Moskvanın Qarabağ planı - Lavrovun yanaşması o deməkdir ki…

11:43 19.01.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 9-da imzalanmış üçtərəfli bəyanat əsasında Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi həmin tarixdən keçən iki aydan artıq müddətdə yeni müzakirələrin əsasını qoydu.

Azərbaycan Ordusunun 30 illik işğala son qoyduğu Vətən Müharibəsindəki zəfərinə kölgə salmağa çalışan bir sıra qüvvələr Dağlıq Qarabağın bundan sonra Rusiyanın tərkibinə birləşdiriləcəyi, hətta gələcəkdə Moskva tərəfindən artıq tarixə qovuşmuş qondarma rejimin müstəqilliyinin tanınacağına dair iddialar ortaya atıb. Artıq bu iddialar ətrafında tərəflərin psixoloji müharibə apardığını da söyləyə bilərik.

Dünən Rusiyanın xarici işlər nazirinin ənənəvi mətbuat konfransında Sergey Lavrov, nəhayət, bu iddialarla bağlı ölkəsinin mövqeyini ortaya qoydu. Rusiyanın baş diplomatının sözlərinə görə, Dağlıq Qarabağın müstəqilliyini heç kim tanımayıb, o cümlədən Ermənistan özü tanımayıb.

“Dağlıq Qarabağın Rusiyanın tərkibinə daxil olması ilə bağlı ekzotik suala gəldikdə isə deyim ki, Dağlıq Qarabağın müstəqilliyi heç kim tərəfindən tanınmır, o cümlədən Ermənistan tərəfindən tanınmır. Bizim isə buna yaxın fikrimiz belə yoxdur", - deyə Rusiya XİN başçısı erməni jurnalistin təxribatçı sualını cavablandırarkən deyib. O, Rusiyanın Dağlıq Qarabağı öz tərkibinə qatmaq niyyətində olmadığını da bildirib.

"Hesab edirik ki, bu regionun bütün məsələləri burada yerləşən ölkələr tərəfindən, ilk növbədə, Azərbaycan və Ermənistan arasında həll olunmalıdır. Biz bu cür həll yolunu tapmağa yardım etməyə davam edəcəyik. Hansı ki, bu həll regionda sülhü və təhlükəsizliyi, ən əsas da burada hər zaman yaşayan insanların təhlükəsizliyini təmin edəcək”, - deyə S. Lavrov qeyd edib.

Lavrov erməni siyasətçilərə xəbərdarlıq da edib: “Erməni rəsmilərinin Qarabağla bağlı olduqca siyasiləşmiş bəyanatlar verməsi yəqin ki, gərginlik yaradır. Hesab edirəm ki, bu cür bəyanatlar verməkdən qaçmaq daha yaxşı olar”, - Rusiyanın XİN başçısı bildirib.

Rusiyalı nazir vurğulayıb ki, biz artıq 44 günlük müharibə başlanana qədər bu cür bəyanatların şahidi olmuşuq: “Qarabağda və ya Qarabağ haqqında “Yeni müharibə, yeni ərazilər” kimi emosional bəyanatların şahidi olmuşuq. Şahidi olmuşuq ki, sözlər material qüvvəyə çevrilir. Biz indi Azərbaycan və Ermənistan rəhbərliyi arasında təmasların qurulmasına, tərəflər arasında etimad mühitinin yaranmasına diqqət yönəldirik. Bu, 11 yanvar Moskva görüşünün əsas məsələlərdən biri idi. Ümid edirəm ki, emosiyalar indi ikinci plana keçirilməlidir. İndi həm də Dağlıq Qarabağın statusunun prioritet məsələ kimi irəli sürülməsi üçün uyğun vaxt deyil. Sizə zəmanət verirəm ki, Rusiya sülhməramlılarının cavabdehlik daşıdığı zona, praktiki planda məhz Dağlıq Qarabağın statusu hazırda bu cür müəyyən olunub. Bu forma həm Azərbaycan, həm də Ermənistan tərəfinin maraqlarını təmin edəcək”.

Bəs ekspertlər bu barədə nə düşünür?

Politoloq Zaur İbrahimli hafta.az-a bildirib ki, Rusiya XİN başçısı Sergey Lavrovun Rusiya sülhməramlıları, Qarabağ bölgəsində yaşayan ermənilərin Ermənistanla əlaqələri barədə son açıqlamaları Moskvanın çoxdan bizə bəlli olan baxışını ortaya qoyur. Politoloq bildirib ki,  Moskva bu məsələlərlə bağlı son günlərə qədər susmağa üstünlük verirdi, Azərbaycan cəmiyyəti və ekspertlərinin irəli sürdüyü suallar cavabsız qaldırdı.

“Nəhayət, Lavrov danışdı və Moskvanın Laçın dəhlizinə nəzarəti özündə saxlamaq, Qarabağ ermənilərinin Ermənistanla əlaqələrini isə Azərbaycanın nəzarətinə verməmək məqsədi açıq bəyan edildi. Azərbaycan cəmiyyəti, ekspert icması, ictimai-siyasi xadimlər, millət vəkilləri, ziyalılar bu məsələləri qaldırırdılar və Rusiya sülhməramlılarının 10 noyabr Moskva bəyanatı ilə şərtlənən mandatdan kənara çıxdığını israrla vurğulayırdılar. Bununla Azərbaycan cəmiyyətinin mövqeyi, narahtlığı kifayət qədər aydın, qəti şəkildə vurğulandı və Kremldə bunun fərqində olmaya bilməzlər. Bununla belə, Lavrov faktiki olaraq Rusiyanın Qarabağ ermənilərinin hamisi olacağını açıq bəyan etməkdən çəkinmədi. Bu mövqe Rusiya Prezidneti Vladimir Putinin dəfələrlə təkrarladığı “Qarabağ Azərbaycan ərazisidir” mövqeyi ilə ziddiyyət təşkil edir. Lavrov diplomtik ibarələrlə pərdələməyə çalışsa da onun yanaşması o deməkdir ki, Azərbaycan Qarabağla bağlı suveren hüquqlarının bir qismini güzəştə getməlidir. Bu, Azərbaycan üçün qəbuledilməz variantdır. Qəti mövqe Azərbaycan Prezidenti tərəfindən bəyan edilib, Bakının bu mövqeyi Türkiyə tərəfindən birmənalı dəstəklənir. Bu baxımdan Lavrovun açıqlamalarının qeyd-şərtsiz de-yure və de-fakto hələ reallıq olacağı demək deyil. Bu, Moskvanın niyyətidir”.

Z.İbrahimli bildirib ki,  Lavrov brifinqdə “Rusiyanın Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur” desə də, həmçinin əlavə edib ki, Qarabağ Rusiya sülhməramlıların məsuliyyət bölgəsidir. Daha sonra əlavə edib ki, davamlı sülh üçün Moskva kömək göstərəcək.

“Bütün bunlar Rusiyanın indiki halda yuxarıda qeyd etdiyim niyyətinə xidmət edir. Azərbaycanın suverenliyinin bir qismini humanitar məqsədlər üçün güzştə getsin. Yəni Laçın dəhlizinə, giriş-çıxışa, hərəkətə nəzarət edə bilməsin, qərar verə bilməsin. Qarabağ bölgəsində hər hansı addım rusların icazəsi, yaxud onlarla razılaşdırmaqla, onların nəzarəti ilə olsun. Qarabağ ermənilərinin Ermənistanla müstəqil, Azərbaycanın nəzarətindən kənar əlaqələri davam etsin və Bakının bu məsələlərdə söz haqqı olmasın. Bütün bunlar gerçəkləşəcəksə, onda Qarabağ erməniləri üçün ruslar faktiki olaraq xüsusi bir status, imtiyaz təmin etmiş olurlar. Ən pisi budur ki, bunu uzunmüddətli bir strategiya olaraq görürlər, onların təbrincə desək davamlı sülhün şərti kimi nəzərdə tuturlar. Bu, Azərbaycanın milli maraqlarına ziddir, həmçinin milli təhlükəsizliyinə təhdiddir. Aydındır ki, müharibə yaraları, xüsusən ermənilərin vəhişilikləri ilə bağlı elə vəziyyət yaranıb ki, yaxın vaxtlarda Xankəndində erməni və azərbaynalı qonşular kimi yaşaması, yaxud birgəyaşayışını təmin emtək çətindir. Bu bütün tərəflər üçün aksiomadır. Bu o demək deyil ki,  ərazi Azərbaycanın suverenliyindən kənarda qalmalıdır”.

Politoloq hesab edir ki, Azərbaycan üçün hərbi əməliyyatlar qədər çətin dövr başlayıb. Onun fikrincə, bu 44 günlük zəfərlə başa çatan Vətən Müharibəsinin nəticələrinin qorunub saxlanması, inkişaf etdirilməsidir.

“Azərbaycanın ən böyük güzəşti 10 noyabda Xankəndinin astanasında hücum əməliyyatlarını dayandırması oldu. Bu güzəşt müqabilində Azərbaycandan suverenliyin bir qismini güzəştə getməyi gözləmək ağılsız bir yanaşmadır. Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalı, cəmiyyətimiz birliyini, həmrəyliyini qorumalıdır.  Rəsmi Bakı sülhmərmalı qüvvlərin status məsələsində qətiyyətini qorumalıdır. Bunu şərtləndirən, güc verən xalq iradəsi, birliyi də aşkardır. Rusiya cənub cinahında sabit, dost, müttəfiq ölkə görmək istəyirsə, bu iradə ilə hesablaşmaq məcburiyyətində qalacaq. Yalnız biz bir, həmrəy olmalıyıq və sayıqlığı itirməməliyik. Azərbaycan həmçinin əlverişli beynəlxalq konyukturdan da faydalanmalıdır, Rus sülhmərmalıları özlərini işğal qoşunu kimi aparacaqsa, bunu bütün dünyaya çəkinmədən bildirməliyik.

Bu arada Rusiyalı diplomatın erməni siyasilərə xəbərdarlıqlarına baxmayaraq, İrəvanda hələ də qisasçıruhlu və sıravi vətəndaşları təxribatlara sürükləyəcək bəyanatların ardı-arası kəsilmir. Belə ki, Ermənistan parlamentinin müstəqil deputatı Sergey Baqratyan Azərbaycanla sərhədyanı zonada məskunlaşan ermənilərin döyüş silahları ilə silahlandırılmasını təklif edib:  

"Yaxın günlərdə bu məsələ ilə bağlı qanun layihəsini parlamentə təqdim edəcəyəm. Sərhəddə yaxın ərazilərdəki vətəndaşlar müvafiq döyüş hazırlığı keçməli, minimum mövcud psixoloji gərginliyin öhdəsindən gəlməlidirlər".

Qeyd edək ki, başda Ermənistan ombudsmanı və Paşinyana müxalif qüvvələrin rəhbərləri olmaqla hər fürsətdə Azərbaycandan qisas alınacağına eyham vurur, üçtərəfli bəyanatların reallaşması perspektivlərini heçə endirmək üçün əllərindən gələni edirlər. 

Oxunma sayı 317
Siyasət rubrikasından digər xəbərlər