Misir Mərdanovun 2 müavin yeri hələ boşdur

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt

Keçmiş müavinlərin isə adları nazirliyin kollegiya üzvləri siyahısından çıxarılmayıb

Bir aydan çoxdur ki, təhsil nazirinin iki müavininin postu boşdur. Belə ki, ölkə prezidentinin sərəncamı ilə eyni vaxtda sabiq müavinlər İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova tutduqları vəzifələrdən azad edilsələr də, yalnız Elmar Qasımovun yerinə nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov təyinat alıb.
Maraqlıdır ki, indiyədək hətta sabiq müavinlər Təhsil Nazirliyinin kollegiya üzvlüyündən də çıxarılmayıblar. Təhsil Nazirliyindən bununla bağlı bizə bildirdilər ki, sabiq nazir müavinlərinin kollegiya üzvlüyündən çıxarılması Nazirlər Kabinetinin qərarı ilə həll olunacaq.
Nazirlikdən o da bildirildi ki, vəzifələrini itirən sabiq nazir müavinlərinin kollegiya üzvləri kimi qalması müvəqqəti haldır və tezliklə Nazirlər Kabineti bununla bağlı qərar verəcək, yəni Təhsil Nazirliyinin kollegiyası tərkibi dəyişdirilməklə yenidən təsdiqlənəcək.
Xatırladaq ki, Təhsil Nazirliyinin 13 kollegiya üzvü var. Bunlar kollegiya sədri, nazir Misir Mərdanov, Naxçıvan MR təhsil naziri Piri Nağıyev, sabiq nazir müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov, İradə Hüseynova, Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov, nazirliyin strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Neft Akademiyasının rektoru Siyavuş Qarayev, Pedaqojı Universitetin rektoru Yusif Məmmədov, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevadır.
Boş müavin postlarına təyinatın nə vaxt gözlənildiyinə gəlincə, nazirlikdə bu barədə hələ danışmaq istəmirlər: “Bu ölkə başçısının səlahiyyətində olan bir məsələdir. Buna görə də hansısa fikir söyləyə bilmərik“.
Xatırladaq ki, nazir müavini postuna iddialılar sırasında nazirliyin strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirovun adı daha çox hallanır.
Sevinc

Oxunma sayı 352