“Milli-mənəvi dəyərlərə söykənməyən hər şey məhvə məhkumdur” - MÜSAHİBƏ

13:41 11.07.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Bu gün çağdaş ədəbiyyatımda öz istedadı və yaradıcılığı ilə seçilən qadın şairlərimizin içərisində Gülnarə Cəmaləddin xüsusilə fəqlənir. Gülnarə xanım bir şair və yaradıcı insan kimi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində tanınır.  Onun yaradıcılığının üstün cəhəti ondadır ki, öz oxucularını yormur, bayağılıqdan uzaq qaçır. Qısa həcmli şeirlərində  öz bədii obrazları vasitəsilə  fikrini asanlıqla oxucuya çatdıra bilir. Gülnarə Cəmaləddinin şeirlərində fikirlər təzədir və lakonikdir. Gülnarə Cəmaləddin Yardımlı rayonunda doğulub. Sumqayıt Dövlət Universtitetini bitirib. 2000-ci ildən AYB-nin üzvüdür, “Qəhvə rəngi” adlı şeirlər kitabının müəllifidir. Uzun illərdir, dövri mətbuatda şeirləri ilə çıxış edir.

“Ədəbi düşüncə” rubrikasının bu dəfəki qonağı Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri, tanınmış şair Gülnarə Cəmaləddindir.

-Uşaqlıqdan şeirə,sənətə böyük maraq göstərmişəm . Orta məktəbdə oxuyurdum. Sinfimizdə üç qız  yaxşı oxumağıyla fərqlənirdi. Bir gün üçümüz də şeir yazdıq. Qızların biri  pişiyə, o biri vətənə,  mən isə anaya həsr etdim şeirimi. Necə oldusa yazdığımız şeirlər ədəbiyyat müəllimimiz Zülfü Məmmədovun əlinə keçdi. Oxudu.Mənim şeirim  daha çox xoşuna gəldi.

- Deyilənə görə sizin gözəl və məlahətli səsiniz olub? Nə əcəb müğənni olmamısınız?

- Əslində müğənni olmaq istəyirdim. Yaxşı yadımdadır, 1977-ci ildə rayonda “Muğam” müsabiqəsi keçirilirdi. Mən həmin müsabiqədə Rübabə Muradovanın “Şur” təsnifini oxudum. İfam münsiflər heyətinin çox xoşuna gəldi və müsabiqənin qalibi oldum. Məni Bakıya  7-17-yə göndərmək  istəyirdilər. Valideyinlərim razı olmadı.

- Bildiyimə görə doğulduğunuz rayonda dini mövhumat daha güclüdür. Orada  nəinki qızların yaradıcılıqla məşğul olmasına,  hətta ali  təhsil almasına  belə icazə vermirdilər. Bəs necə oldu ki, siz ədəbi mühitə gəldiniz, qısa bir müddətdə ədəbi mühitdə tanındınız?

-Bütün bunların hamısı cahillikdən irəli gəlirdi. Bəxtim onda gətirmişdi ki, rayon üzrə ilk ali təhsil alan mənim əmim Canəli Niftiyev olmuşdu. Mən ziyalı ailəsində doğulmuşam. Ailəmiz həmişə təhsilə önəm verirdi.  Atamın,anamın elmə, təhsilə ciddi yanaşması sayəsində ali təhsil aldım və yaradıcılığa başladım. Anam mənə ədəbiyyatı sevdirib desəm daha doğru olar. Evimizdə böyük kitabxana vardı. Anam o kitabları oxuyar və kitabın məğzini bizə başa salardı. Şeirlər söyləyərdi əzbərdən. Amma 1988-ci ilə qədər yaradıcılığımı evdən də, anamdan da gizlətmişəm. 

- Keçək əsas mətləbə. Nədir poeziya?

- Poeziya  ruhun qidasıdır. Yaradıcı insanın aldığı nəfəsdir. Baxır o nəfəs kimə nə qədər verilib. Poeziya insanın ömrünü alır, amma əvəzində çox az şey verir. Həmin o insanlar da dünyanın ən xoşbəxti olur. Poeziya ilə sözün alt qatına enə bilirsən. Poeziya, şeir dilində Allahla danışa bilirsən, onunla təmasda olursan. Poeziya gerçək şairlərin ümumi dilidir.

-Füzulinin şeirlərində mövzu olaraq “eşq” əsas yer tutur. Sizdə mi  yaradıcılığınızda bu mövzulara müraciət edərək,dünyada gözəllik axtarırsınız?

- Füzuli həm də belə deyir: Gər dersə Füzuli ki: "Gözəllərdə vəfa var. Aldanma ki, şair sözü, əlbəttə, yalandır”. Əslində Füzulinin eşqi ilahi eşqdir, yaradana olan sevgidir, məhəbbətdir. Çünki o bir yaradıcı insan olaraq Tanrını dərk edib. Məncə siz dediyiniz” gözəllik” elə Tanrının özüdür. İmadəddin Nəsimi o gözəlliyin insanın sifətində təcəlla etdiyini söyləyərək “kamil-insan” axtarışına çıxmışdı. Hüseyin Cavid əbəs yerə deməyib ki, “Mənim tanrım gözəllikdir, sevgidir”. “Dünyanı gözəllik xilas edəcək”. Bunu da Fyodor Dostoyevski deyib. Çünki insan hər şeyi gözəl görmək istəyir. Bütün yaradıcı insanlar axtarışdadır doğulandan ölənə qədər. Əslində gözəllik məfhumu da hər kəs üçün fərqlidir.  Poeziya isə mütləq həqiqət axtarışındadır. Mütləq həqiqət elə Tanrının özüdür. Tanrı da ən böyük və ən gözəl  yaradandır. Onun yaratdığında zərrəcə qüsur yoxdur. 

- Bu günkü ədəbi mühitə necə baxırsınız?

- Ümidlə baxıram. Həyata heç vaxt ümidsiz yanaşmıram. Xeyli istedadlı gənclərimiz var. Hərdən onlara yaxşı mənada qibtə edirəm. Bizim gəncliyimiz müharibə dövrünə düşdü. Müharibə  insanların bütün müqəddəs duyğularını alt-üst edir. Müharibə dünyanın əşrəfi sandığımız insanı əsirə çevirir, məhv edir. Gəncliyini yaşamaq istədiyin bir vaxtda amansız müharibə ilə üzləşirsən. Sənin torpağın uğrunda səninlə döyüşürlər və işğalçı ola-ola dünyada haqlı olaraq qəbul olunurlar. Bax bu gənclik üçün çox acı bir həqiqətdir və sən onu çox erkən dərk edirsən.

- İndi ki, söhbət Qarabağdan düşdü. Qarabağla bağlı  şeirləriniz varmı?

-Mən heç vaxt Qarabağda olmamışam. Bu gün çox böyük təəssüf hissi keçirirəm. Amma vətənimin bir parçası olaraq Qarabağ mənim üçün çox müqəddəsdir, əzizdir. Onun itkisi bu gün hamımızı göynədir və hər bir Azərbaycanlının ən böyük arzusu Qarabağın azad olunacağı günü görməkdir. Çünki vətənin o başı, bu başı olmur. Bu səbəbdən də yaradıcılığımın əsasını “Qarabağ”, “Vətən” mövzusu təşkil edir.”Müharibə dövrünün qadını”, “Mənim gəncliyim”, “Qaçqın evləri”,“Qarabağ şikəstəsi”,”Qaçqın Həlimə” və s.

- Gənc yazarlarımız  posmodernizmə daha çox üstünlük verirlər. Bir sözlə, Avropaya meyillidirlər. Bu haqda sizin fikirlərinizi bilmək istərdik.

- Əslində hər bir cəryan nümayəndələri, yaradıcıları özündən əvvəlkiləri inkar edir. Hər bir yeni yaranan cərəyan  demək olar ki, gəncliyin ədəbi inqilabıdır. Orda udmaq da olur,uduzmaq da... Və hər bir zamanın öz qanunları var. Yeri gəlmişkən qeyd edim ki, hər bir şeyin kökündə milli-mənəvi dəyərlər durmalıdır.Milli-mənəvi dəyərlərə söykənməyən hər nə varsa məhvə məhkumdur. Gənc yazarların içərisində milli-mənəvi dəyərlərimizə  üstünlük verənləri də var, verməyənləri də. Avropa yaxşı mənada bizim təfəkkürümüzdə, şüurumuzda olmalıdır, ruhumuzda, əxlaqımızda, oturuşumuzda, duruşumuzda, geydiyimiz libasda deyil. Bizim əsrləri adlayıb gəlmiş mənəvi dəyərlərimiz var. İstər şeirdə, istərsə də nəsrdə  janrdan asılı olmayaraq milli-mənəvi dəyərlərimiz önə çəkilib təbliğ olunmalıdır. Təəssüflər olsun ki, posmodernizm adıyla bir-iki cızma-qara yazaraq özümüzü bəyənməyib avropalaşmış gənclərimiz də az deyil. Onlar dərk etmirlər ki, sən bu torpağın bir parçası olaraq yaradılmısan və bura aidsən, azərbaycanlısan, Avropaya lazım deyilsən. Söz düşmüşkən deyim ki, elə gənc yazarlarımız var ki, çox iddialıdırlar. Məqsədli şəkildə AYB-yə  üzv olaraq, az keçmədən  AYB rəhbərliyi ilə mükafar, pul, yardım davasına çıxırlar. Yaradıcı insan kimdənsə nəsə ummamalıdır,özü insanlara mənəvi qida verməlidir öz yaradıcılığı ilə. Bir sözlə, ələ baxımlıqdan uzaq olmalıdır.    Klassik ədəbiyyatımızın bir çox görkəmli nümayəndələri min cür  əzab - əziyyətə qatlaşaraq böyük  mənada böyük ədəbiyyatımızı yaradıblar.

- Siz həm də AYB-nin Sumqayıt Bölməsinə rəhbərlik edirsiniz. Bölmənin indiki fəaliyyəti ilə bağlı nə deyərdiniz?

- AYB Sumqayıt bölməsi 1996-cı ildə yaradılıb və mən də o vaxtdan burada çalışıram. Əvvəlcə məsləhətçi işləmişəm. 2017-ci ildə AYB Sumqayıt bölməsinin ideya müəllifi, yaradıcısı və uzun zaman ona rəhbərlik etmiş gözəl şairimiz Sabir Sarvanın  vəfatından sonra  sədr seçilmişəm. Bölmənin 70-ə yaxın üzvü vardır. Biz onların yubleylərini, kitab təqdimatlarını, görüşlərini keçiririk, gənc yazarlara da diqqətlə yanaşırıq. Bölmə fəaliyyətə başladığı gündən bu günə kimi 40-a yaxın almanax buraxmışıq.

Bolmənin nəzdində  “Turan Ədəbi Məclisi”, “Zərif qadın ədəbi məclisi”və “Tumurcuq” uşaq klubu da fəaliyyət göstərib. İlk dəfə olaraq, bizim bölmədə məktəb yaşlı uşaqların toplaşdığı “Tumurcuq” uşaq klubu fəaliyyət göstərib  və onların yaradıcılıından ibarət “Qanadlandıq uçmağa” adlı 13 kitab işıq üzü görüb. Təbii haldır ki,böyüyəndən sonra onlar öz yollarını seçib,ayrı – ayrı istimamətlərə üz tuturlar .Bizim məqsədimiz onları şair yerişdirmək deyil. Məqsəd odur ki, ədəbiyyatı sevdirək, şeirin nə olduğunu anlasınlar. Ən azından ədəbiyyatımıza  yaxşı oxucular qazandıraq. Hazırda bölmənin nəzdində Sabir Sarvanın sağlığında yaratdığı, S. Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi ilə birgə layihəmiz olan və hal – hazırda onun adını daşıyan  Uşaq  Poeziya Teatrı da fəaliyyəıt göstərir. Fürsət düşmüşkən onu da deyim ki, AYB tərəfindən  bölməyə diqqət və qayğı göstərilir.  Tədbirləri təkcə Sumqayıtda deyil, AYB-nin “Natavan” klubunda da keçiririk. AYB sədri, çox hörmətli yazıçımız Anar müəllimin  Sumqayıta gəlişi, onunla keçirilən görüşlər də sumqayıtlı yazarlar üçün çox böyük əhəmiyyət kəsb edir. Geniş ədəbi əlaqələr qurmağa çalışırıq.Bu sahədə xeyli işlər görmüşük.Yeri gəlmişkən qeyd edim ki, qardaş Türkiyənin Mersin, Kayseri,  yazarları ilə ədəbi əlaqələrimiz vardır. Oradakı yazarların əsərlərini azərbaycan ləhcəsinə uyğunlayıb  səhifələrimizdə veririk.  Bölmə üzvülərinin şeirlərini türkiyə ləhcəsinə uyğunlayıb Türkiyənin Kanal-2000 televiziya kanalına göndəririk, onlar da “Damla – damla şeir” proqramında  səsləndirirlər. Eləcə də “Anamur sedr”, “Makı”  dərgilərində sumqayıtlı şairlərin şeirləri  çap olunur.  Bu yaxınlarda çox dəyərli şair Fəthi bəy və   bəstəkar Ayzer Böykərin səyi ilə  şair Sabir Sarvanın  “Qarabağlı uşaq” və Çaldıran ağrısı” şeirlərinə mahnı  bəstələnərək videiklip çəkilib. Bu klip “Dünya” Tv- də iki dəfə verilib. Türkitə televiziyasında nümayiş etdirilib,  böyük uğur qazanıb,Türkiyə  mətbuatında böyük rezonansa səbəb olub.

-Bu il Sumqayıt şəhərinin 70 illiyidir.Bu yöndə hansı işlər görürsünüz?

Bildiyiniz kimi,şəhərimizdə irimiqyaslı abadlıq- quruculuq işləri ilə yanaşı,istər ədəbi ,istərsə də mədəni sahədə çox gözəl layihələr həyata keçirilir.Şəhərin yubileyinə bizim ilk tövhəmiz sumqayıtlı şairlərin şeirlərindən ibarət olan “Bizdən sizə qalan sözdü” almanaxıdır. S.Vurğun adına Mərkəzi kitabxana ilə çox gözəl layihəmiz vardır,N.Gəncəvi adına kitabxana- klubla birgə hər ay həmin ayda  anadan olan yazarlarla oxucuların  görüşünü təşkil edirik.Türkiyədə “Sumqayıt – 70” çərçivəsində sumqayıtlı yazarların şeirlərini dərc etdirmək üçün müəyyən işlər görmüşük və təbii ki işimiz bununla yekunlaşmır. Daha geniş layihələr haqqında da düşünürük.

-Kitabınızın adı mənə maraqlı gəldi. Niyə “Qəhvə rəngi”?!

- O,adı kitabın redaktoru,istedadlı şairimiz Sabir Sarvan təklif etdi. Mən də razılaşdım. O adda bir şeirim var. Bilmirəm, bəlkə də bu  mənim ruhumun rəngidir.