Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib - FOTO

13:34 22.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 22-də  Milli Məclisin Aqrar siyasət komitəsinin 2020-ci ilin payız  sessiyasında  ilk iclası  keçirildi.

Hafta.az xəbər verir ki, komitə sədri Tahir  Rzayev  həmkarlarını yeni  sessiyanın  başlanması münasibəti ilə  təbrik etdi və onlara qarşıdakı payız sessiyasında  uğurlar  arzuladı.

Sonra Tahir  Rzayev 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair  hesabatı  təqdim etdi.   Vurğulandı ki,  ötən  dövrdə  komitə gərgin işləyib.  7 iclas keçirilib,  17 məsələ müzakirə olunub. Ötən dövrdə komitədə “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında” “Ovçuluq haqqında” “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Torpaq icarəsi haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu  haqqında” qanunlarda, Torpaq Məcəlləsində, İnzibati Xətalar və Mülki Məcəllələrdə  dəyişiklik edilməsi barədə sənədlərə baxılaraq, Milli Məclisin plenar iclasına tövsiyə  edilib. Bu qanun layihələrinin əksəriyyəti qəbul olunub.

 Sessiyalar ərzində komitənin ünvanına daxil olmuş 31 təklif, ərizə və şikayətə baxılıb, müvafiq  qaydada həll edilib, bəziləri araşdırılması üçün müvafiq təşkilatlara göndərilib.  Hesabat dövründə komitənin üzvləri ölkə daxilində keçirilmiş tədbirlərdə, mətbuatda müxtəlif  səpgili çıxışlar edərək ölkəmizin siyasi və iqtisadi sahələrdə əldə etdiyi uğurlar barədə vaxtaşırı seçicilərini məlumatlandırıblar. 

Hesabat məqbul hesab edildi. 

Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik  işləri planı  müzakirə  edildi.  Bildirildi ki, qarşıdakı  sessiyada iş planına Azərbaycan Prezidentinin,  Respublika Ali Məhkəməsinin, Baş Prokurorun, Milli Məclisin deputatlarının, Naxçıvan MR Ali  Məclisinin qanunvericilik təşəbbüsü  qaydasında təqdim etdiyi sənədlərin müzakirəsi, “Qida  təhlükəsizliyi  haqqında”  qanun layihəsinin hazırlanması, bir  sıra qanunvericilik aktlarına əlavə  və  dəyişikliklər  edilməsi  barədə  məsələlər daxil edilib. 

Millət vəkilləri Eldar İbrahimov, Cavanşir  Paşazadə, İqbal Məmmədov, Aydın Hüseynov, Azər Badamov, Müşfiq  Cəfərov, Emin Hacıyev müzakirə  ediləcək  sənədlərlə  ilə bağlı  fikirlərini  açıqladılar, təkliflərini bildirdilər.  İş planı  təsdiq edildi.

Oxunma sayı 2839
Siyasət rubrikasından digər xəbərlər