“Milli Məclisin buraxılması müxalifət üçün bir şansdır” - Deputat

14:43 02.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Prezidentdən xahiş edək ki, yeni tərkib fəaliyyətə başlayanadək hazırkı tərkib səlahiyyətli sayılsın...”.

“Parlamentin buraxılması üçün konstitusion əsaslar var...”.

“Həftə içi” müxbiri xəbər verir ki, parlament üzvü Qüdrət Həsənquliyev bu fikirləri Milli Məclisin həmin qurumun buraxılması ilə bağlı müzakirələrə həsr olunmuş bu günkü iclasındakı çıxışında söyləyib.

“Hesab edirəm ki, iqtidar nüfuzunun yüksək olduğu dövrdə seçkilərə gedir. Bu da başa düşüləndir. Çünki ənənəvi müxalifət - mən onları “fit müxalifəti” adlandırıram - son zamanlar özlərini tam ifşa ediblər. Onların liderinin gözlərinin qorxudan az qala hədəqəsindən çıxması tərəfdarlarında da ruh düşkünlüyü yaratdı...”-deyə deputat  bildirib.

Q.Həsənquliyev hazırkı situasiyanı müxalifət üçün də bir yenilik imkanı kimi dəyərləndirib:

 “Hesab edirəm ki, bu, müxalifət üçün parlamentdəki yerlərini artırmaq üçün bir şansdır. Mən həmişə söyləmişəm ki, parlamentin çatışmayan cəhəti burada müxalifət fraksiyasının olmamasıdır...”.

 “Növbədənkənar seçkilərin keçrilməsi ilə bağlı Konstitusiyada hər hansı bir prosedur nəzərdə tutulmayıb. Dünyada qəbul olunmuş bir məsələ var ki, parlament çoxluğu istənilən vaxt, ölkədə böhran yarandıqda, özünə inamı bərpa və digər məsələləri əsas götürərək növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış edə bilər. Hesab edirəm ki, bizim də bu səlahiyyətlərimiz var”-Milli Məclis üzvü deyib.

Q.Həsənquliyev vurğulayıb ki, parlamentin buraxılması üçün konstitusion əsaslar var. Bununla yanaşı, deputat yarana biləcək hər hansı fövqəladə vəziyyətlə əlaqədar olaraq parlamentin yeni tərkibi seçilənədək hazırkı tərkibin səlahiyyətlərinin saxlanmasını faydalı sayıb.

O, bununla bağlı Prezidentə xahişin çatdırılmasını münasib sayıb: 

“Bunun üçün də biz Prezident üçün məcburi qərar qəbul edə bilmərik. Amma xahiş etməliyik ki, məsələn, 3 aydan sonra yeni tərkib fəaliyyətə başlayanadək hazırkı tərkib səlahiyyətli sayılsın. Deyək ki, müharibə elan oluna, yaxud ordunun hansısa hallarda müdaxiləsinə zərurət yarana bilər. Bu hallarda parlamentin müdaxiləsi tələb olunur”.

Siyasət rubrikasından digər xəbərlər