Milli parklarda silsilə tədbirlər təşkil olunur

19:35 04.11.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın milli parklarında noyabr ayında müxtəlif yaş qruplarını əhatə edən maraqlı və rəngarəng tədbirlərə start verilib. Qaçış, veloyürüş, atla yürüş, piyada yürüş, həvəskar balıq ovu turniri və macəra turizmi kimi tədbirlərin keçirilməsində məqsəd milli parklarda ekoturizm potensialının təbliği və milli parklara turistlərin marağının artırılmasıdır. Belə ki, noyabrın 3-də Şirvan milli parkında həvəskar balıq ovu turniri keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, brakonyerliyə son qoymaq, sivil balıq ovlanması qaydalarına əməl etmək, icazə verilən ərazilərdə, icazə verilən alətlərlə balıq ovu qaydalarını təbliğ etmək məqsədilə keçirilən turnirdə 70-dən çox həvəskar balıqçı iştirak edib.

Şirvan Milli Parkının direktoru Arzu Mustafayev bu cür turnirlərin milli park ərazisində müntəzəm keçirmək fikrində olduqlarını bildirib: "Gələcəkdə parkımızda həvəskar balıq ovu üçün müəyyən şəraitin yaradılması nəzərdə tutulub, biz qanuna riayət edən, Azərbaycan təbiətini, balıq resurslarının qorunmasını diqqətdə saxlayan həvəskar balıqçılara zəruri şərait yaradaraq onları milli parkda qəbul etməyə hazırıq. Hər kəs icazəsiz vasitələrlə balıq ovlayanlara iradlarını bildirsə, vətəndaş mövqeyi nümayiş etdirsə brakonyerliyin qarşısı daha tez alınar".

Azərbaycan Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev qeyd edib ki, ictimai qınaq hüquqi və inzibati t¬ənbehlərdən daha effektlidir: "Buna qarşı mübarizə aparmaq təkcə nazirliyin işi deyil, hər birimizin vətəndaşlıq borcudur. Azərbaycanda həvəskar balıqçılığa olan diqqət və dəstəyə görə hər kəsə minnətdarlığımı bildirirəm. İştirakçılara isə soyuq hava şəraitinə baxmayaraq “Brokenyerlik cinayətdir” turnirinə qatıldıqları üçün təşəkkür edirəm".

Turnirdə iştirak edən həvəskar balıqçı Nicat Mahmudov əsas məqsədlərinin qadağan olunmuş vasitələrlə balıq ovlanmasına qarşı mübarizə aparmaq olduğunu qeyd edib. O bildirib ki, əsl balıqçı xırda balıqları ovlamamalı, torlarına körpə balıq düşən zaman onu suya buraxmalıdır.

Turnirdə iştirak edən digər balıqçı Elçin Baloğlanov da balıqçıların sintetik tor, elektrik cərəyanı və digər qadağan edilmiş vasitələrlə balıq ovlamasının əleyhinə olduğunu söyləyib: "Bu mübarizəyə bizimlə yanaşı, balıqçı olub-olmamağından asılı olmayaraq bütün ictimaiyyət qoşulmalıdır. İcazəsiz vasitələrlə ov edənləri, tokla balıqların nəslini kəsənləri gördükdə hər bir vətəndaş mühafizə orqanlarına müraciət etməlidir. Biz bütün balıqçıları qaydalara riayət etməyə, brakonyerliyə son qoymağa çağırırıq, əgər birgə mübarizə aparsaq gələcək nəsillər bizdən razı qalar".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Həvəskar Balıqçılar İttifaqı bu cür tədbiləri keçirməklə hər bir vətəndaşı balıq ehtiyatlarının qədrini bilməyə, faunamıza dost münasibət bəsləməyə və onu qorumağa çağırıb.

Qeyd edək ki, milli parklarda ekoturizm potensialının təbliği və milli parklara turistlərin marağının artırılması çərçivəsində 5 noyabr saat 9:00 -da Samur-Yalama milli parkında milli parkın yaradılması günü ilə əlaqədar açıq qapı günü, 9 noyabr saat 10:00-da Abşeron milli parkında qaçış marafonu, 11 noyabr saat 11:00-da Hirkan milli parkında veloyürüş, 14 noyabr saat 11:00-da Göygöl milli parkında macəra turizmi,17 noyabr  saat 10:00-da Şirvan milli parkında quşların müşahidəsi və ornitoloji seminar, 19 noyabr saat 10:00-da Ağgöl milli parkında həvəskar balıq ovu turniri, 21 noyabr, saat 10:00-da Şahdağ milli parkı (İsmayıllı bölməsi) – atla yürüş, 23 noyabr saat 10:00-da Altıağac milli parkında piyada yürüş marafonu, 27 noyabr  saat 10:00-da Qızılağac milli parkında həvəskar balıq ovu turniri, 29 noyabr  saat 10:00-da Şahdağ milli parkı (Şabran bölməsi) – ümumdünya təbiəti mühafizə cəmiyyətinin yaranması ilə əlaqədar seminar təşkil olunacaq.

Yeri gəlmişkən vurğulayaq ki, cari ilin ötən dövrü ərzində milli parklarda mövcud ekoturizm marşrutları üzərindəki məlumat lövhələrinin sayı artırılıb, milli parklarda “uşaq guşələri” yaradılıb. İlin 8 ayı ərzində milli parkları 74 mindən çox turist ziyarət edib. Turistlərin ən çox səfər etdiyi xüsusi mühafizə olunan təbiət ərazisi Göygöl Milli Parkı olub. Həmin əraziyə gələn turistlərin sayı 52 min 605 nəfər olub. Onlardan 47 min 236 nəfərini yerli, 5369 nəfərini isə xarici vətəndaş təşkil edib. Bu ilin 9 ayı ərzində isə milli parklara 82 min 680 nəfər səfər edib, turist sayı orta hesabla 3 dəfəyədək artıb. Nəzərə alaq ki, 5-10 il əvvəl bütün milli parklara il ərzində səfər edənlərin sayı təxminən 3000 nəfər olub. Milli parklarda 111 turizm marşrutu yaradılıb, beynəlxalq ekspertlərin iştirakı ilə “Milli parklarda ekoturizmin davamlı inkişafına dair” 2020-2023-cü illər üzrə Fəaliyyət Planının işlənilməsinə başlanılıb.

Məlumat üçün onu da bildirək ki, Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsi 3 kateqoriyaya bölünür: Milli parklar, Dövlət təbiət qoruqları və Dövlət təbiət yasaqlıqları. Azərbaycanda qorunan ərazilərin yaradılmasını şərti şəkildə 3 mərhələyə bölmək olar: I mərhələ - ilk xüsusi mühafizə olunan təbiət ərazisinin yaradılması (Eldar şamı Yasaqlığı – 1910-cu il), II mərhələ - qoruqların yaradılması (1925-1936-cı illərdə Göygöl, Qızılağac, Zaqatala, Hirkan, 1958-1993-cü illərdə Türyançay, Şirvan, Ağgöl, Pirqulu, İsmayıllı, İlisu, Qaragöl yasaqlıqları), III mərhələ - 2003-cü ildə ilk milli parkların yaradılması.

Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10 milli park, 11 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 faiz, ayrılıqda milli parklar ölkə ərazisinin 4,87 faiz, dövlət təbiət qoruqları 1,39 faiz, dövlət təbiət yasaqlıqları isə 4.05 faizni təşkil edir.

Xatırladaq ki, Milli parklar  bütün növ insan fəaliyyətinə məhdudiyyət qoyulan qoruqlardan fərqli olaraq, turistlərin gəlməsinə, maarifçiliyin, elmi mədəni məqsədlər üçün istifadə etməyə icazə verilmiş qorunan sahələrdir. Dünyada ilk  milli park ABŞ-a olan Yelluston Milli Parkı(1872) hesab edilir. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmazdan əvvəl Azərbaycanda milli parklar mövcud deyildi. Azərbaycanda milli parklar 2003-cü ildən etibarən yaradılmağa başlayıb. 2003-cü ildə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Akademik Həsən Əliyev adı verilən Zəngəzur Milli Parkı, Şirvan Milli Parkı, Ağ göl Milli Parkı, 2004-cü ildə Hirkan Milli Parkı, Altıağac Milli Parkı, 2005-ci ildə Abşeron Milli Parkı, 2006-cı ildə Şahdağ Milli Parkı, 2008-ci ildə Göygöl Milli Parkı, 2012-ci ildə isə Samur-Yalama Milli Parkı yaradılıb. 2008-ci ildə Hirkan Milli Parkının ərazisi 13.037 hektar genişləndirilərək 29.760 hektardan 42.797 hektara, 2010-cu ildə Şahdağ Milli Parkının ərazisi 14.613,1 hektar genişləndirilərək 115.900 hektardan 130.508,1 hektara çatdırılıb. Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması istiqamətində müvafiq işlər davam etdirilərək, Qızılağac dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək dənizkənarı milli park yaradılıb. Belə ki, 2018-ci ilin sentyabrında Xəzər dənizinin sahilində 99 min 060 hektarlıq ərazidə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yeni milli park - Qızılağac Milli Parkı fəaliyyətə başlayıb. Hazırda isə “Zaqatala biosfer qoruğunun yaradılması” layihəsi üzrə işlər aparılır. Layihənin yekununda Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq.

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.