“Milli Şuranın əsas məqsədi qarşıdurma yaratmaqla Azərbaycanın demokratik imicinə zərbə vurmaqdır” – Hikmət Babaoğlu

13:14 09.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 8-də Demokratik Qüvvələrin Milli Şurası Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi ilə 50 nəfərlik piket keçirdi. Şura üzvləri, daha doğrusu, piketin təşkilatçıları əvvəlcə elan etdilər ki, piket keçirmək niyyətindədirlər. Sonra dedilər qanunvericilikdə göstərilən 50 nəfərlik say məhdudiyyəti onlara aid deyil, aksiyaya nə qədər istəsək o sayda da adam çıxaracaqlar. Ardınca cəbhənin ən "məşhur" funksioneri olan Fuad Qəhrəmanlı canlı yayımda bildirdi ki, onlar qərarlarını veriblər və yürüş edirlər.

Milli Şuranın bu addımı Azərbaycan cəmiyyətində birmənalı qarşılanmadı. Siyasətçilər də, ekspertlər də baş verənləri, Milli Şura tərəfindən atılan addımları qınadılar. 8 oktyabr piketindən sonra cəmiyyətdə formalaşan ümumi fikir bu idi ki, Əli Kərimlinin 50 nəfərlə “inqilab” etmək cəhdi AXCP və “Milli Şura” adlı qurumun miskin durumunu, verilən populist bəyanatların arxasında heç bir real güc olmadığını açıq şəkildə nümayiş etdirdi.

Məsələyə millət vəkili Hikmət Babaoğlu da münasibət bildirib. Millət vəkili hafta.az-a açıqlamasında deyib ki, Onların əsas məqsədi təxribat törədərək qarşıdurma yaratmaqla Azərbaycanın demokratik imicinə zərbə vurmaqdır: “Milli Şura adlandırılan marginal qruplaşmanın oktyabrın 8-də təşkil etdiyi icazəli piket bir daha onu göstərdi ki, bunlar qanunlar çərçivəsində davranış nümayiş etdirərək sivil formada öz ismarıclarını və etirazlarını çatdırmağı bacarmırlar. Biz demokratik cəmiyyətdə yaşayırıq. Demokratik cəmiyyətin əsas qaydalarından biri müxtəlif qrupların, qruplaşmaların bu və ya digər formada problemli hesab etdiyi məsələlərlə bağlı fikir bildirmələrinin təmin olunmasıdır. Azərbaycan da demokratik, hüquqi dövlətdir. Vətəndaşların bu müraciətlərini düzgün qiymətləndirərək onların ifadə azadlığını təmin edir. Çox təssüf ki, dünənki piket bir daha göstərdi ki, onların məqsədi sadəcə piket təşkil edərək hansısa məsələ ilə bağlı hakimiyyətə və cəmiyyətə mesaj vermək deyil. Onların əsas məqsədi təxribat törədərək qarşıdurma yaratmaqla Azərbaycanın demokratik imicinə zərbə vurmaqdır”.

Millət vəkilinin fikrincə bu normal bir hal deyil. Çünki əvvəlcədən razılaşdırılmış qaydada 50 nəfər əvəzinə daha çox vətəndaşın bu prosesə qoşulması diqqəti çəkdi:  “Onlar piket üçün ayrılan yerdə deyil, məktəblərin və şəhər nəqliyyatının sıx olduğu istiqamətlərdə “piketi müşahidə edənlər” adı ilə toplaşmağa başladılar. Bunun özü təxribat idi. Çünki dünyanın heç bir yerində piket keçirənlər üçün ayrıca, xüsusi statusda “piket keçirənləri müşahidə edənlər” olmur. Görürsünüzmü, burada da radikal qruplaşma manipulyasiya etməyə cəhd göstərdi. Görünür, onların məqsədi nəyəsə etiraz bildirmək deyil, haradansa aldıqları tapşırıqları həyata keçirmək idi. Bununla da bir sıra Avropa qurumlarına Azərbaycanın mənfi obrazını təqdim etmək üçün əsas versinlər. Ona görə də hesab edirəm ki, məlum piketin təşkilatçıları bir daha öz iç üzlərini ortaya qoydular. Özlərini “Milli Şura” adlandıran qruplaşmanın əslində radikal qruplaşma olduğu sübuta yetdi. Onunsuz da bu vaxta qədər ölkə ictimaiyyətinin öndə olan simaları onları radikal qurum adlandırırdı. Oktyabrın 8-də keçirilən aksiyaya Azərbaycan ictimaiyyətinin münasibəti birmənalıdır; bu cür yollara əl atmaqla keçirilən tədbirləri biz pisləyirik. Bu yolverilməzdir”.

Siyasət rubrikasından digər xəbərlər