Məşqlərə maskada gəlmək tələb olundu

17:00 05.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Premyer Liqasında çıxış edən komandaların məşqlər zamanı riayət etməli olduqları ümumi müddəalar açıqlanıb. 

Hafta.az-ın məlumatına görə, klublar AFFA tərəfindən göndərilmiş sanitar-gigiyena təlimatına riayət etməlidirlər. 

Komanda üzvləri məşqə qədər olan prosesdə tibbi maskalardan istifadə etməlidirlər. Məşq zamanı yalnız fiziki hərəkətdə olan şəxslər üçün tibbi maska taxmaq məcburiyyəti yoxdur. Digər inzibati heyət tibbi maskada olmalıdır.

Futbolçuların, bazaya, stadiona gələn bütün şəxslərin hərarətləri mütəmadi olaraq nəzarətdə saxlanılmalı və onlarla həkim tərəfindən fərdi söhbət aparılmalıdır. Futbolçuların bazada iki nəfərlik otaqlardan, eləcə də sosial məsafə qorunması mümkün olan otaqlardan istifadə etmək imkanı yoxdursa, oyunçular məşqə hazır formada gəlməli və oyundan sonra tələblərə uyğun olmayan otaqlarda duş qəbul etməməlidirlər.

Qapalı zalların istifadəsinə icazə verilmir. Fiziki hazırlığın yüksəldilməsinə yardımçı olan alətlər qazona və ya onun ətrafına istifadə üçün daşına bilər. Alətlərin dezinfeksiyası həyata keçirilməlidir. Futbolçular ancaq özlərinə məxsus su qablarından istifadə etməlidirlər. Oyunçular məşq zamanı eyni fərqləndirici geyimdən istifadə etməlidirlər.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq. 

Oxunma sayı 1855