2 aprel məhbuslarının birinin cəzası azaldılıb

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
Bakı Apelyasiya Məhkəməsində 2 aprel məhbusları - AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Elnur İsrafilov, Müsavat fəalı Elşən Həsənovun şikayətinə baxılıb. Oktyabrın 18-də məhkəmə xəstəliyini nəzərə alaraq Elşən Həsənovun cəzasını 1 il azaldıb. Sahib Kərimov və Zülfüqar Eyvazlının üzərindən özgənin əmlakını qəsdən məhvetmə və ya zədələmə ittihamı götürülüb. Məhkəmənin qərarı ilə Elnur İsrafilov və Arif Alışlı dəymiş ziyana görə 1325 manat cərimələniblər. Avqustun 25-də Səbail Rayon Məhkəməsi Arif Alışlını 3 il, Elnur İsrafilovu 2 il 6 ay, Sahib Kərimov və Elşən Həsənovu 2 il, Zülfüqar Eyvazlı və Babək Həsənovu 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. Bakı Şəhər Prokurorluğu bu işin istintaqını Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhvetmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə aparıb. 14 aksiyaçı cinayət məsuliyyətinə cəlb olunub. Onların 13-nə azadlıqdan məhrumetmə, 1-nə şərti həbs cəzası verilib.
Əli

Oxunma sayı 121