Nazirlik özünə yeni inzibati binalar tikdirəcək

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt

Suraxanı və Xəzər rayonlarında da Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yeni binaları olacaq

Dünən Bakının Sabunçu Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi (ƏSMM) üçün yeni inzibati bina istifadəyə verildi. Açılış mərasimində iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov çıxışında vurğuladı ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yerli qurumlarının yeni inzibati binalarla təminatı və onların iş şəraitinin yaxşılaşdırılması, vətəndaşlara xidmətin keyfiyyətinin yüksəldilməsi, eyni zamanda “Vahid Pəncərə“ prinsipinin tətbiqi istiqamətində məqsədyönlü işlərin davamı olaraq sözügedən obyekt istifadəyə verilib: “Bu günə qədər ölkənin 39 rayon və şəhərində Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin inzibati binaları əsaslı şəkildə təmir olunub, 33 rayon və şəhərdə yeni inzibati binalar inşa etdirilərək yerli qurumların istifadəsinə verilib“. Nazir deyib ki, bu sahədə görülən işlər bir tərəfdən nazirliyin yerli strukturlarında çalışan kollektivlərin normal iş şəraitində işləməsinə, eyni zamanda onların “Vahid Pəncərə“ prinsipi üzrə əlaqəli fəaliyyət göstərməklə sosial müdafiə tədbirlərini daha effektli təşkil etməsinə, vətəndaşlara xidmətin yaxşılaşmasına şərait yaradıb. Onun sözlərinə görə, yaxın vaxtlarda isə Bakının Suraxanı və Xəzər rayonlarının ƏSMM-lərinin yeni inzibati binalarla təmin edilməsi nəzərdə tutulur. “Xüsusi layihə əsasında tikilmiş yeni inzibati binalarda nazirliyin müvafiq bölgə üzrə yerli strukturları birgə yerləşdirilib və bunun nəticəsində həmin qurumların mərkəzlərdə ünvanlı dövlət sosial yardımlarının təyinatı ilə bağlı informasiya mübadiləsini təmin etmək üçün fibrooptik xətlər əsasında qurulmuş lokal şəbəkə fəaliyyət göstərir. Nazirliyimizin mərkəzi serveri ilə birbaşa əlaqəsi olan bu sistem bölgələrdən məlumatları dərhal qəbul etməyə, əhalinin sosial müdafiəsi ilə bağlı məsələləri operativ həll etməyə imkan verir“, - deyə Fizuli Ələkbərov əlavə edib.
Təbriz Vəfalı
Oxunma sayı 139