Lənkərana narkomaniya bəlası 1960-cı illərdən ayaq açıb

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt

Vüqar Əliyev: “Bu problem bizə Rusiyadan gəlmədir“

Son dövrlər narkotik maddələrin qanunsuz dövriyyəsi və narkotik bitkilərin qanunsuz kultivasiyası ilə mübarizənin həcmi artsa da, ölkədə narkomaniya problemi hələ də mövcuddur. Bunu ölkənin müxtəlif bölgələrində, o cümlədən cənub regionunda qeydiyyatda olan narkomanların sayı da təsdiqləyir. Lənkəran rayonunda isə bu rəqəm təəssüf hissi doğurur. Adıçəkilən rayonda qeydiyyata düşənlərlə bərabər, qeydiyyata düşməyənlərin sayı bu gün də kifayət qədərdir.

Bu baxımdan da Azərbaycanın cənub bölgəsi epidemioloji cəhətdən ən gərgin bölgə hesab olunur. Burada narkomanların sayı sürətlə artır. Bu dəfə yolumuzu Lənkəran rayonundan salarkən, Lənkəran rayonlararası Narkoloji xəstəxanasının baş həkimi Vüqar Əliyevlə görüşüb, bunun səbəblərini öyrənməyə çalışdıq.

“Bu problem bizə Rusiyadan gəlmədir“

Müsahibimiz bildirdi ki, Lənkəranın adının ölkədə ən çox narkomaniyanın yayıldığı rayon kimi hallandırılması ilə razı deyil: “Lənkəran respublikanın inkişaf etmiş regionlarından biridir. Eyni zamanda, Lənkəran iqtisadi cəhətdən də inkişaf etmiş bir regiondur. Qeyd etmək istərdim ki, rayonda bu problem təxminən 1960-cı illərdə meydana gəlib“. Müsahibimiz qeyd etdi ki, narkomaniya Lənkərana digər ölkədən gəlmə problemdir: “Bəzən bunu sərhəd olduğumuz İranla əlaqələndirməyə çalışırlar. Lakin mən belə deməzdim. Məsələnin tarixi kökünə baxsaq, görərik ki, bu problem bizə Rusiyadan gəlmədir. Hələ qeyd etdiyimiz illərdə tərəvəz, bostan bitkilərinin əkilməsi ilə əlaqədar həmin məhsullar Rusiyanın şəhərlərinə aparılırdı. Bu da bir növ Lənkəran sakinlərinin Rusiyaya axınını təşkil edirdi ki, nəticədə bu problemin özülünün qoyulmasına imkan yarandı. Təbii ki, eyni zamanda istifadəçilərin, narkotika qəbul edənlərin aşkar olunması səviyyəsi yenə də yüksəkdir. Bu səbəbdən də aşkar olunan xəstələrin qeydiyyata götürülməsi günü-gündən artır. Amma bu respublika rayonları arasında birincilik demək deyil. Bəzi mətbuat səhifələrində “Lənkəran narko istifadəçiliklə birinci yerdədir“- kimi fikirlərə rast gəlinir. Mən bununla razılaşmazdım. Lakin etiraf etmək lazımdır ki, Lənkəran mənfi mənada birincilər sırasındadır“.

“Ən yüksək göstərici 1990-cı ildə olub“

Xəstəxananın müdiri onu da vurğuladı ki, 1996-cı ildən xəstəxanada baş həkim vəzifəsini icra edir. O bildirdi ki, ən yüksək göstəricinin 1990-cı ildə özünü büruzə verib: “Bu tarixin ikinci yarısına doğru pik rəqəmlər qeydə alınırdı. 100-lə narkoman qeydiyyata götürülürdü. Amma son dövrlərdə bu artım dinamikası azalıb, desək yanılmarıq. Yəni əvvəlki kimi yüksək templi artım müşahidə olunmur. Həm dövlət tərəfindən, həm də kütləvi informasiya, respublikanın güc orqanları, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları da daxil olmaqla bu kimi digər orqanlar tərəfindən bu problemə ciddi yanaşma var. Davamlı olaraq gedən işlər, adıçəkilən problemin “inkişafında“ yaxşı mənada müəyyən qədər maneələr yardıb“.

“89 narkotik istifadəçisi qeydiyyata alınıb“

Müsahibimizin verdiyi məlumata əsasən, hazırda Lənkəranda 2011-ci ilin arxada qalan 9 ayı ərzində 89 nəfər qeydiyyata götürülüb: “Həmin şəxslər arasında ötən il qeydiyyata götürülməyənlər də var. Buna görə də böyük rəqəm alınıb. Lakin bu rəqəm aşkar olunma səviyyəsinin yüksək formada olması və bu sahədə aparılan işlərin yüksək nəticəsidir. Son dövrlər Səhiyyə Nazirliyi tərəfindən beynəlxalq təşkilatlarla aparılan əməkdaşlıq nəticəsində yeni göstəricilər aşkarlanıb. Hazırda epidemoloji tədbirlər həyata keçirilir. Bu tədbirlər nəticəsində narkomaniyanın doğurduğu fəsadlar aşkar edilir. Bu yolla da narko istifadəçilərin aşkar edilməsi bir qədər də asanlaşır“. V.Əliyevin sözlərinə görə, adıçəkilən xəstəxana epidemoloji mərkəzlə əlaqəli şəkildə işləyirlər: “Bildiyiniz kimi bu kimi istifadəçilər qan vasitəsi ilə bir sıra viruslara da yoluxa bilirlər. Bu baxımdan epidemoloji məkrəzlə də əlaqələrimiz var. Qan müayinə testlərini çalışırıq ki, intensiv aparaq. Bizdə Səhiyyə Nazirliyinin rayonlararası Hiv laboratoriyası fəaliyyət göstərir. Biz ora ilə intensiv formada işləyirik. Həm xəstələrin aşkar olunmasında, eyni zamanda, hiv, virus daşıyıcıların aşkar edilməsində bilavasitə iştirak edir və prosesləri yaxından izləyirik“.
2010-cu ildə səhiyyə nazirinin əmri ilə Lənkəran şəhər narkoloji dispanserinin rayonlararası narkoloji xəstəxanaya çevrilməsindən sonra ətraf rayonların da qeydiyyatının adıçəkilən xəstəxanada aparıldığını söyləyən V.Əliev onu da qeyd etdi ki, xəstəxananın bir sıra problemləri də mövcuddur: “Xəstəxananın 20 çarpayılıq stosional şöbəsi var. Həmin dispanser Lənkəran rayonu Haftonu qəsəbəsində yerləşir. Anbalator şöbəsi isə şəhər mərkəzindədir. Rayonda bu sahədə mübarizə tədbirləri geniş formada həyata keçirilir. Təbii ki, daim çətinliklər mövcuddur. Belə ki, həmin xəstələr sosial təhlükəli xəstələrdir. Həmçinin adıçəkilən xəstələr risk qrupuna aid olan xəstələr olduğu üçün hepatit və bu kimi viruslara yoluxmağa məruz qalırlar. Ona görə də mübarizə tədbirlərinə çox ciddi şəkildə aparılır“.
Xəstəxananın müdiri hər ilin əvvəlində görülən işlərlə bağlı iş planı hazırlandığını da söylədi: “Qeyd olunan iş planı mərkəzi rayon xəstəxanasının rəhbərliyi tərəfindən təsdiq edilir. Eyni zamanda, rayon icra hakimiyyətində narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə komissiyası da fəaliyyət göstərir. Həmin komissiya ilə də biz sıx əlaqələr saxlayırıq. Bundan başqa, biz çalışırıq ki, rayonda fəaliyyət göstərən televiziya və qəzetlər vasitəsi ilə də cəmiyyəti məlumatlandıraq. Yeni gələn xəstələr ağır formada olur. Müəyyən müddət keçdikdən sonra xəstələrin vəziyyəti yüngülləşir“. Müalicənin müddətinin 14-21 gün olduğunu bildirən həkim onu da vurğuladı ki, xəstələri həmin müddətdə müalicəyə cəlb etmək bir qədər çətin olur: “Buna baxmayaraq, bəzən istədiyimiz nəticələrə nail ola bilmirik. Belə ki, bu formada xəstələr digərlərindən fərqli olaraq müalicəyə çətin tabe olurlar. Bu xətələrdə psixi asılılıq olduğundan bəzən bir müddət sonra onlar yenidən narkotikadan istifadə edirlər“. O bildirdi ki, bu kimi xəstələr yaxşı olardı ki, yüksək səviyyədə şəraitlə təmin olunsunlar: “Xəstəxanaların trinajor zalları,yaxşı kamfortla təmin olunması və əvəzedici dərmanların verilməsi bu kimi xəstələrin sağalma ehtimalını daha da artırar. Bir mütəxəssis kimi deyə bilərəm ki, müalicə ilə bərabər, onları həyata qaytaran yaxşı əhval-ruhiyyəyə də möhtacdırlar. Bu kimi xəstələrin istərdik ki, texniki təminatları olsun“.
Pərvin İsmayılova,
Bakı-Lənkəran-Bakı