Millət vəkili polislərlə bağlı xoş xatirəsini bölüşdü: “Cəzanı xəbərdarlıqla əvəz etdi”

16:55 14.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Məşhur el şairlərinin şeirlərində belə bir misra var; “harda təhlükə varsa, orda səni gəzirəm, düşdüyüm çətin anda, darda səni gəzirəm...”. Polislərə, polislərimizə həsr olunan şeirdən iki sətirdir. Misradır. Hər kəsin polislərlə xoş xatirəsi var. Bu mütləqdir. Məşhurların da həmçinin. Onların xatirələri oxucular üçün də maraqlıdır.

Millət vəkili Hikmət Babaoğlu hafta.az-a açıqlamasında bildirdi ki, Azərbaycan polisi hər şeydən öncə  dövlət  atributlarımızı unuformalarında daşıyan əsayiş keşikçiləridir. Onlar öz işlərinin öhdəsindən layiqincə gəlməyi bacaran professionallardır: “Son dövrlərdə polis sistemində aparılan islahatlar çərçivəsində  həm də şəxsi heyətin boy və fiziki göstəricilərinə xüsusi diqqətin verilməsi onları nümunəvi mühafizə xidmətçiləri kimi  səciyələndirməyə imkan verir. Hər bir vətəndaş  bu və ya digər səbəbdən polislə üzləşməli olanda qarşısında dövləti təmsil edən şəxsi görməklə onu əslində elə dövlətlə asossasiya edir. Ona görə də öz xidmətində  Azərbaycan polisi bunu mütləq nəzərə almalıdır və alır da. Hazırda yol nəqliyyat sahəsində intizamın yaradılması ilə bağlı görülən tədbirlər bu sahədə keyfiyyətcə yeni mədəniyyət formalaşdırıbdır”.

Millət vəkili yol polisləri ilə bağlı bir neçə il öncə yaşanan bir hadisəni də danışıb: “Bir neçə il öncə piyada keçidlərində intizam yaratmaq üçün xüsusi polis nəzarəti həyata keçirilirdi. Sahil metrosu yaxınlığında piyada keçidlərin birində polis bir neçə tələbəni saxlayaraq onlara piyada keçid qaydalarını pozduqlarını və buna görə də cərimə ödəməli olduqlarını bildirdilər. Mən kənardan hadisəni müşahidə edirdim və bunun nə ilə nəticələnəcəyini gözləyirdim. Polis nəfəri qayda pozucularının tələbə olmalarını və  israrlı xahişlərini nəzrə alaraq onların cəzasını sadəcə xəbərdarlıqla əvəz etdi və bir də sırf özlərinin təhlükəsizliyi üçün  belə hallara yol verməmələrini bildirdi. Düşünürdüm ki, polis  güzəşt  getməsə mən kənardan hadisəyə müdaxilə edəcəm. Ancaq buna ehtiyac qalmadı. Doğrusu, polislərimizin bu davranışı xoşuma gəldi. Yaxınlaşıb özümü təqdim etdim və onlara təşəkkürümü bildirdim”.