MSK Hüseynbala Mirələmovun seçildiyi dairənin də nəticələrini ləğv etdi - YENİLƏNİB

17:35 13.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Fuad Abbasovun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

MSK üzvü bildirib ki, 21 seçki məntəqəsi üzrə pozuntular aşkar edilib:

“Ümumilikdə məntqələrin sayı isə 40-dır”

İclasda həmin dairənin 21 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. Beləliklə, həmin dairə üzrə nəticələr ləğv olunub.

***

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən icasında 74 saylı Lənkəran seçki dairəsi üzrə seçkilərin nəticələrini ləğv edib.

Hafta.az-ın məlumatına görə, iclasda bildirilib ki, həmin dairədən namizəd olan bir neçə nəfər MSK-ya müraciət edərək həmin dairədə seçki qanunvericiliyinin pozulduğunu bildirib və həmin dairə üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını xahiş ediblər. İclasda bildirilib ki, MSK tərəfindən aparılan araşdırmalar nəticəsində iddialar öz təsdiqini tapıb və bir neçə məntəqədə seçkilərin iradəsini müəyyən etməyə imkan verməyən pozuntular baş verib və bunlar seçkilərin nəticələrini ləğv etməyə hüquqi əsaslar yaradıb. Təklif səsə qoyularaq 74 saylı Lənkəran seçki dairəsi üzrə seçkilərin nəticələri ləğv edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Hadı Rəcəblidir.

***

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 35 saylı Xətai Üçüncü Seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə və onun səlahiyyətli nümayəndəsi Rəfail Tağızadənin şikayətinə baxılıb.

Bu barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O bildirib ki, Ekspert Qrupu tərəfindən aparılan araşdırmadan sonra məlum olub ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin bütün seçki məntəqələrində qanunvericiliyin tələbləri pozulub: “Həmin pozuntular səsvermənin keçirilməsi və səsvermənin nəticələrini müəyyən edərkən seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Burada seçicilərin iradəsini yenidən müəyyən etmək mümkün deyilsə, səslərin yenidən sayılması üçün əsas yoxdur”.

İbrahimov vurğulayıb ki, 33 seçki məntəqəsinin 30-da qanun pozuntuları baş verib: “Müraciətdə qeyd olunan bütün məntəqələrdə olan qanun pozuntuları araşdırma zamanı da ortaya çıxıb”.

İclasda həmin Seçki Dairəsi üzrə seçkinin nəticələrinin etibarsız hesab edilməsi təklif olunub.

MSK üzvü qeyd edib ki, müraciət qismən təmin edilsin, 30 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunsun, həmin seçki dairəsi üzrə seçkinin nəticələri etibarsız sayılsın.

Məsələ müzakirəyə çıxarılıb və 35 saylı Xətai Üçüncü Seçki Dairəsində nəticələr ləğv olunub.

Qeyd edək ki, bu dairənin lider namizədi Rauf Arifoğludur (Abbasov).

Xatırladaq ki, bu gün MSK 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələrini ləğv edib.

 

***

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Hikmət Şirinov, Rasim Əmiraslanov və digər namizədlərin şikayətlərinə baxılıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova məlumat verib.

Muxtarova bildirib ki, bəzi seçki məntəqələrində seçki bülletenləri əvvəlcədən kəsilib, barmaqlar rənglənməyib, müşahidəçilərin səsvermənin hesablanması prosesində iştirakına maneələr yaradılıb:

“Araşdırma zamanı məlum olub ki, 49 protokolun 11-də səsvermənin nəticələri seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Qutudan çıxan bülletenlərin sayı ilə seçicilərin sayı uyğun gəlmir. Ekspert qrupu araşdırandan sonra belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız sayılsın”.

***

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün parlament seçkiləri ilə bağlı iclas keçirir.

Hafta.az-ın məlumatına görə, iclasda seçkilərlə bağlı müraciətlərə, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının hesabatına baxılır.

Siyasət rubrikasından digər xəbərlər