı təsirini itirib. Buna görə də hər kəs təmizliyə riayət etməlidir. Sağlamlığımız hər şeydən vacibdir. Spirt və sabundan istifadə etdiyimiz qədər məsafə qaydalarına da riayət etməliyik.  Xüsusən də, qapalı məkanlarda masqasız gəzmək olmaz. Bundan əlavə mütəmadi olaraq, təmiz hava qəbul etmək lazımdır”.

Növbəti müsahibimiz, məşhur müğənni Elçin Hüseynov deyir ki, dəfələrlə həm canlı efirlərdə, həm də sosial şəbəkələrdə müraciətlər edir ki, koronavirusun birinci dalğasında biz təkcə virusla mübarizə aparırdıqsa artıq iki ayrı cəbhədə, iki ayrı düşmənə qarşı savaşırıq:

“Hal-hazırda cəbhədə güclü döyüşlər gedir, elə bu səbəbdən də biz ordumuza hərtərəfli dəstək olmalıyıq. Kimin əlindən nə gəlirsə o cür kömək edə bilər. İnşallah qələbə yaxındır. Torpaqlarımız işğaldan azad edildikcə biz hər birimiz sevinirik, lakin koronavirusu yaddan çıxarmaq olmaz. İnanıram ki tezliklə küçəyə də çıxıb böyük qələbəni qeyd edə, işğaldan azad edilmiş torpaqlarımızda tədbirlər keçirə biləcəyik”.

Digər həmsöhbətimiz tanınmış ifaçı Afət Fərmanqızı söyləyir ki, hazırda özü qoyulan bütün qayda-qanunlara əməl edir və hər kəsi diqqətli olmağa çağırır:

“Mən tövsiyyə edirəm ki, hamı qanuna tabe olsun,  həm pandemiyaya görə, həm də düşmən təxribatına qarşı çalışmaq lazımdır ki, insanların sıx olduğu yerlərdən uzaq duraq. Ermənilərin cəbhədə uğuru olmadığı üçün, dinc əhalini hədəfə alırlar. Onlar illərdir davam edən məkirli niyyətlərindən əl çəkmirlər. Buna görə də, insanlar çalışıb, komendant saatı başladıqdan sonra küçələrə çıxmasınlar”.

Hətta ifaçı, tez-tez bəzilərinin qaydalara əməl etmədiyini görüb narahatlığını da bildirdi:

“Mən bəzən müşahidə edirəm ki, insanlar qaydaları pozur. Elə bil deyilənin əksinə getmək xoşumuza gəlir. Şəxsən özüm bütün qanunlara əməl edirəm. Hər kəsi də, bizim yaxşılığımız, sağlamlığımız üçün hesablanan qaydalara əməl etməyə dəvət edirəm. Allah əsgərlərimizi qorusun, xalqımıza kömək olsun”.

Sevilən ifaçı Manaf Ağayev də, həmkarlarının çağırışına qoşuldu. O da əhaliyə lazım olmadıqca küçəyə çıxmamağı tövsiyyə etdi:

“Hər zaman deyirəm ki, çalışın masqasız, spirtsiz gəzməyin. Elə indi mənim masqam ağzımda, spirtim isə m aşındadır. Kütləvi toplaşmaqdan uzaq durmaq indiki məqamda çox vacibdir, gərək həm özümüzü, həm də əsgərlərimizi düşünək. Bəzən ordumuzun qazandığı uğurlara, azad edilən torpaqlarımıza sevinib bunu küçələrdə qeyd edirlər, bu hal başa düşüləndir. Lakin unutmayaq ki, qələbəyə hər kəs sevinir. Dövlətimiz dəfələrlə xalqa müraciətlər edir ki, küçələrə çıxmasınlar. Burada ən əsas ordumuzu düşünmək lazımdır, onları qorumaq bizim vəzifəmizdir”.

Daha bir məşhur müğənni Mənzurə Musayeva da, pandemiya ilə bağlı xalqımıza müraciət etdi. O bildirir ki, bu günlərdə gərək hər birimizin masqası ağzında, spirti və əlcəyi əlində olsun:

“İndi hərtərəfli olaraq düşmənlə qarşı-qarşıyayıq, ən əsas isə, ordumuzu düşünməliyik, biz özümüzü  qorumlıyıq ki, onlarda sağlam olsunlar. Allah ordumuzu qorusun, əsgərlərimiz tezliklə sağ-salamat evlərinə qayıtsınlar”.

Müğənni pandemiyadan əvvəl də, maşınında spirt olduğunu, tez-tez əllərini təmizlədiyini vurğuldı:

“Mənə indi deyirlər ki, “deməli sən buna görə özünlə spirt gəzdirirsənmiş”. Həmişə çalışmışam ki özümü qoruyum, indi isə daha tədbirliyəm”.

Elə biz də öz növbəmizdə, hər kəsi daha diqqətli olmağa, özümüzü və sevdiklərimizi qorumaq üçün lazım olmadıqca küçəyə çıxmamağa səsləyirik. Unutmayaq ki, əsgərimiz bizi düşməndən qoruyursa, biz də onları virusdan qorumalıyıq. Bu hər birimizin vətəndaşlıq borcudur.

Banu Hüseynli

Oxunma sayı 1103